Məhkəmə qərarları › İş №e-2(125)-6935/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6935/2025

23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6935/2025 23.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 115 manat 25 qəpik, cərimə qismində 11 manat 53 qəpik, xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 324 manat 63 qəpik, cərimə qismində 32 manat 46 qəpik, İnnovativ Layihələr mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23 manat 60 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək bildirdi ki, cavabdeh İddiaçı MMC ilə bağladığı xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqaviləyə əsasən alğı-satqı qiyməti 165 manat 06 qəpik olan «Philips» markalı üzqırxanı 18 ay müddətinə hər ay 9 manat 17 qəpik ödəmək şərti ilə almışdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqaviləyə əsasən alğı-satqı qiyməti 367 manat 56 qəpik olan «Oppo A3X» markalı mobil telefonu 18 ay müddətinə hər ay 20 manat 42 qəpik ödəmək şərti ilə almışdır Müqavilənin ödəniş sənədlərinə əsasən cavabdeh müqavilə üzrə heç bir ödəniş etməmişdir. Hazırki tarixə cavabdehin cəmi borcu 507 manat 47 qəpik təşkil edir. Cavabdehə mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, Cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Sonda iddiaçının nümayəndəsi X2 iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, İddiaçı Məhdud Məsuliyyətlindən «Philips» markalı üzqırxanı və «Oppo A3X» markalı mobil telefonu almışdır. Hazırda həmin məişət avadanlıqları işlək vəziyyətdədir. Lakin ona təyin olunmuş sosial müavinət ləğv olunduğundan və kredit öhdəlikləri yarandığından maddi imkanı qeyd olunan müqavilələr üzrə ödənişi həyata keçirməyə imkan vermir. Buna görə də o, aldığı məhsulları iddiaçıya geri qaytarmaqla, ödənişlərdən azad edilməsini təklif edir. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə «Philips» markalı üzqırxanı 165 manat 06 qəpik məbləğinə İddiaçı MMC-dən almışdır. İşdə olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə «Oppo A3X» markalı mobil telefonu 367 manat 56 qəpik məbləğinə İddiaçı MMC-dən almışdır. İşdə olan Cavabdeh İddiaçı MMC-yə borcu barədə xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh hazırda iddiaçıya olan borcu xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 115 manat 25 qəpik, cərimə qismində 11 manat 53 qəpik, xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 324 manat 63 qəpik, cərimə qismində 32 manat 46 qəpik, İnnovativ Layihələr mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23 manat 60 qəpik, cəmi 507 manat 47 qəpik təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci tarixli pretenziyadan görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə İddiaçı MMC tərəfindən xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə 11 manat 53 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını, xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə 32 manat 46 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, İddiaçı MMC İnnovativ Layihələr mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23 manat 60 qəpik məbləğində pul vəsaitinin cavabdehdən tutularaq xeyrinə ödənilməsini tələb etsə də bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 115 (bir yüz on beş) manat 25 (iyirmi beş) qəpik, cərimə qismində 5 (beş) manat, xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 324 (üç yüz iyirmi dörd) manat 63 (altmış üç) qəpik, cərimə qismində 5 (beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 479 (dörd yüz yetmiş doqquz) manat 88 (səksən səkkiz) qəpik məbləğində pul vəsaiti tutulsun. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar