Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-866/2022 31.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 01069165 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC-dən alqı-satqı qiyməti 444 manat olan İMEİ kodu **********77323 olan, “Huawei Y7” markalı telefonu Cavabdeh mülkiyyətinə vermiş, Cavabdeh 12 ay müddətinə aylıq 37 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən, Zamin1 eyni tarixli alqısatqı müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün zamin qismində öz üzərinə məsuliyyət götürmüşdür. Aralarında bağlanmış xx.xx.2020-ci il tarixli 20115110 saylı müqaviləyə əsasən, "xxxx" alqısatqı qiyməti 1576.80 manat olan “Samsung” markalı soyuducuyu Cavabdeh mülkiyyətinə vermiş, Cavabdeh 18 ay müddətinə aylıq ödəniş 87.60 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən, Zamin2 eyni tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün zamin qismində öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilələr üzrə xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il müqavilə üzrə 296 manat əsas borc, 89 manat cərimə olmaqla, cəmi 385 manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1576.8 manat əsas borc, 469.2 manat cərimə olmaqla, cəmi 2046 manat borc hesablanmışdır. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********77323 olan Huawei Y7 markalı telefon üçün 296 manat ödənilməmiş hissə, 89 manat cərimə, cəmi 385 manat borcun müştərək qaydada Cavabdeh və Zamin1, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “Samsung” markalı soyuducu üçün 1576.8 manat ödənilməmiş hissə, 469.2 manat cərimə olmaqla, cəmi 2046 manat borcun müştərək qaydada cavabdehlər Cavabdeh və Zamin2, ümumilikdə 2431 manat borcun və 44.31 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. xx.xx.2019-cu il tarixli müqavilə üzrə Zamin1, xx.xx.2020-ci il tarixli müqavilə üzər Zamin2 "xxxx" MMC qarşısında Cavabdeh ilə birgə məsuliyyət daşıyır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh müqavilələr üzrə əsas borcları etiraf edərək, üzrlü səbəblərdən öhdəliklərin icrasını gecikdirdiyini bildirdi və cərimə borcunun azaldılmasını xahiş etdi. Cavabdehlər Zamin1 və Zamin2 hər biri ayrı- ayrılıqda iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 477.0-cı maddəsinəəsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq əşyaların nisyə alqı-satqısı barədə müqavilələr bağlanmışdır. Zamin1 xx.xx.2019-cu il tarixli, Zamin2 isə xx.xx.2020-ci il tarixli müqavilə üzrə öhdəliklərin icrası üçün zamin qismində öz üzərinə öhdəlik götürmüşdür. İddiaçı (satıcı) müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyaları Cavabdeh təhvil vermiş, lakin sonuncu, müqavilələr öhdəliklərini lazimi qaydada icra etməmişdir. Nəticədə, iddiaçının təqdim etdiyi sübutlar əsas borcun yarandığı müqavilələr üzrə düzgün hesablandığını təsdiq edir, qarşı tərəf isə daha çox ödəniş edildiyinə, daha az borcun qalmasına dair hər hansı dəlillə əsas borca dair tələbi təkzib etməmişdir. Bununla yanaşı, iddiaçı xx.xx.2019-cu il tarixli müqavilə üzrə borcun həmçinin zamin qismində Zamin1 da tutulmasını xahiş etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Normanın məzmunundan göründüyü kimi müddət təyin edilmədikdə, iddiaçı zaminlik müqaviləsinin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində zaminə qarşı iddia irəli sürə bilər, əks halda zaminliyə xitam verilir. Satıcı "xxxx" MMC ilə cavabdeh Zamin1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsində zaminliyin müddəti göstərilməmişdir. Lakin müqavilələrin 3.1-ci bəndinə əsasən, “əsas müqaviləyə əsasən yalnız bütün ödənişlər tam və vaxtında ödənildikdə zaminlik müqaviləsinə xitam verilir”. Məhkəmə hesab edir ki, müqavilədə göstərilən belə şərt müddət anlayışına uyğun olmadığından zaminliyin müddəti kimi müəyyən və qəbul edilə bilməz. Belə ki, Mülki Məcəllənin 367-ci maddəsinə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin maddədə müddətin müəyyənləşdirilməsinin 3 qaydası təsbit edilmişdir. - dəqiq təqvim tarixi; - illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi; - hökmən baş verməli olan hadisənin göstərilməsi. Müqavilənin müddətinin öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilməsi şərti həmin maddənin tələblərinə uyğun deyildir. Çünki öhdəliklərin tam icra edilməsi hökmən baş verməli hadisə kimi qiymətləndirilə bilməz. Ümumiyyətlə müddətlərin bitməsi obyektiv xarakter daşıyır, yəni mülki hüquq münasibətlərinin subyektlərinin iradəsindən asılı deyil. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, müqavilə üzrə öhdəliyin icrası müddətinin aydın şəkildə ifadə olunduğu hallarda zaminliyin bütün öhdəliklər tam ödənilənədək qüvvədə olması barədə müqavilə şərti hüquqi müəyyənlik prinsipinə, mülki qanunvericiliyin zaminliyə xitam verilməsini, habelə müddətləri tənzimləyən müddəalarına zidd olduğu üçün əhəmiyyətsiz olmaqla tərəflər üçün hüquqi nəticələr doğura bilməz. Belə ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən müddətin keçməsini istisna edən və ya çətinləşdirən müqavilə şərtləri müəyyən edə bilməzlər. Digər tərəfdən Mülki Məcəllənin 419.2-ci maddəsinə müvafiq olaraq müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məlum olduğu kimi ölkədə mövcud olan işgüzar adətlərə əsasən kiçik həcmli alqısatqı və onların təminatı kimi imzalanan zaminlik müqavilələrinin nümunəvi formaları bir qayda olaraq satıcılar tərəfindən təklif olunur. Bu mənada baxılan iş üzrə iddiaçı olan satıcı və Zamin1 arasında bağlanmış zaminlik müqaviləsi üzrə zaminlik onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində qüvvədə olmuşdur. "xxxx" MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi 22 noyabr 2019-cu il tarxində 12 ay müddətinə bağlandığından həmin müqavilə üzrə kredit öhdəliyinin icrası vaxtı xx.xx.2020-ci il tarixində başa çatmışdır. İddiaçı həmin tarixdən təxminən 1 il 6 ay keçdikdən sonra – xx.xx.2022-ci il tarixində hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da cavabdeh Zamin1 zaminliyinə qanunun imperativ göstərişinə əsasən xitam verilmişdir. Bu səbəbdən iddia Zamin1 aid hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Məcəllənin 477-ci maddəsində müəyyən edilmiş müddətlər pozulmuş hüququn bərpası üçün məhkəməyə müraciət etmə müddəti (iddia müddəti) deyil, müddətin keçməsi ilə bağlı öhdəliyə xitam verilməsi (kəsici) müddətidir. İddia müddətlərindən fərqli olaraq kəsici müddətlərin keçməsi ümumiyyətlə öhdəliyə xitam verir və Mülki Məcəllənin 17-ci fəslində (Öhdəliklərə xitam verilməsi) belə müddətlərin tətbiq olunması üçün tərəflərin ərizə verməsi tələb olunmur. Bununla yanaşı, baxılan iş üzrə iddiaçı olan satıcı və Zamin2 arasında bağlanmış zaminlik müqaviləsi üzrə zaminlik onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində qüvvədə olmuşdur. "xxxx" MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi 19 fevral 2020-ci il tarxində 18 ay müddətinə bağlandığından həmin müqavilə üzrə kredit öhdəliyinin icrası vaxtı xx.xx.2021-ci il tarixində başa çatmışdır. İddiaçı həmin tarixdən təxminən 1 il keçənədək – xx.xx.2022-ci il tarixində hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən, habelə xx.xx.2020-ci il tarixli müqavilənin 2.3-cü bəndinə əsasən zamin qismində Zamin2 borclu Cavabdeh ilə birgə məsuliyyət daşıyır. Qeyd edilənlərə və Mülki Məcəllənin 427, 442, 448, 470.1, 472.1, 477 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borc Cavabdeh, xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borc Cavabdeh və Zamin2 iddiaçının xeyrinə müştərək qaydada tutulmalıdır. Bundan başqa, iddiaçı müqavilələrə istinad edərək gecikdirilmiş ödənişlərə görə xx.xx.2019cu il tarixli müqavilə üzrə 89 manat; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 469.20 manat cərimə tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz surətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və dəbbə pulunun xx.xx.2019-cu il tarixli müqavilə üzrə 14 manat; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 74 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh, Zamin1 və Zamin2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 296 manat əsas borc, 14 manat cərimə olmaqla, cəmi 310 manat borc Cavabdeh, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1576.8 manat əsas borc, 74 manat cərimə olmaqla, cəmi 1650.8 manat borc cavabdehlər Cavabdeh və Zamin2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul cavabdehlər Cavabdeh və Zamin2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 296 manat əsas borc, 14 manat cərimə olmaqla, cəmi 310 (üç yüz on) manat pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh və Zamin2 xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1576.8 manat əsas borc, 74 manat cərimə olmaqla, cəmi 1650 (min altı yüz əlli) manat 80 (səksən) qəpik pul müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh və Zamin2 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-866/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-866/2022
31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver