Məhkəmə qərarları › İş №e-2(125)-6306/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6306/2025

12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6306/2025 12.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya hüququ ilə əlaqədar pul» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, 516 manat məbləğində pulun və 30 ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən PQA ********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Honda CRV” markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunarkən xx.xx.2019-cu il tarixdə Gəncə şəhər, S.Əliyev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 21061” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “VAZ 21061” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə 516(beş yüz on altı) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Gəncə şəhər DYPŞ-nin İnzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. AR DİN Baş X1 İdarəsinin Cəmiyyətə təqdim etdiyi xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, DİN-in Baş DYPİ-nin Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək müddətə etibarlı BC kateqoriyalı AC 657405 nömrəli sürücülük vəsiqəsi saat 12:42-də verilmişdir. Lakin sözügedən yol-nəqliyyat hadisəsi xx.xx.2019-cu il saat 10:35-də baş vermişdir. Göründüyü kimi həmin yol-nəqliyyat hadisəsi zamanı cavabdehin sürücülük vəsiqəsi olmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında cavabdeh bildirdi ki, hadisə başqa verən günü o, sürücülük vəsiqəsini dəyişmək üçün X1 İdarəsinə gerdirmiş. Yanacağı azaldığı üçün yanacaq doldurma məntəqəsinə daxil olmuş, ordan çıxarkən dönmə əməliyyatı zamanı digər nəqliyyat vasitəsi onu vurub. Həmin avtomobilin sürücüsünün sığortası, olmadığından hadisə üzrə təqsirkarın onun kimi qeyd edilməsinə etiraz etməyib. Hadisədən sonra X1 İdarəsinə yaxınlaşaraq sürücülük vəsiqəsini dəyişdirmişdir. Hazır ki, iddia tələbini qəbul etmədiyini bildirərərk, əlavə olaraq qeyd etdi ki, onun sürücülük vəsiqəsinin bitməsi sürücülük hüququnun olmaması anlamına gəlmir, o, kifayət qədər peşakar sürücüdür, bu səbəbdən də iddia tələbi əsassızdır. Həmçinin məhkəməyə ərizə təqdim edərək, iş üzrə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən işdə iştirak edə bilməyəcəyini bildirmiş, işə iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2029-cu il tarixli AC 657405 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək müddətə etibarlı BC kateqoriyalı AC 657405 nömrəli sürücülük vəsiqəsi verilmişdir. 16 sentyabr 2019-cu il tarixli, 3418/2019 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Cavabdeh hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. AR DİN Baş X1 İdarəsinin Cəmiyyətə təqdim etdiyi xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, DİN-in Baş DYPİ-nin Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək müddətə etibarlı BC kateqoriyalı AC 657405 nömrəli sürücülük vəsiqəsi saat 12:42-də verilmişdir. 26 may 2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh 516 manat məbləğində borcu 7 iş günü ərzində qaytarması, əks halda məhkəməyə veriləcəyi barədə xəbərdarlıq edilmişdir. DİN Baş X1 İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaş Cavabdeh xx.xx.2019-cu il tarixli AC 657405 nömrəli sürücülük vəsiqəsindən əvvəl verilmiş, xx.xx.2008-ci il tarixli AB 117799 nömrəli sürücülük vəsiqəsinin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanı Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 25.1.3 İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu: “Maddə 79-1-ci maddəsinə əsasən Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2014-cü il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair qərarı; “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. “Yol hərəkəti haqqında” Qanunun qeyd olunan normasında nəqliyyat vasitələrini idarəetmə hüququnun əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən olunmuşdur və bu Qanuna uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab edilməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, ilk növbədə, hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi ehtiva edir. Bununla yanaşı, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin V hissəsində fiziki şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasından bəhs olunur. Belə ki, həmin normaya əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 1) şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — sürücülük vəsiqəsi dəyişdirilənədək; 2) şəxs tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan müddətin qurtarmasınadək; 3) şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki qüsurlar müəyyən edilərsə — xəstəlik müalicə olunanadək və ya fiziki qüsur aradan qaldırılanadək. Beləliklə, qanunverici şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasının üç şərtini müəyyən etmişdir: sürücülük vəsiqəsinin etibarlıq müddətinin bitməsi; yol hərəkəti qaydalarının bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulması; şəxsdə xəstəliklərin və ya fiziki qüsurların müəyyən edilməsi. Sürücülük vəsiqəsinin etibarlıq müddəti “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsində göstərilmişdir. Həmin maddənin V hissəsinə görə sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimidir: 1) 60 yaşına çatmamış şəxslər üçün — 10 il; 2) 60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət; 3) 70 və daha çox yaşı olan şəxslər üçün — 2 il; 4) siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət. Həmin Qanunun 35-ci maddəsinə görə isə sürücülük vəsiqəsinin etibarlıq müddətinin qurtarması onun dəyişdirilməsini tələb edir. Sürücülük vəsiqəsinin etibarlıq müddətinin qurtarması fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququnu məhdudlaşdırır. (“Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin V hissəsinin 1-ci bəndi). Belə olan halda Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, həmçinin hadisə törədilən zaman sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarmış şəxsi ehtiva edir. Sübutların tədqiqi və Məhkəmənin iş üzrə mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan mötəbər sübutetmə vasitələri ilə müəyyən edilir ki, Cavabdeh sürücülük hüququ olmadan “Honda CRV” markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2019-cu il tarixdə Gəncə şəhər, S.Əliyev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 21061” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Baş vermiş hadisə ilə bağlı Cavabdeh inzibati xəta törətməkdə təqsirli bilinmiş və inzibatı qaydada məsuliyyətə cəlb edilmişdir. “VAZ 21061” markalı ** BX ***dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Qala Sığorta” ASC tərərfindən 516 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli AC 657405 nömrəli sürücülük vəsiqəsindən əvvəl verilmiş, xx.xx.2008-ci il tarixli AB 117799 nömrəli sürücülük vəsiqəsinin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Yeni sürücülük vəsiqəsi isə hadisə baş verəndən sonra əldə edilmişdir. Yəni hadisə baş verən vaxt Cavabdeh sürücülük vəsiqəsinin müddəti artıq 1 ildən çoxdur ki, bitmiş olur. Belə olan halda sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən idarə edilmişdir. Cavabdehin hadisə törədilən zaman sürücülük vəsiqəsinin etibarlıq müddətinin qurtarmasının, onun sürücülük hüququ olmayan şəxs hesab olunması ilə razılaşmaması dəlilinə münasibtədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2014-cü il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair qərarında qeyd edildiyi kimi, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinə əsasən hadisə törədilən zaman sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarmış şəxs sürücülük hüququ olmayan şəxs hesab olunur. Belə olan, halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun yuxarıda qeyd edilən normalarının tələbləri baxımından məhkəmə qeyd edir ki, "xxxx" ASC tərəfindən irəli sürülən, cəmi 516 manat məbləğində sığorta ödənişinin Cavabdeh subroqasiya qaydasında geri alınması barədə iddia tələbi qanuni və əsaslıdır, ona görə də təmin olunmalıdır. Bundan başqa Cavabdeh Məhkəməyə ərizə təqdim edərək, iş üzrə iddia müddətinin tətbiqini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsasladırılmışdır ki, iddia ərizəsi hadisənin baş verdiyi tarixdən 6 il 1 ay keçdikdən sonra məhkəməyə təqdim edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, məlum olduğu kimi, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkə hesab edir ki, hazır ki, iş üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, yol nəqliyyat hadisəsi xx.xx.2019-cu il tarixdə baş vermiş, iddia ərizəsi isə xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Ali Məhkəmə tərəfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğun hüquqi mövqeyi xatırladaraq məhkəmə qeyd edir ki, qanunda ayrı-ayrı tələblər üçün xüsusi iddia müddətləri nəzərdə tutulsa da subroqasiya tələbi üzrə iddia müddəti on il təşkil edir. Belə ki, Ali Məhkəmənin 3 ulduzla işarələnmiş, xx.xx.2024-cü il tarixli 2(102)- 46/2024 saylı qərarında qeyd edilir ki, subroqasiya tələbi üzrə iddia müddətinin axımı sığorta ödənişinin verildiyi andan hesablansa da, bu müddət mülki hüquq pozuntusunun (deliktin) törədildiyi tarixdən keçən on illik ümumi iddia müddətindən artıq ola bilməz. (qeyd edilən qərarın 65-ci bəndi) Bundan başqa, iş materiallarından müəyyən edilir ki, hazır kı iddianın qaldırılması üçün iddiaçı "xxxx" ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsaslanan məhkəmə hesab edir ki, iddia tələbi tam şəkildə təmin edildiyindən iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh alınıb "xxxx" ASC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh subroqasiya hüququ ilə əlaqədar 516 (beş yüz on altı) manat pul və dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul olmaqla ümumilikdə 546 (beş yüz qırx altı) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar