Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6979/2024 23.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X3, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, məhkəmə, müəyyən etdim: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh 710 (yeddi yüz on) manat məbləğində vurulmuş zərər və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 740 (yeddi yüz qırx) manat alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə çıхarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “CHEVROLET CRUZE” markalı, 20–EK– 383 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il noyabrın 12-də Cavabdeh idarəetmə hüququ olmadan idarə etdiyi “CHEVROLET CRUZE” markalı, 20–EK–383 dövlət nömrə nişanlı avtomobillə Göygöl rayonu, Qızılqaya qəsəbəsində “VAZ 21124” markalı, 05–BE– 012 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Göygöl RPŞ-nin xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli X4 protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü (bu Məcəllənin 332.2-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Göygöl RPŞ-in xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli X5 haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü (bu Məcəllənin 332.2-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddəsi ilə təqsirli bilinmişdir. Başqa sözlə, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 7668 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “VAZ 21124” markalı, 05–BE–012 dövlət nömrə nişanlı avtomobilə 710 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 485 nömrəli ödəniş tapşırığı ilə 710 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: 21 yanvar 2022-ci il tarixli, 05/01-160 nömrəli "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış məktubda yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi nəzərə alınaraq, sığorta ödənişini subroqasiya qaydasında "xxxx" ASC-yə ödəməsi, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 25 yanvar 2022-ci il tarixli, 485 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına 710 manat məbləğində pul köçürülmüşdür. 21 noyabr 2021-ci il tarixli, 7668 nömrəli "xxxx" avtomobil servisi tərəfindən verilmiş qiymətləndirmə aktından görünür ki, “VAZ 21124” markalı, 05–BE–012 dövlət qeydiyyat nişanlı avtomobilə 710 manat məbləğində zərər dəymişdir. xx.xx.2021-ci il tarixli, PXA********** nömrəli sığorta aktından görünür ki, “Chevrolet Cruze” markalı, 20–EK–383 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi PXA********** nömrəli şəhadətnamə ilə "xxxx" ASC-də sığortalanmışdır. “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən X4” xx.xx.2021-ci il tarixli, ******* nömrəli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 21:45-də “Chevrolet Cruze” markalı, 20–EK–383 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan X5” haqqında 19 dekabr 2021-ci il tarixli, İXP ******* nömrəli qərardan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixində saat 21:45-də “Chevrolet Cruze” markalı, 20–EK–383 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərərçəkmiş şəxsə maddi zərər vurulması nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 400 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. PXA99167 nömrəli sığorta aktından görünür ki, PXA********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” əsasında sığortalanmış Cavabdeh tərəfindən idarə edilən “Chevrolet Cruze” markalı, 20–EK–383 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə saat 21:50-də “VAZ21124” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində “VAZ 21124” markalı, 05–BE–012 dövlət qeydiyyat nişanlı avtomobilə "xxxx" MMC tərəfindən təqdim edilmiş akta əsasən 710,00 manat məbləğində zərər dəymişdir. "xxxx" ASC tərəfindən 710,00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 21:50-də Göygöl rayonu, Qızılqaya qəsəbəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh “Chevrolet Cruze” markalı, 20–EK–383 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “VAZ 21124” markalı, 05–BE–012 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh sürücülük hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, “Chevrolet Cruze” markalı, 20– EK–383 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh idarə edərkən xx.xx.2021-ci il tarixdə saat 21:45 radələrində yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində “VAZ 21124” markalı, 05–BE–012 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və Cavabdeh barəsində 19 dekabr 2021-ci il tarixli, İXP ******* nömrəli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 400 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Dəymiş ziyan "xxxx" avtomobil servisi tərəfindən verilmiş 21 noyabr 2021-ci il tarixli, 7668 nömrəli qiymətləndirmə aktına əsasən 710 manat məbləğində müəyyən edilmiş və "xxxx" ASC tərəfindən 25 yanvar 2022-ci il tarixli, 485 nömrəli ödəniş tapşırığı əsasında 710 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC ödədiyi sığorta ödənişinin əvəzini subroqasiya qaydasında tələb etməkdə haqlıdır. Çünki Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” markalı, 20–EK–383 dövlət qeydiyyat nişanlı avtomobilin “VAZ 21124” markalı, 05– BE–012 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində “VAZ 21124” markalı, 05–BE–012 dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Yəni, Cavabdeh bilavasitə hərəkətləri nəticəsində əmlaka zərər vurulduğundan, baş vermiş sığorta hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan “Chevrolet Cruze” markalı, 20–EK–383 dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyindən zərərin əvəzini ödəmək vəzifəsi birbaşa Cavabdeh öhdəsinə qoyulmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 710 (yeddi yüz on) manat pul tutularaq, iddiaçı "xxxx" ASCyə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçının xahişi nəzərə alınmaqla, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 710 (yeddi yüz on) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 740 (yeddi yüz qırx) manat tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-6979/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6979/2024
23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver