Məhkəmə qərarları › İş №e-2(125)-861/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-861/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-861/2023 28.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Kondisioner LG üçün, 2083.2(iki min səksən üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 208.8(iki yüz səkkiz manat səksən qəpik) manat cərimə olmaqla, ümumilikdə, 2292 manat borc və 42.92 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, Kondisioner LG almış və nəticədə 2292(iki min iki yüz doxsan iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2110.2(iki min yüz on manat iyirmi qəpik) manat (24 ay x 86.8 manat + 27 manat ilkin ödəniş) olan Kondisioner LG üçün ümumilikdə, 2292(iki min iki yüz doxsan iki) manat olmaqla, ondan, 2083.2(iki min səksən üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 208.8(iki yüz səkkiz manat səksən qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 27 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ilə xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlər əsas gətirilərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Kondisioner LG üçün, 2083.2(iki min səksən üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 208.8(iki yüz səkkiz manat səksən qəpik) manat cərimə olmaqla, ümumilikdə, 2292 manat borc və 42.92 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, o iddia tələbini qəbul etmir. Belə ki, ona satılan kondisioner evi soyutmadiği üçün "xxxx" MMC-yə müraciət edərək dəyişdirilməsini xahiş etmiş, onlar da 14 gün ərzində dəyişdirəcəklərini bildirsələr də, bu günədək dəyişdirməmişlər. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC 27 manat ilkin ödəniş etməklə 24 ay müddətinə hər ay 86.8 manat ödəmək şərtilə Kondisioner LG almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh Kondisioner LG üçün 2083.2(iki min səksən üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 208.8(iki yüz səkkiz manat səksən qəpik) manat cərimə olmaqla, ümumilikdə, 2292 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci və 467-ci maddələrinin mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 208.8 manat məbləğində dəbbə pulu (cərimə) əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 8 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Kondisioner LG almış, lakin alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, müqavilə üzrə ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Buna görə də məhkəmə müqavilə üzrə Cavabdeh aldığı malın dəyəri qismində 2083.2 manat ödənilməmiş hissənin tutulmasını əsaslı hesab edir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, alqı-satqı müqaviləsi üzrə 2083.2 manat əsas borc, 8 manat dəbbə pulu olmaqla, cəmi 2091.2 manat borc cavabdehdən tutularaq, "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edərkən 42.92 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 42.92 manat dövlət rüsumunun 39 manatı da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə 2083.2 manat əsas borc, 8 manat dəbbə pulu olmaqla, cəmi 2091.2 manat borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 42.92 manat dövlət rüsumunun 39 manatı tutularaq, iddiaçı "xxxx" MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar