Məhkəmə qərarları › İş №e-2(125)-6978/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6978/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6978/2023 12.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rustəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 3741.4 manat ödənilməmiş hissə, 1123.6 manat dəbbə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1546.75 manat ödənilməmiş hissə, 381.25 manat dəbbə pulu və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 694.8 manat ödənilməmiş hissə, 206.2 manat dəbbə pulu olmaqla, cəmi 7694 manat borc, 96.94 manat ödənilməmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, akustik kamod, akustik masa, akustik vitrin, Venetsiya F (tünd), Retro 2 kunc divan, Nevada sürgülu dolab, matras, paltaryuyan LG, soyuducu Samsung almış və nəticədə 7694 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 5645.1 manat (24 ay x 234 manat + 29.1 manat ilkin ödəniş) olan akustik kamod, akustik masa, akustik vitrin, Venetsiya F (tünd), Retro2 kunc divan, Nevada sürgülu dolab, matras ümumilikdə 4865 manat olmaqla ondan 3741,4 manat ödənilməmiş hissə, 1123.6 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqısatqı qiyməti 1614 manat (24 ay x 67.25 manat + 0 manat ilkin ödəniş) olan paltaryuyan LG üçün ümumilikdə 1928 manat olmaqla ondan 1546.75 manat ödənilməmiş hissə, 381.25 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1562.4 manat (18 ay 86.8 manat + 0 manat ilkin ödəniş) olan soyuducu Samsung üçün ümumilikdə 901 manat olmaqla ondan 694.8 manat ödənilməmiş hissə, 206.2 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2838.55 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2021-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş müqavilələrdən görünür ki, Cavabdeh "xxxx" MMCdən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 5645.1 manat (24 ay x 234 manat + 29.1 manat ilkin ödəniş) akustik kamod, akustik masa, akustik vitrin, Venetsiya F (tünd), Retro2 kunc divan, Nevada sürgülu dolab, matras; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1562.4 manat (18 ay 86.8 manat + 0 manat ilkin ödəniş) Samsung markalı soyuducu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1614 manat (24 ay x 67.25 manat + 0 manat ilkin ödəniş) LG markalı paltaryuyan satın və təhvil almış, həmin əşyaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 04 oktyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 3741.4 manat ödənilməmiş hissə, 1123.6 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1546.75 manat ödənilməmiş hissə, 381.25 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 694.8 manat ödənilməmiş hissə, 206.6 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq əşyaların nisyə alqı-satqısı barədə müqavilələr bağlanmışdır. İddiaçı (satıcı) müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyaları Cavabdeh təhvil vermiş, lakin sonuncu, müqavilələr öhdəliklərini lazimi qaydada icra etməmişdir. Nəticədə, iddiaçının təqdim etdiyi sübutlar əsas borcun yarandığı müqavilələr üzrə düzgün hesablandığını təsdiq edir, qarşı tərəf isə daha çox ödəniş edildiyinə, daha az borcun qalmasına dair hər hansı dəlillə əsas borca dair tələbi təkzib etməmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 3741.4 manat ödənilməmiş hissə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1546.75 manat ödənilməmiş hissə və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 694.8 manat ödənilməmiş hissə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı müqavilələrə istinad edərək gecikdirilmiş ödənişlərə görə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1123.6 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 381.25 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 206.2 manat cərimə tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz surətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və dəbbə pulunun xx.xx.2021-ci il tarixli müqavilə üzrə 13.6 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 13.25 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 15.2 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 3741.4 manat əsas borc, 13.6 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1546.75 manat əsas borc, 13.25 manat cərimə və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 694.8 manat əsas borc, 15.2 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, iddiaçnın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80.25 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 3741.4 manat əsas borc, 13.6 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1546.75 manat əsas borc, 13.25 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 694.8 manat əsas borc, 15.2 manat cərimə olmaqla, cəmi 6025 (altı min iyirmi beş) manat pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80 (səksən) manat 25 (iyirmi beş) qəpik pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar