Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-6392/2023 22.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı cavabdeh «Azəriqaz» X1 X3 İdarəsinə qarşı “istehsalçı ilə istehlakçı arasında müqavilənin bağlanması və qeyri-yaşayış sahəsinin təbii qazla təmin edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı cavabdeh «Azəriqaz» X1 X3 İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, təbii qazla təmin edilməsi üçün cavabdeh ilə aralarında müqavilənin bağlanması və mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qazla təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, satıcı X2 ilə aralarında Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 829,2 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasına dair bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilərək onun mülkiyyət hüququ tanınmışdır. Obyekti almaqda məqsədi çörək məmulatları bişirilən sexi işə salmaq olub, amma cavabdeh tərəfindən binaya çəkilən təbii qazın verilməsi dayandırılıbdır. Binaya təbii qazın verilməsinin dayandırılmasına səbəb əvvəlki mülkiyyətçinin cavabdehə 2016-cı ilin əvvəlindən 2017-ci ilin aprel ayınadək yaranmış 3670,61 manat borcu olmuşdur. Cavabdehin təxminən 1,5 il ərzində istehlak olmuş qazın haqqının ödənilməməsi iddiaçı tərəfindən binanın alınması və təbii qazdan istifadə etməsi zamanı yadına düşüb ki, əvvəlki mülkiyyətçidən borcu alsın. Cavabdehin qanunsuz hərəkəti onun istehlakçı olaraq hüququnu pozur və biznes fəaliyyətini başlamağa mane olur. Cavabdeh sorğuya cavabında bildirir ki, xx.xx.2023-cü il tarixinə hesab kodunda borcun məbləği 3670,61 manat təşkil edir. Ünvanda istismarda olmuş qaz sayğacının dövlət yoxlamasında olması, habelə sayğacın təmir xərclərinin istehlakçı tərəfindən təmin edilməməsi səbəbindən qaz təminatı dayandırılmışdır. Əvvəlki mülkiyyətçidən (istehlakçıdan) borcunu almaq cavabdehin öz işidir, cavabdeh qanunsuz hərəkəti ilə ona maddi ziyan vurmuşdur. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaya mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 4.1-ci maddəsi). Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (MPM-in 5.1-ci maddəsi). Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır (MPM-in 25.1-ci maddəsi). Sadalanan qanunvericilik normalarından da göründüyü kimi, ümumi yurisdiksiyalı məhkəmələr müxtəlif şəxslərin hüquqlarının qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiəsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında işlərin baxılmasında səlahiyyətlidir. MPM-in müddəalarına müvafiq olaraq ümumi məhkəmələr tərəfindən tərəflər arasında mülki hüquq münasibətlərindən, habelə ailə, əmək, əmlak və s. mübahisələrlə bağlı olan, eləcə də mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında işlərə baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 13-cü bəndində qeyd edilir ki, nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Qərarın 14-cü bəndində isə qeyd edilir ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, iddiaçı hazırki iddia ərizəsində təbii qazla təmin edilməsi üçün cavabdeh ilə aralarında müqavilənin bağlanması və mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qazla təmin edilməsi, bununla bağlı cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona maddi ziyan dəydiyini bildirir. Həmçinin, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları görünmür. Başqa sözlə, iddia tələbinin mahiyyətindən ilkin olaraq görünür ki, tərəflər arasındakı hazırki mübahisə onlar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisə deyil, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisədir. Bu halda, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinə ümumi yurisdiksiyalı məhkəmə tərəfindən deyil, inzibati icraat qaydalarına riayət edilməklə inzibati məhkəmə tərəfindən baxılmalıdır. Hazırkı iddia ərizəsi mülki prosessual qanunvericilik baxımından həm ərazi aidiyyatı qaydalarının, həm məhkəmə aidiyyatı qaydalarının pozulması ilə verilməsinə, eləcə də cavabdehin hüquqi şəxs olub-olmamasının müəyyən edilməməsinə baxmayaraq, məhkəmə qeyd edir ki, hazırkı əsaslarla bu iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya təbii inhisar subyekti olan «Azəriqaz» İstehsalat Birliyinin ümumi (publik) hüquq sahəsindəki hərəkət və ya hərəkətsizliyi ilə bağlı müvafiq qaydada inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Bundan başqa, məhkəmə izah edir ki, iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından hazırki tələb üzrə müvəqqəti təminat tədbiri barədə ərizəyə də qiymət vermək mümkün deyil. Şərh olunanlara əsasən və MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh «Azəriqaz» X1 X3 İdarəsinə qarşı “istehsalçı ilə istehlakçı arasında müqavilənin bağlanması və qeyri-yaşayış sahəsinin təbii qazla təmin edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-6392/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-6392/2023
22.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver