Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-7132/2023 08.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2200 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 42,40 manat dövlət rüsumunun, ümumilikdə 2242,40 manat məbləğin Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə N saylı hərbi hissədə xidmət göstərmiş kiçik çavuş X18 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. X7 xx.xx.2020-ci il tarixində Vətən Müharibəsində şəhid olması ilə əlaqədar şirkət tərəfindən mərhumun vərəsələrinə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 11000 (on bir min) manat sığorta məbləği ödənilməli idi. Lakin sığorta məbləği mərhumun qanun üzrə vərəsələri arasında proporsional qaydada bölüşdürülməklə ödənilməli olduğu halda, texniki səhv səbəbindən həmin sığorta məbləğinin mərhum X1 həyat yoldaşından olan uşaqlarına ödənilməli olan hissəsi də həyat yoldaşı Cavabdeh Aqil qızının hesabına köçürülmüşdür. Pretenziya qaydasında artıq ödənilmiş 2200 (iki min iki yüz) manat vəsaitin tələb olunmasına baxmayaraq, Cavabdeh Aqil qızı tərəfindən hər hansı vəsait ödənilmədiyinə görə şirkətin Mülki Məcəllənin 1092.1-ci maddəsinə uyğun olaraq cavabdehdən həmin məbləğdə pulun qaytarılmasını tələb etmək hüququ vardır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 475 nömrəli arayışın surətindən görünür ki, X18 xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək isə müddətdən artıq həqiqi hərbi xidmətdə olmuşdur. AZ-İİ 140232 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Gəncə şəhər 2 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-40 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsələri Cavabdeh, X8, X12, X13, X5, X14, X9, X15 və X2 hər biri miras qalmış 11 000 manat pul vəsaitindən 1/10 hissədə irs almalıdır. Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyasının xx.xx.2021-ci il tarixli rəyinin surətindən görünür ki, şəhid X11 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Gəncə Şəhər Kəpəz Rayon filialı tərəfindən ödəniləcək 11000 manat birdəfəlik sığorta yardımının uşaqları xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X6 payına düşən məbləğin anaları X16 tərəfindən götürülməsinə icazə verilmişdir. "xxxx" ASC tərəfindən X7 vərəsələrinə ödənilmiş vəsaitlərin məxaric olunması barədə məlumatdan görünür ki, Cavabdeh hesabına 8800 manat məbləğində vəsait məxaric olunmuşdur. xx.xx.2021-ci il tarixli pretenziyanın surətindən görünür ki, cavabdehə artıq ödənilmiş 2200 manat vəsaitin könüllü olaraq qaytarılması barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh göstərilən ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi cavabdeh heç bir hüquqi əsası olmadan əldə etdiyi pulu iddiaçının tələbi ilə geri qaytarmayaraq özündə saxlamışdır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 2200 manat pul alınaraq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ərizə verilərkən ödənilmiş 42,40 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. Cavabdeh 2200 (iki min iki yüz) manat pul və 42,40 (qırx iki manat 40 qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-7132/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-7132/2023
08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver