Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6503/2024 16.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, KR- 00000657 saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 1346,28 manat borcun və 34 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KR-00000657 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 24 ay müddətinə hər ayın 31-dən gec olmamaqla 234 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış KR-00000657Z01 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kreditor qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyi Cavabdeh1 tamamilə icra edəcəyini öz öhdəsinə götürmüşdür. Cavabdehlər öhdəliklərini lazımınca yerinə yetirməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilənin şərtlərini pozmuşlar. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar, müqavilə üzrə götürdükləri öhdəlikləri könüllü yerinə yetirməmişlər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. xx.xx.2022-ci il tarixli, KR-00000657 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 "xxxx" MMC-dən qiyməti cəmi 5609,28 manat olan Samsung markalı televizor və LG markalı kondisioneri hissə-hissə ödəmək şərti ilə almışdır. xx.xx.2022-ci il tarixli, KR-00000657 nömrəli nisyə alqı-satqı müqaviləsinə 1 saylı Əlavədən (ödəniş cədvəli) görünür ki, Cavabdeh2 ona verilmiş malların əvəzinin ödənilməsini qrafik üzrə 24 ay ərzində hissə-hissə olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, KR-00000657Z01 nömrəli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2022-ci il tarixli, KR-00000657 nömrəli nisyə alqı-satqı müqaviləsinin təmin üsulu kimi Cavabdeh1 "xxxx" MMC qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli borca dair arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, KR-00000657 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1346,28 manat borcu vardır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş çıxarışdan görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və onun hüquqi varisidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh1 və Cavabdeh2 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları qeyd edilmişdir. Lakin, cavabdehlər göstərilən ünvanda yaşamadıqları üçün bildirişin onlara təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehlərin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında zaminliklə təmin olunmuş nisyə alqı-satqı müqaviləsi bağlanmış və tərəflər nisyə alqı-satqı müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. Cavabdehlər öz öhdəliklərini yerinə yetirmədikləri üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Borcun borclu Cavabdeh2 və zamin Cavabdeh1 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən avadanlıqlar zaminə həmin avadanlığın dəyərinin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də borclu və zamin iddiaçı qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli, KR-00000657 nömrəli müqavilə üzrə 1346,28 manat pul alınaraq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 34 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli, KR-00000657 nömrəli müqavilə üzrə 1346,28 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 manat alınaraq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-6503/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6503/2024
16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver