Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6541/2025 23.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 (müstəqil tələb irəli sürən üçüncü şəxs X6) qarşı «subroqasiya qaydasında pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh2 və Cavabdeh1 (müstəqil tələb irəli sürən üçüncü şəxs X6) qarşı ödənilmiş sığorta ödənişinin əvəzi qismində 1.500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində Göygöl rayonu ərazisində Cavabdeh2 mülkiyyətində olan, X4 idarə etdiyi və PXA********** nömrəli sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış «Mercedes Benz 200» markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsi idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə X2 uzun müddətdə pozulmasına səbəb olan «ağır» dərəcəli bədən xəsarətləri almışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən X4 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi təsdiqini tapmışdır. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA147638 nömrəli sığorta aktı tərtib edilməklə X9 ağır dərəcəli xəsarət almasına görə 1.500 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Belə ki, X6 «Mercedes Benz 200» markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmiş olsa belə, nəqliyyat vasitəsi etibarnamə ilə Cavabdeh1 istifadəsində və sahibliyində olmuşdur. Hazırkı tarixədək iddiaçı tərəfindən zərərçəkmiş şəxslərə görə ödənilmiş vəsait qaytarılmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək iddianı tam həcmdə etiraf etdiyini, etirafın hüquqi nəticələrinin ona izah olunduğunu və ona məlum olduğunu bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, «Mercedes Benz 200» markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olsa da həmin avtomobili etibarnamə əsasında Cavabdeh1 istifadəsində olmuşdur. Onun sözügedən həmin yol nəqliyyat hadisəsi ilə əlaqədar hər hansı təqsiri olmamışdır. Sonda Cavabdeh2 iddianın ona dair hissəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci tarixli, PXA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, «Mercedes Benz 200» markalı, ** VN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-də sığorta təminatı almışdır. İşdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:00-da Göygöl rayonu yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman «Mercedes Benz 200» markalı, ** VN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2, hadisə baş verdiyi anda sürücüsü onu etibarnaməsiz idarə edən cavabdeh X6 olmuşdur, hadisə nəticəsində X1 ağır xəsarət dəymişdir. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 1(066)-6/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06(altı) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X6 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə bu hökmlə ona təyin olunmuş 1 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilmiş, X4 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulmuş, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesab edilmiş, X4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış, zərər çəkmiş şəxs X7 təqsirləndirilən şəxs X3 tələb etdiyi 7.000 manat maddi ziyan X3 alınıb zərərçəkmiş şəxs X8 verilmişdir. İşdə olan sərxoşluq vəziyyətini təyin edən xx.xx.2023-cü il tarixli 1092/2023 nömrəli aktdan görünür ki, sürücü X6 ayıq vəziyyətdə olmuşdur. İş materiallarında məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 209 nömrəli rəyindən görünür ki, X7 bədənində məüyyən edilmiş xəsarətlər - İ bel fəqərəsinin cisminin onurğa beyininin zədələnməsi, sınığı və çıxığı, aşağı ətrafların paraplegiyası, çanaq sümüklərinin çoxsaylı qəlpəli sınıqları, İ,İİ,İİİ,İV bel fəqərələrinin hər iki çıxıntılarının, sağ Vİ, Vİİ qabırğaların və büzdüm sümüyünün xətti formalı sınıqları – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İşdə olan xx.xx.2024-cü il tarixli, 1449 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, PXA********** nömrəli sığorta aktına əsasən 1.500 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən X7 hesabına köçürülmüşdür. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)- 1101/2025 nömrəli qətnaməsindən görünür ki, "xxxx" ASC-nin X5 qarşı «subroqasiya qaydasında pul tələbi» barədə iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh1 iddianı tam həcmdə etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə Cavabdeh1 iddianın etirafı qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə görə bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 13.4-cü maddəsinə görə sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə qeyd edir ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən «hüququ olmayan şəxs» ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi qanunverici sığortaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, həmin Qanunun 13.4-cü maddəsinə «qanuni əsaslar» ifadəsi yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Hazırki halda tərəflər arasındakı hüquq münasibətləri «subroqasiya hüququ» ilə bağlıdır və «subroqasiya hüququ» sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun sığortaçıya keçməsidir. Yəni «subroqasiya hüququ» müqavilə əsasında deyil, vurulmuş zərərin əvəzinin ödənilməsi nəticəsində, yaxud qanunun tələbi ilə əmələ gəlmişdir. Göründüyü kimi, qanunvericilik faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçməsini nəzərdə tutmuşdur. Sığorta hadisəsi Cavabdeh1 qanunazidd hərəkətlərinin nəticəsində baş vermiş, hadisə zamanı dəyən zərərə görə 1.500 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən X7 hesabına köçürülmüşdür. Buna görə də "xxxx" ASC-nin «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən 1.500 manat məbləğində pul tələbi hüququ yaranmışdır. Belə olan halda məhkəmə «Mercedes Benz 200» markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2 Elşən oğlunun həmin avtomobilin idarəçiyilini nəqliyyat vasitələrini idarə etmək hüququ olan Cavabdeh1 və Cavabdeh1 isə qeyd olunan nəqliyyat vasitəsini sürücülük hüququ olmadan digər təqsirli hərəkətləri ilə yol nəqliyyat hadisəsi törətmiş X5 verməsini, bununla da Ə.E.Allazov sığorta hadisəsi ilə əlaqəsinin olmamasını nəzərə alaraq, hesab edir ki, faydalanan şəxsin zərərvuran şəxslərə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ, əmlak sığortası üzrə sığorta ödənişini etmiş sığortaçıya, yəni iddiaçıya subroqasiya qaydasında keçdiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 1.500 manat məbləğində pul vəsaiti tutulmalı, iddia digər hissədə təmin olunmamalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 manat məbləğində pul vəsaiti Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 1.500 (bir min beş yüz) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 35 (otuz beş) manat, cəmi 1.535 (bir min beş yüz otuz beş) manat məbləğində pul vəsaiti tutulsun. Xalq Sığorta» Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin olunmasın. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-6541/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6541/2025
23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver