Məhkəmə qərarları › İş №e-2(125)-887/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-887/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-887/2025 31.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı MMC, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 605,8 manat ödənilməmiş əsas, 181,74 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 164,4 manat ödənilməmiş əsas, 49,32 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2152,2 manat ödənilməmiş əsas, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 645,66 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 519,93 manat ödənilməmiş əsas, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 155,98 manat cərimə olmaqla, ümumilikdə 4522,23 manat pulun və ödənilmiş 65,23 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2023-cü il tarixdə “Hoffman Siac” markalı kondisionerin nisyə alğı-satqısı barədə 03524150 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 1601,2 manat, ilkin ödəniş 10 manat, ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 88,4 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2023-cü il tarixdə İmei kodu **********01864 olan “Xiaomi Redmi 12” markalı mobil telefonun nisyə alğı-satqısı barədə 03384593 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 517,86 manat, ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 28,77 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2024-cü il tarixdə İmei kodu **********82067 olan “İphone 15 Plus” markalı mobil telefonun və “Apple” markalı adapterin nisyə alğı-satqısı barədə 03457025 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyaların ümumi dəyəri 2862,86 manat, ilkin ödəniş 50 manat, ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 156,27 manat müəyyən edilmişdir. Əşyalar cavabdehə xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2024-cü il tarixdə İmei kodu **********55697 olan “OPPO A18” markalı mobil telefonun və “Casio” markalı qol saatının nisyə alğı-satqısı barədə ******* nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyaların ümumi dəyəri 531,82 manat, ilkin ödəniş 10 manat, ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 28,99 manat müəyyən edilmişdir. Əşyalar cavabdehə xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. Hər dörd müqavilə üzrə cavabdeh tərəfindən ödənişlər qismən aparılmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri cavabdeh tərəfindən pozulmuş, ümumilikdə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 995,4 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 353,46 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 710,66 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 11,89 manat ödəniş edilmişdir. Ona görə də cavabdehin iddiaçıdan aldığı xx.xx.2023-cü il tarixli müqavilə üzrə dəyəri 995,4 manat (18 ay x 88,4 manat + 10 manat ilkin ödəniş) olan əşyaya görə 605,8 manat əsas, 181,74 manat dəbbə (güzəştlə) pulu borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə dəyəri 517,86 manat (18 ay x 28,77 + 0 manat ilkin ödəniş) olan əşyaya görə 164,4 manat əsas, 49,32 manat dəbbə (güzəştlə) pulu borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə dəyəri 2862,86 manat (18 ay x 156,27 manat + 50 manat ilkin ödəniş) olan əşyalara görə 2152,2 manat əsas, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 645,66 manat dəbbə (güzəştlə) pulu borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə dəyəri 531,82 manat (18 ay x 28,99 manat + 10 manat ilkin ödəniş) olan əşyalara görə 519,93 manat əsas, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 155,98 manat dəbbə (güzəştlə) pulu borcu yaranmışdır. Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın İnnovativ Layihələr Mərkəzi tətbiq etdiyi rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq xəbərnamə işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə cavabdehin xx.xx.2023cü il tarixli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 995,4 manat, qalıq borcu – 605,8 manat əsas və 181,74 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 787,54 manat; xx.xx.2023-cü il tarixli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 353,46 manat, qalıq borcu – 164,4 manat əsas və 49,32 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 213,72 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 710,66 manat, qalıq borcu – 2152,2 manat əsas, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu və 645,66 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 2821,46 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə borca ödədiyi pul məbləği 11,89 manat, qalıq borcu - 519,93 manat əsas, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu və 155,98 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 699,51 manat təşkil edir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə sözügedən müqavilələr üzrə borcunun olması barədə xəbərdarlıq edilmiş, ondan borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəlləri üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2). Təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alğı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə təhvil verilmiş, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilələr üzrə yaranmış borcu tələb etməkdə haqlıdır. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Beləliklə, məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor müqavilə bağlayarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, müqavilələr üzrə tələb edilən dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Odur ki, müqavilələr üzrə dəbbə pulu azaldılaraq xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 31,2 manat, xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi 8,6 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 107,8 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 26,07 manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə, iddia tələbindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə hər müqavilə üzrə “İnnovativ layihələr mərkəzi rüsumu” təyinatı ilə 23,6 manat məbləğində pul tələb edilmişdir. İddia ərizəsinin əsaslandırıcı hissəsindən görünür ki, iddiaçı bu tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış müqavilələrə əsasən, Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın İnnovativ Layihələr Mərkəzi tətbiq etdiyi rüsumu tələb edə bilər. İş materiallarında olan tərəflər arasında bağlanmış müqavilələrin 3.4-cü bəndində qeyd edilmişdir ki, Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Müqavilələrin 3.14-cü maddəsinə əsasən, ... Müştərinin ümumi borc üzrə “ABC” qarşısında icra edilməmiş hər hansı pul öhdəliyi yaranarsa, bu halda “ABC” dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. Müqavilələrin 3.5-ci bəndində isə qeyd edilir ki, Müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilələrdə borclunun müqavilə öhdəliyini lazımınca icra etmədiyi halda "xxxx" MMC-nin müqavilə predmeti olan əşyanın istifadəsini mümkünsüz etməsi (o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə) hüququ nəzərdə tutulmuş, bu hüququn həyata keçirilməsi ilə bağlı "xxxx" MMC tərəfindən borcludan əlavə ödənişlər tələb edilməsinin mümkünlüyü müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, əgər iddiaçı məhz bu təyinatla cavabdehdən hansısa məbləğdə əlavə ödəniş (iddia tələbində qeyd edildiyi şəkli ilə rüsum) tələb edirsə, o, hansı əsasa görə cihazın deaktiv edilməli olduğunu, habelə cihazın deaktiv edilməsi üçün həmin məbləğdə xərc çəkildiyini sübut etməlidir. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş materiallarına isə iddiaçının tələbini bu hissədə təsdiq edə biləcək hər hansı dəlilə istinad edilməmiş, mötəbər sübut təqdim edilməmişdir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 605,8 manat əsas, 31,2 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 164,4 manat əsas, 8,6 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2152,2 manat əsas, 107,8 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 519,93 manat əsas, 26,07 manat cərimə olmaqla, ümumilikdə 3616 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 56,16 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 605,8 manat əsas, 31,2 manat cərimə, xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 164,4 manat əsas, 8,6 manat cərimə, xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 2152,2 manat əsas, 107,8 manat cərimə və xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 519,93 manat əsas, 26,07 manat cərimə olmaqla, ümumilikdə 3616 (üç min altı yüz on altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 56,16 (əlli altı manat on altı qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar