Məhkəmə qərarları › İş №e-2(125)-6127/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6127/2025

13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6127/2025 13.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlu, İddiaçı cavabdeh X3 qarşı «pul» tələbi barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC X3 qarşı xx.xx.2025-cü il tarixli, ********** nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 283,23 manat, cərimə qismində 28,32 manat, İnnovativ Layihələr mərkəzinə ödənilmiş rüsumun əvəzi qismində 23.60 məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-cü il tarixli, ********** nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, X4 İddiaçı MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə “Xiaomi Redmi 14C”, qızıl zəmanət Ultra 2 xidmətini 347.99 manata İddiaçı MMC-dən almışdır. İşdə olan X3 İddiaçı MMC-yə borcu barədə 24 sentyabr 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, X2 hazırda iddiaçıya olan borcu xx.xx.2025-cü il tarixli, ********** nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 283,23 manat, cərimə qismində 28,32 manat, İnnovativ Layihələr Mərkəzinin rüsumuna görə 23,6 manat olmaqla, cəmi 335,15 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, X3 borcu könüllü ödəməsi barədə İddiaçı MMC tərəfindən xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərindən yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfərlələ istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təkif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Həmin Məcəllənin 419.2-ci maddəsinə görə müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Bu baxımdan Məhkəməyə təqdim edilmiş xx.xx.2025-cü il tarixli, ********** nömrəli müqavilənin həmin tarixli əlavəsindən görünür ki, “Xiaomi Redmi 14C markalı mobil telefonunun qiyməti 289.99 manat və qızıl zəmanaət xidmətini qiyməti 58 manat olmaqla ümumilikdə alqı-satqının qiyməti 347.99 manatdır. Lakin həmin əlavə müqavilədə ümumi borcun qiyməti 382 manat olması qeyd olunmuşdur. Göründüyü kimi alqı-satqı müqaviləsinin predmeti olan əmlakın qiyməti ilə ödənilməli məbləğ arasında uyğunsuzluq mövcuddur. (ümumu borc 347.99 manat qeyd olmaq əvəzinə 382 manat qeyd edilmişdir) Buna görə də həmin uyğunsuzluq onun müqaviləyə daxil edilməsini təklif etmiş İddiaçı MMC-nin əleyhinə təfsir edilməli, alqı-satqının ümumi qiyməti 347.99 manat kimi qəbul edilməli, həmin borcdan əsas borc kimi 98.73 manat ödənişin həyata keçirilməsini nəzərə alaraq müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 249.26 manat məbləğində pul vəsaiti X1 İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia həmin müqavilə üzrə göstərilən məbləğlə ehtiva olunmayan əsas borcun tutulmasına dair hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq xx.xx.2025-cü il tarixli, ********** nömrəli müqavilə üzrə 23,60 manat cərimə məbləğinin 2 (iki) manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2025-cü il tarixli, ********** nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 249.26 manat, cərimə qismində 2 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, İddiaçı MMC İnnovativ Layihələr mərkəzinə ödənilmiş rüsumun əvəzi qismində 23 (iyirmi üç) manat 60 (altmış) qəpik məbləğində pul vəsaitinin cavabdehdən tutularaq xeyrinə ödənilməsini tələb etsə də bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. X1 İddiaçı xeyrinə xx.xx.2025-cü il tarixli, ********** nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 249.26 manat, cərimə qismində 2 manat, cəmi 251 (iki yüz əlli bir) manat 26 (iyirmi altı) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar