Məhkəmə qərarları › İş №e-2(125)-6223/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6223/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6223/2025 11.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 06 yanvar 2025-ci il tarixli, MAS-6426 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 28 aprel 2025-ci il tarixə 273,74 manat gecikdirilmiş əsas və həmin günə hesablanmış 341,90 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1086,46 manat, ümumilikdə 1702,10 manat və ödənilmiş 131,98 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə verərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 yanvar 2025-ci il tarixli, MAS-6426 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 13995 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 18% mükafat məbləği hesablanmaqla 38 aylıq müddətə hər ay sabit məbləğ olmaqla, 485,85 manat, ümumilikdə isə 18462 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18462 manatın 13995 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil 28 aprel 2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1086,46 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-6426 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 28 aprel 2025-ci il tarixə ümumilikdə 615,64 manat məbləğində gecikmə borcu yaranmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, avtomobilə iddiaçının qeyd etdiyi məbləğdə zərər dəyməmişdir. Maşın onun istifadəsində olduğu dövrdə etibarnamə ilə idarə etməsi üçün başqasına vermiş, o isə arxa stop işığını qırmışdır. Ancaq maşının arxa buferini təzə qoydurmuş, rənglənməsinə heç bir ehtiyac olmamışdır. Zərər məbləğinin həddindən artıq çox yazıldığını göstərərək, iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki işin materiallarında olan:- xx.xx.2021-ci il tarixli, BB124668 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar SD” minik markalı, **-PC-*** qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. xx.xx.2025-ci il tarixli, MAS-6426 nömrəli daxili lizinq müqaviləsi və ona əlavədən görünür ki, 13995 manat dəyərində, “Khazar SD” minik markalı, NVAW01HHFME323278 ban nömrəli, ağ rəngli avtomobil muzdla lizinq alan Cavabdeh müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Lizinq alan Cavabdeh müəyyənləşdirilmiş dövriliklə illik 18% hesablanmaqla 38 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 485,85 manat, sonuncu ayda isə 485,98 manat olmaqla, ümumilikdə 18462 manat muzd ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar SD” minik markalı, **- PC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli, 1269 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, MAS-6426 saylı daxili lizinq müqaviləsinə əsasən iddiaçıya 28 aprel 2025-ci il tarixə 273,74 manat gecikdirilmiş əsas və 341,90 manat cərimə olmaqla, cəmi 615,64 manat borcu vardır. “X2” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qüsur aktının surətindən görünür ki, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 1086,46 manat müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin izahatını, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizin verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. MM-in 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. MM-in 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2025-ci il tarixli, MAS-6426 nömrəli daxili lizinq müqaviləsi bağlanmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixli, MAS-6426 nömrəli daxili lizinq müqaviləsindən irəli gələn bütün öhdəlikləri tam həcmdə öz üzərinə götürmüş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini onun maddi vəziyyətinin ağırlaşmasına səbəb olacağını nəzərə alaraq hesab edir ki, 341,90 manat cərimə məbləği azaldılaraq, 41,90 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli, MAS-6426 nömrəli daxili lizinq müqaviləsi üzrə 273,74 manat gecikdirilmiş əsas məbləğ, 41,90 manat cərimə, avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 1086,46 manat olmaqla, cəmi 1402,10 manat pul alınaraq İddiaçı MMC-nin xeyrinə verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 34,02 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, MAS-6426 nömrəli daxili lizinq müqaviləsi üzrə 273,74 manat gecikdirilmiş əsas məbləğ, 41,90 manat cərimə, avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 1086,46 manat olmaqla, cəmi 1402,10 (bir min dörd yüz iki manat 10 qəpik) manat və 34,02 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar