Məhkəmə qərarları › İş №e-2(125)-7247/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-7247/2023

27.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-7247/2023 27.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Tahir oğlunun sədrliyi, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Mərhum atası X4 miras qalmış, Goranboy rayonu, Yolpaq kəndində yerləşən 0,60 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsini vərəsəlik qaydasında qəbul etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Torpağa mülkiyyət hüququna dair JN -105, Kod 50917028 saylı dövlət aktına əsasən xx.xx.1998-ci il tarixli, 14 nömrəli qrarla verilmiş Goranboy rayonu, Yolpaq kəndində yerləşən 0,60 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi mərhum atası X7 adına qeydiyyata alınmışdır. Anası və atası öləndən sonra da həmin torpaq sahəsində əkinçilik işləri davam etmiş, bəzən özləri əkmiş, bəzəndə icarəyə vermişlər. Ondan başqa İradə və Sevinc adlı bacıları vardır. Bacıları atalarından qalan miras əmlakın ona verilməsinə etiraz etmirlər. Həmin tarixdən etibarən hazırki vaxta qədər həmin torpaq sahəsində kənd təsərrüfatı məhsullarının əkini həyata keçirilmişdir. O, atasından miras qalmış həmin torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün 1saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinə müraciət etmiş, həmin notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən mirasın qəbul edilməsi üçün müəyyən olunmuş müddət ötürüldüyündən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. O, qeyd olunan miras əmlakı faktiki olaraq qəbul etmişdir və bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, atasının ölümündən sonra miras qalmış torpaq sahəsini vərəsəlik qaydasında qəbul etmiş və həmin torpaq sahəsini hal hazırda da icarəyə vermişdir. Maraqlı şəxs 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə islasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki ərizəçinin atası Kamal Orucovu tanımışdır. Goranboy rayonu Yolpaq kəndində onun 60 sot torpaq sahəsi olmuşdur. Ərizəçinin atası öləndən sonra da həmin torpa sahəsi icarə üzrə əkilmişdir. Hazırda həmin torpaq sahəsini o, icarəyə götürüb əkmişdir, icarə haqqını ərizəçiyə verir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:-Torpağa mülkiyyət hüququna dair JN -105, Kod 50917028 dövlət aktından görünür ki, X9 Goranboy rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0,60 ha torpaq sahəsi verilmişdir. AZ-İ 515658 nömrəli ölüm haqqında şəhadətnamənin surtindən görünür ki, X11 xx.xx.2011-ci ildə ölmüşdür. XV-JQ 347743 nömrəli doğum haqqında şhadətnamənin surətindən görünür ki, İddiaçı ata qrafasında X12, ana qrafasında X8 qeyd olunmuşdur. AZ 053154 nömrəli ölüm haqqında şəhadətnamənin surtindən görünür ki, X8 xx.xx.2022-ci ildə ölmüşdür. X 481337 nömrəli doğum haqqında şhadətnamənin surətindən görünür ki, X5 ata qrafasında X12, ana qrafasında X8 qeyd olunmuşdur. Xİİ- JQ 320569 nömrəli doğum haqqında şhadətnamənin surətindən görünür ki, X3 ata qrafasında X12, ana qrafasında X8 qeyd olunmuşdur. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq olunmuş X2 təsdiq olunmuş ərizəsindən görünür ki, atası X6 miras qalmış bütün miras əmlakdan ona catası payındın imtina etmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq olunmuş X5 təsdiq olunmuş ərizəsindən görünür ki, atası X6 miras qalmış bütün miras əmlakdan ona catası payındın imtina etmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 2993 saylı məktubundan görünür ki, mirası qəbul etməsi müddətini keçirdiyi üçün ərizəçiyə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə ərizəçinin izahatını şahid ifadəsini və işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Goranboy rayonu, Yolpaq kəndində yerləşən 0,60 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ərizəçinin mərhum atası X4 miras qalmışdır. Miras açılandan sonra mirasqoyanın vərəsəsi qızı İddiaçı miras əmlakı faktiki olaraq qəbul edərək, həmin mirası idarə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. MM-in 1243.1-1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə iddia tələbinə hüquq normaları baxımından qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir.Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və ya mirasa yiyələnməsi, eləcə də vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Bundan başqa məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında izah olunmuşdur ki, miras qanunun tələbinə əsasən qəbul olunmuşsa, lakin vərəsəlik şəhadətnaməsi vaxtında rəsmiləşdirilməmişsə, bu mirasa qarşı hüququn itirilməsi üçün əsas hesab edilə bilməz. Vərəsə mirasa sahiblik, ondan istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə-binanın təmiri, həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq və s. yaxud sığorta tədiyəsini və ev üçün vergini ödəmişsə, kirayənişinlərdən mənzil pulunu yığmışsa və başqa hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasını və mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, ərizəçi mərhum atasından miras qalmış əmlaka sahiblik və ondan istifadə etməklə mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (MPM. mad. 307.2.9) Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, ərizəçi İddiaçı mərhum atası X4 miras qalmış Goranboy rayonu, Yolpaq kəndində yerləşən 0,60 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsini vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizəçi İddiaçı mərhum atası X4 miras qalmış Goranboy rayonu, Yolpaq kəndində yerləşən 0,60 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsini vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar