Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-838/2023 27.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 8681.85 manat məbləğində pul vəsaitinin və 106.82 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli, 087/2020 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 (üç) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı xx.xx.2020-ci il tarixli ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC -yə olan borcunun 8681.85 manat hissəsini bu günədək ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbi müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan tərəflər arasında bağlanmış, xx.xx.2020-ci il tarixli, məhsulların nisyə alqı-satqısı barədə müqaviləsindən görünür ki, alıcı Cavabdeh satıcı İddiaçı MMC-dən ümumi dəyəri 30000 manat məbləğində olan məhsulları nisyə olaraq qəbul edərək, 30000 manat məbləğində borcu 3 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh satıcı İddiaçı MMC-dən cəmi 30000 manat dəyərində mal təhvil almışdır. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı MMC ilə aralarında bağlanan “Mücərrəd borcun etirafı barədə” müqaviləyə əsasən, Cəmiyyətə 30000 (otuz min) manat borcu yaranmışdır. İddiaçı MMC-yə olan borcunu etiraf edir və üç aya qədər tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyi halda, qanunla məsuliyyət daşımağa hazırdır. Ərizəni ona heç bir təsir olmadan özü yazmışdır, yazılanları öz imzasıyla təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh iddiaçıdan təhvil aldığı məhsulların dəyəri olan 30000 manatı 3 ay ərzində ödəyəcəyinə dair öz üzərinə xx.xx.2020-ci il tarixdə müqavilə ilə, xx.xx.2020-ci il tarixdə ərizə ilə öhdəlik götürmüşdür. Hazırkı iş üzrə iddiaçının nisyə alqı-satqı müqaviləsinə əsasən tələb etdiyi, məhsulların qalan dəyəri olan 8681,85 manat pulun ödənilməsini təsdiqləyən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna görə cavabdehin müqavilə üzrə icra edilməmiş pul öhdəliyi qaldığından iddiaçı həmin məbləğin tutulmasını tələb etməkdə haqlıdır. Belə olan halda, iddia təmin edilməli, 8681,85 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tam təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 106,82 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 8681 (səkkiz min altı yüz səksən bir) manat 85 (səksən beş) qəpik pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 106 (yüz altı) manat 82 (səksən iki) qəpik pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-838/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-838/2023
27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver