Məhkəmə qərarları › İş №e-2(125)-742/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-742/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-742/2024 06.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin əvəzi qismində 1.335 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat 35 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığortalanmış «VAZ 21723» markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində Samux rayonu, İmamzadə dairəsi ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində «QAZ 3110» markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən «QAZ 3110» markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə 1.335 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Samux Rayon Məhkəməsinin qərarında müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh həmin avtonəqliyyat vasitəsini sürücülük hüququ olmadan, yəni sürücülük vəsiqəsiz idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli 0722/23 nömrəli məktubla Cavabdeh qarşı 1.335 manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hazırkı tarixədək cabadeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbi təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır. Buna görə də "xxxx" ASC-nin cavabdehdən subroqasiya qaydasında pul tələb etmək hüququ yaranmışdır. xx.xx.2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Taleh Yunsurov mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh tərəfindən «VAZ 21723 » markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə PQA********** nömrəli «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi» üzrə bir il müddətinə icbari sığorta olunaraq, sığorta təminatı almışdır. İşdə olan xx.xx.2020-ci il tarixli, CM0384/20 nömrəli sığorta aktının surətindən görünür ki,xx.xx.2020-ci il tarixində, saat 20:00 radələrində Samux rayonu, İmamzadə dairəsində yol nəqliyyat hadisəsi baş vermişdir. «VAZ 21723» markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobillə «QAZ 3110» markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, «VAZ 21723» markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh sürücülük hüququ olmamış və «QAZ 3110» markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər 1.335 manat təşkil etmişdir. İş materiallarında xx.xx.2020-ci il tarixli, 0264/20 nömrəli qiymətləndirmə aktının surətindən görünür ki, «QAZ 3110» markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2020-ci il tarixdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dəyən zərər 1.335 manat təşkil edir. İşdə olan Samux Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(058)-67/2020 nömrəli qərarının surətindən görünür ki, barəsində inzibati xəta haqqında icraar aparılan Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə bilinmiş 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Cavabdeh Samux rayon X3 qrupuna verdiyi xx.xx.2020-ci il tarixli izahatının surətindən görünür ki, «VAZ 21723» markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Həmin avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Belə ki, onun əvvəllər sürücülük hüququ olmuşdur, lakin yol-nəqliyyat hadisəsi törətdiyi üçün bu hüququndan məhrum edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixində saat 18:00 radələrində idarə etdiyi «VAZ 21723» markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərindən Samux rayon İnstitut qəsəbəsinə gedən zaman “Aznixinin kruqu” deyilən yolayrıcına çatarkən ondan öndə dövlət qeydiyyat nişanını tanımadığı bir avtomobilin sağa döndüyünü görmüşdür. O da yolayrıcına daxil olub həmin avtomobili sol tərəfdən ötüb sağa dönmək istəmişdir.Buna görə də idarə etdiyi avtomobillə yolayrıcına daxil olub həmin avtomobili əks istiqamətli hərəkət yolunda ötməyə başlamış, bu zaman qəflətən sonradan adını X1 bildiyi şəxsin idarə etdiyi «QAZ 3110» markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobillə üzü Gəncə şəhəri istiqamətinə gəldiyini görmüşdür. Həmin an istəsə də qəzanın qarşısını ala bilməmiş avtomobillər toqquşmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli, 2994 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, xx.xx.2020-ci il tarixli, CM0384/20 nömrəli sığorta aktına əsasən "xxxx" ASC tərəfindən 1.335 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri «subroqasiya hüququ» ilə bağlıdır və «subroqasiya hüququ» sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun sığortaçıya keçməsidir. Yəni «subroqasiya hüququ» müqavilə əsasında deyil, vurulmuş zərərin əvəzinin ödənilməsi nəticəsində, yaxud qanunun tələbi ilə əmələ gəlmişdir. Göründüyü kimi, qanunvericilik faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçməsini nəzərdə tutmuşdur. Sığorta hadisəsi Cavabdeh qanunazidd hərəkətlərinin nəticəsində baş vermişdir. Hadisə zamanı X2 tərəfindən idarə olunan «QAZ 3110» markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilə 1.335 manat məbləğində zərər dəymiş və dəymiş zərər iddiaçı tərəfindən tam olaraq ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, faydalanan şəxsin zərərvuran şəxslərə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ, əmlak sığortası üzrə sığorta ödənişini etmiş sığortaçıya, yəni iddiaçıya subroqasiya qaydasında keçdiyi üçün iddia təmin edilməldir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat 35 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 1.335 (bir min üç yüz otuz beş) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 33 (otuz üç) manat 35 (otuz beş) qəpik, cəmi 1.368 (bir min üç yüz altmış səkkiz) manat 35 (otuz beş) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar