Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-857/2024 11.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 6500 manat sığorta ödənişinin, ödənilmiş 85,40 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz S500” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi ilə hərəkət edən zaman üstünlük tələbini pozmuş, nəticədə “Mercedes Benz C180” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş və həmin avtomobilin sərnişinləri X3 və X2 yüngül xəsarət yetirmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Gəncə Şəhər Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərarla “Mercedes Benz S500” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində, “Mercedes Benz C180” markalı, ** KC *** dövlət nömrə nişanlı avtomobilə 5640 manat, həmin avtomobilin sərnişinləri X1 yüngül xəsarət nəticəsində 750 manat və X2 yüngül xəsarət nəticəsində 750 manat məbləğində maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS231274 saylı, xx.xx.2023-cü il tarixli Sığorta ödənişi aktına əsasən 5000 manat, İAS231275 saylı, xx.xx.2023-cü il tarixli Sığorta ödənişi aktına əsasən 750 manat və İAS231276 saylı, xx.xx.2023-cü il tarixli Sığorta ödənişi aktına əsasən 750 manat, ümumilikdə müvafiq sığorta hadisəsi üzrə "xxxx" ASC tərəfindən 6500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da, göründüyü kimi, Cavabdeh hadisə vaxtı “Mercedes Benz S500” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Bildirmək istəyirik ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinəəsasən sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə (zərərin əvəzinin ödənilməsi) əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Buna görə də “Mercedes Benz S500” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. Odur ki, Cavabdeh 6500 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 85,40 manat dövlət rüsumu, ümumilikdə 6585,40 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə elektron ərizə göndərərək, iddianı müdafiə etdiklərini, işə iştirakları olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli PME********** saylı avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı ASC "xxxx" ilə X9 arasında «Mersedes BENZ S500» markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair müqavilə bağlanmışdır. İşdə materiallarından görünür ki, İAS231274 saylı, xx.xx.2023-cü il tarixli Sığorta ödənişi aktına əsasən “Mercedes Benz C180” markalı, ** KC *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyana görə X7 5000 manat, sağlamlığa vurulmuş ziyana görə İAS231275 saylı, xx.xx.2023-cü il tarixli Sığorta ödənişi aktına əsasən X5 750 manat və İAS231276 saylı, xx.xx.2023-cü il tarixli Sığorta ödənişi aktına əsasən X6 750 manat ödənilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qüsur aktından ki, “Mercedes Benz C180” markalı, ** KC *** dövlət nömrə nişanlı avtomobilin təmir və bərpa işlərinə görə 5640 manat zərər hesablanmışdır. İşdə olan Gəncə Şəhər DYPS-də inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarın surətindən görünür ki, həmin qərarla Cavabdeh İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib 700 manat cərimə edilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin göndəşi əsasında xx.xx.2023-cü il tarixli ödəniş tapşırı ilə X8 5000.0 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırı ilə X6 750 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırı ilə X5 750 manat ödənilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə iddiaçı ASC "xxxx" ilə X9 arasında «Mersedes BENZ S500» markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair PME********** saylı avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi bağlanmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz S500” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi ilə hərəkət edən zaman üstünlük tələbini pozmuş, nəticədə “Mercedes Benz C180” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş və həmin avtomobilin sərnişinləri X3 və X2 yüngül xəsarət yetirmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 6500 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Gəncə Şəhər DYPS-də inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarla Cavabdeh İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib 700 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh zərərin ödənilmiş əvəzi miqdarında 6500 (altı min beş yüz) manat pul tutularaq iddiaçı "xxxx" ASC-nə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6500 manat sığorta ödənişinin və 85.40 manat dövlət rüsumunun, cəmi 6585.40 (altı min beş yüz səksən beş manat qırx qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-857/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-857/2024
11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver