Məhkəmə qərarları › İş №e-2(125)-983/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-983/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-983/2025 11.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin əvəzi qismində 9.800 manat 68 qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 118 manat 01 qəpik və müvəqqəti təminat tədbiri barədə ərizəyə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 11 manat 80 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh «Nissan Navara» markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixində idarə edərkən "xxxx" ASC tərəfindən MV-C 00242-23 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış «Mitsubishi L200» markalı, ** PB *** dövlət qeydiyyat nişanlı sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən «Mitsubishi L200» markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 100 manat azadolma məbləği çıxılaraq 13.938 manat 84 qəpik sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə cavabdeh Verdiyev X3 Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığortası olmağı səbəbindən Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən subroqasiya tələbi bağlı 4.138 manat 16 qəpik sığorta ödənişi ödənilmiş, yerdə qalan 9.800 manat qəpik məbləğ isə Cavabdeh tərəfindən ödənilməlidir. Lakin hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbi təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır. Buna görə də "xxxx" ASC-nin cavabdehdən subroqasiya qaydasında pul tələb etmək hüququ yaranmışdır. Sonda iddiaçının nümayəndəsi X2 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı tam həcmdə etiraf etdiyini, ödənilmiş sığorta ödənişinin əvəzi qismində 9.800 manat 68 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində pul vəsaitinin ondan alınaraq iddiaçıya ödənilməsinə razı olduğunu, etirafın hüquqi nəticələrinin ona izah olunduğunu və ona məlum olduğunu bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MV-C 00242-23 nömrəli sığorta şəhadətnaməsinin surətindən görünür ki, «Mitsubishi L200» markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə «Avtomobilin Kasko Sığorta müqaviləsi» üzrə bir il müddətinə icbari sığorta olunaraq, sığorta təminatı almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, MVC0060/24 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2023-cü il tarixində, saat 16:30 radələrində Göygöl rayonu Danayeri kəndində yol nəqliyyat hadisəsi baş vermişdir. Avtomobillərin toqquşması nəticəsində «Mitsubishi L200» markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər 14.038 manat 84 qəpik təşkil etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli,1222 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən 14.038 manat 84 qəpik məbləğində pul vəsaiti "xxxx" MMC-yə ödənilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, Mİ-147671 nömrəli hesab fakturanın surətindən görünür ki, «Mitsubishi L200» markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər 14.038 manat 84 qəpik təşkil edir. İş materiallarında xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında surətindən görünür ki, Verdiyev X3 Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Gəncə Şəhər Məhkəməsinin hesabına müvəqqəti təminat tədbiri barədə ərizəyə görə 11 manat 80 (səksən) qəpik məbləğind dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı tam həcmdə etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə Cavabdeh iddianın etirafı qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri «subroqasiya hüququ» ilə bağlıdır və «subroqasiya hüququ» sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun sığortaçıya keçməsidir. Yəni «subroqasiya hüququ» müqavilə əsasında deyil, vurulmuş zərərin əvəzinin ödənilməsi nəticəsində, yaxud qanunun tələbi ilə əmələ gəlmişdir. Göründüyü kimi, qanunvericilik faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçməsini nəzərdə tutmuşdur. Sığorta hadisəsi Cavabdeh qanunazidd hərəkətlərinin nəticəsində baş vermişdir. Hadisə zamanı «Mitsubishi L200» markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə 9.800 manat 68 qəpik məbləğində zərər dəymiş və dəymiş zərər iddiaçı tərəfindən tam olaraq ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, faydalanan şəxsin zərərvuran şəxslərə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ, əmlak sığortası üzrə sığorta ödənişini etmiş sığortaçıya, yəni iddiaçıya subroqasiya qaydasında keçdiyi üçün iddia təmin edilməldir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 118 manat 01 qəpik və müvəqqəti təminat tədbiri barədə ərizəyə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 11 manat 80 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 9.800 (doqquz min səkkiz yüz) manat 68 (altmış səkkiz) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 118 (bir yüz on səkkiz) manat 01 (bir) qəpik, müvəqqəti təminat tədbiri barədə ərizəyə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 11 (on bir) manat 80 (səksən) qəpik, cəmi 9.930 (doqquz min doqquz yüz otuz) manat 49 (qırx doqquz) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar