Məhkəmə qərarları › İş №e-2(125)-6472/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6472/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6472/2023 23.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsi üzrə pulun ödənilməsi” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-yə ödənilməmiş 159 manat əsas, 16 manat dəbbə borcu və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında ******* saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh ümumi dəyəri 577 manat olan 1 ədəd mal almış, müqavilə bağlandıqdan sonra ümumi borcdan bir sıra ödənişlər aparılmışdır. Müqavilənin şərtlərinə əsasən 12 ay ərzində ödəmək şərtilə alınan malın dəyəri tam olaraq ödənilməli idi. Lakin bəzi ödənişlər həyata keçirildikdən sonra heç bir ödəniş aparılmamışdır. Cavabdehin xx.xx.2023-cü il tarixə olan əsas borcu 159 manat, dəbbə borcu 16 manat təşkil edir. Cavabdeh qeyd olunan müqavilənin öhdəliklərini lazımınca yerinə yetirməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı nisyə satış müqaviləsinə əsasən satıcı (iddiaçı) qiyməti 577 manat olan “Samsung A32” markalı telefonu alıcıya verməyi, alıcı isə həmin avadanlığı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür (Müqavilənin 1.1-ci bəndi). Alıcı avadanlığın qiymətini Müqavilənin 1 saylı əlavəsində göstərilmiş qaydada ödəməlidir (4.2-ci bənd). Müqavilənin 5.4-cü bəndinə əsasən alıcı müqavilə üzrə ödənişləri vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1 faizi miqdarında dəbbə pulu ödəməlidir. Müqavilənin 1 saylı əlavəsinə əsasən alıcı (cavabdeh) 539 manat məbləğində pulu xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 45 manat, sonuncu ay isə 44 manat olmaqla xx.xx.2022-ci il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, həmin tarixdə Cavabdeh “Samsung A32” markalı mobil telefon təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixə olan əsas borcu 159 manat, dəbbə borcu 16 manat təşkil edir. 12 iyul 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh borcunu ödəməsi, əks təqdirdə ona qarşı mövcud tələblə məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq məqsədilə hökumət ödəniş portalına 30 (otuz) manat vəsait ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh "xxxx" MMC-dən avadanlığı 449 manata nisyə qaydada və 12 ay ərzində hissə-hissə ödəmək şərti ilə almış, məhsulun dəyərindən bir miqdar ödəniş etmiş, lakin 159 manat hissəsini ödəməmişdir. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. İddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada verilmiş əşyanın ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa cavabdeh ödənişləri gecikdirdiyi üçün nisyə alqı-satqı müqaviləsinin 5.4-cü bəndinə uyğun olaraq hər gecikdirilən gün üçün ödənilməli məbləğin 1 faizi miqdarında dəbbə pulu hesablanmışdır. Məhkəmə hesablanmış 16 manat dəbbə pulunun öhdəliyin icra edilməmiş hissəsinə nəzərən tənasübsüz dərəcədə yüksək olduğunu hesab edir. Buna görə də dəbbə pulu məbləği azaldılaraq 1 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Odur ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-cu il tarixli, ******* saylı nisyə satış müqaviləsi üzrə 159 manat əsas borc, 1 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, cəmi 190 (bir yüz doxsan) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar