Məhkəmə qərarları › İş №e-2(125)-7345/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-7345/2025

05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-7345/2025 05.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə İddiaçı Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli, 009 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 377 manat 60 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, 009 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı Cavabdeh ilə bağladığı həmin müqaviləyə əsasən 1 ay ərzində ödəmək şərti ilə telefon aksesuarını 487 manat 60 qəpik məbləğinə İddiaçı almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziyanın surətindən görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilə bilər. «Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli Qərardadının 30-33-cü bəndlərində məhkəmələrə izah edilmişdir ki, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur. Mübahisələndirilən əqdi etibarsız hala gətirən hüquqi səbəb məhkəmə qərarı deyil, mübahisələndirmə faktının özüdür. Konstitusiya Məhkəməsinin də qərarında «Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. ...istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır.» kimi hüquqi mövqeləri ona dəlalət edir ki, mübahisə edilən əqdin etibarsız sayılması üçün məhkəmədə tələb irəli sürmək zərurəti yoxdur, etibarsızlıq nəticəsini mübahisələndirmə faktı (iddiadan və məhkəmədən kənarda) əmələ gətirir. Çünki, etibarsızlıq bir nəticədirsə həmin nəticəni əqdi mübahisə etmək hüququna malik olan şəxsin hərəkəti təmin edir. Bu hərəkətlə, yəni iradə ifadəsi qarşı tərəfə bildirilməklə etibarsızlıq nəticəsi qanuna əsasən yaranmış olur. Bunun üçün hüquq sistemimiz əlavə şərtlər - iddia tələbinin irəli sürülməsi, məhkəmənin qərar çıxarması və s. tələb etmir. Amma bu məsələlərlə bağlı tərəflər arasında mübahisə yarandıqda həmin ixtilaf təbii ki, məhkəmə tərəfindən həll olunur. Bu baxımdan mübahisə edilən əqdlərin etibarsızlığı məhkəmə qərarından asılı olmadığına görə, həmin qərarın çıxarılmasının prosessual əsası olan iddia tələbindən də asılı deyil. Çünki, tələb məhkəmə qərarının alınması üçün irəli sürülür. Belə olan halda, məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən tərəf iradəsinin zədələnməsini və buna görə əqdi mübahisələndirməsini sübut etdikdə, yaxud məhkəmə işin halları əsasında bunu müəyyən etdikdə, etibarsızlıq nəticəsini xüsusi bir iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq nəzərə almalı və ona görə qərar verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti ödəməyi) öhdəsinə götürür. Həmin Məcəllənin 614.1-ci maddəsinə əsasən pərakəndə alqı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 622.1-ci maddəsinə görə əgər öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı malı pərakəndə alqı-satqı müqaviləsinin bağlandığı an satıcının elan etdiyi qiymətlə ödəməyə borcludur. Həmin Məcəllənin 622.3-cü maddəsinə görə malların pərakəndə alqı-satqı müqavilələrinə, o cümlədən alıcı tərəfindən malların hissə-hissə ödənilməsi şərti ilə bağlanmış müqavilələrə bu Məcəllənin 600.5-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilməməlidir. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərindən yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi tərəflərin qanuna zidd olmayan müqavilələr bağlaya bilər. «Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli Qərardadında formalaşdırılmış hüquqi mövqeyə görə tələb əqdə əsaslanırsa, əqdin etibarlılığını yoxlamaq məhkəmənin xidməti vəzifədir. Hazırki halda tələb tərəflər arasında xx.xx.2024-cü il tarixli və xx.xx.2024cü il tarixdə bağlanmış pərakəndə alqı-satqı müqaviləsinə əsaslanır, həmin müqavilələrdə isə əsas məbləğə əlavə faizlərin hesablanması nəzərdə tutulmuşdur. Halbuki, Mülki Məcəllənin 622.3-cü maddəsi malın hissə-hissə ödənilməsi şərti ilə bağlanmış pərakəndə alqı-satqı müqavilələrinə faizlərin hesablanmasını istisna edir. Göründüyü tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış pərakəndə alqı-satqı müqaviləsi faizin müəyyən edilməsinə dair hissədə qanunun tələbinə zidd və etibarsızdır. Buna görə də xx.xx.2022-ci il tarixli pərakəndə alqı-satqı müqaviləsinin həmin müddəalarına əsaslanan tələb, yəni müvafiq olaraq hesablanmış və ödənilməmiş 100 manat məbləğində pul tələbinə dair hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2022-ci il tarixli, 009 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 377 manat 60 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2022-ci il tarixli, 009 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 377 (üç yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 407 (dörd yüz yeddi) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar