Məhkəmə qərarları › İş №e-2(125)-820/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-820/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-820/2023 07.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Samsung markalı soyuducu, soyuducu üçün təmizləyici vasitə və qoxuhəbedici üçün 200 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla 220 manat borcun və 30,0 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz etdiyi üçün mülki iş sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-in nümayəndəsi X2 iddianı müdafiə edib izahatında göstərdi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan Samsung markalı soyuducu, soyuducu üçün təmizləyici vasitə və qoxuhəbedicini 18 ay müddətinə hər ay 100 manat ödəmək şərti ilə almışdır. Cavabdeh hazırki vaxta kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəmə ilə bağlı iddiaçı tərəfindən dəfələrlə müraciət edilsə də, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 200 manat əsas borcu və 20 manat cərimə olmaqla, cəmi 220 manat borcu yaranmışdır. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, müqavilə bağlanarkən ona soyuducunun qiymətini 1459 manat bildirərək müqavilədə yuxarı məbləğ qeyd edilmişdir. Hesab edir ki, 200 manat artıq hesablandığı üçün iddia təmin olunmamalıdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2019-cu il tarixli, 01136230 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında Samsung markalı soyuducu, soyuducu üçün təmizləyici vasitə və qoxuhəbedicinin nisyə alqı-saqısına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 1576,8 manat dəyərində Samsung markalı soyuducu, soyuducu üçün təmizləyici vasitə və qoxuhəbedicini satmışdır. Həmin müqaviləyə əsasən ödənişlər 18 ay müddətinə hər ay 100 manat nəzərdə tutulmuşdur. "xxxx" MMC-in Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir. xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 200 manat əsas borcu, 20 manat cərimə olmaqla, ümumilikdə 220 manat borcu qalmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan Samsung markalı soyuducu, soyuducu üçün təmizləyici vasitə və qoxuhəbedicini alaraq, həmin əşyaların dəyərini 18 ay müddətinə ödəməyi üzərinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin müqavilə üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində borcu yaranmışdır. Belə olan halda 200 manat əsas, 20 manat cərimə olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat cavabdehdən tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30,0 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 01136230 nömrəli müqavilə üzrə 200 manat əsas, 20 manat cərimə olmaqla, cəmi:- 220 (iki yüz iyirmi) manat borc və 30,0 manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar