Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6310/2023 12.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1 İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «nisyə alğı-satqı müqaviləsi üzrə pulun ödənilməsi» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "xxxx" MMC-nin xeyrinə 628 manat əsas borc, 63 manat cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 29 iyun 2022-ci il tarixli R0046973 nömrəli alğı-satqı müqaviləsinə əsasən cavabdeh "xxxx" mağazasından alğı-satqı qiyməti 2699 manat olan «İphone 13 Pro 128» markalı telefon almışdır. Borclu aldığı əşyaya görə 1000 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 1699 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 1071 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi, xx.xx.2023-cü il tarixdə isə yazılı xəbərdarlıq edilmişdir. Lakin borclu yenə də borc öhdəliyinin icrasına dair heç bir addım atmamışdır. Müqavilənin 1.3-cü bəndinə əsasən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faiz həcmində cərimə ödənilməsi tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2022-ci il tarixli R0046973 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC cavabdehə dəyəri 2699 manat olan «İphone 13 Pro 128» markalı telefon üçün 1000 manat ilkin ödəniş etməklə qalıq 1669 manat məbləği ayda 142 manat, sonuncu ay 137 manat olmaqla, 12 ay müddətinə ödəmək şərti ilə satmışdır. Müqavilənin 1.3-cü bəndinə əsasən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə ödənilməsi tələb edilə bilər. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 29 iyun 2022-ci il tarixli müqavilə üzrə 628 manat əsas borc və 63 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 614.1-ci maddəsinə əsasən pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. 622.3-cü maddəsinə əsasən malların pərakəndə nisyə alğı-satqısı müqavilələrinə, o cümlədən alıcı tərəfindən malların hissə-hissə ödənilməsi şərti ilə bağlanmış müqavilələrə bu Məcəllənin 600.5-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilməməlidir. Tərəflər arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə-alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə öhdəliyini icra edərək satılmış əşyanı alıcıya təhvil vermişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca icra etmədiyindən iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanın dəyərinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə 63 manat dəbbə pulu tələb etmişdir. Cavabdehin müqavilə üzrə gecikdirdiyi məbləğ və müddətlər nəzərə alınmaqla gecikdirilən hər günə görə gecikdirilən ödəniş məbləğinin 0,3 faizi miqdarında cərimə nəzərdə tutulduğundan iddiaçının hesabladığı cərimə məbləği müqavilənin şərtlərinə uyğundur. Buna baxmayaraq məhkəmə tərəflərin maddi vəziyyətini, o cümlədən iddiaçının əmlak mənafelərini də nəzərə alaraq gecikdirilmiş məbləğə münasibətdə tənasübsüz dərəcədə yüksək olan dəbbə pulunun azaldılmasını məqsədəmüvafiq hesab edir. Buna uyğun olaraq məhkəmənin qənaətinə görə cavabdehdən 29 iyun 2022-ci il tarixli müqavilə üzrə 2 manat dəbbə pulu tutulmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehdən 29 iyun 2022-ci il tarixli müqavilə üzrə 628 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu olmaqla, cəmi 630 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 29 iyun 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 628 (altı yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 2 (iki) manat dəbbə pulu olmaqla, cəmi 630 (altı yüz otuz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-6310/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6310/2023
12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver