Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-997/2025 12.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 602,8 manat ödənilməmiş əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum və 180,84 manat cərimə olmaqla, ümumilikdə 807,24 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması barədə qərardad qəbul edilmişdir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş hazırki iddia ərizəsi üzrə cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilməklə prosessual hüquq və vəzifələrinin izahı barədə məhkəmə bildirişi göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə etiraz təqdim edilmişdir. İş üzrə zərurət yarandığından, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-997/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2024-cü il tarixdə İmei kodu **********09410 olan “OPPO A58” markalı mobil telefonun, “Vinil şəffaf” və “Mychoice clear” adlı əşyaların nisyə alğı-satqısı barədə 02696981 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyaların ümumi dəyəri 794,88 manat, ödəniş müddəti 12 ay olmaqla, aylıq ödəniş 66,24 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş, cəmi 192,08 manat ödəniş edilmişdir. Ona görə də cavabdehin iddiaçıdan aldığı dəyəri 794,88 manat (12 ay x 66,24 manat + 0 manat ilkin ödəniş) olan əşyaya görə 602,8 manat əsas, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu və 180,84 manat dəbbə (güzəştlə) pulu borcu yaranmışdır. Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın İnnovativ Layihələr Mərkəzi tətbiq etdiyi rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, belə ki, xx.xx.2024-cü il tarixdə iddiaçı MMC-dən telefon götürmüş, 1 ay ödəniş etmişdir. Daha sonra səhhətində problemlər yarandığı üçün 2 ay müddətində xəstəxanada nevroloji müalicə almışdır. Ona baxacaq heç kimi yoxdur, ayda 220 manat pensiya alır. Pensiyasından 2 dəfə 100 manat olmaqla, cəmi 200 manat ödəniş etmişdir. Daha sonra ayrılıqda 50 və 67 manat ödənişlər edə bilmişdir. Onun etdiyi ödənişlər cərimə və faizlərə çıxılmışdır. Öz hesabına əsasən iddiaçı MMC-yə cəmi 250 manat borcu qalmışdır. İddiaçı MMC tərəfindən faiz və cərimələr çox yazılmışdır. Odur ki, maddi imkanının aşağı olmasının nəzərə alınaraq faiz və cərimələrin silinməsini, əsas borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etmişdir. Cavabdehə sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə cavabdehin həmin müqavilə üzrə borcu – 602,8 manat əsas, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu və 180,84 manat dəbbə (güzəştlə) pulu olmaqla, cəmi 807,24 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə sözügedən müqavilə üzrə borcunun olması barədə xəbərdarlıq edilmiş, ondan borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Müqavilə üzrə ödənişlər cavabdeh tərəfindən qismən aparılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%dək həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2). Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mallar cavabdehə təhvil verilmiş, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcu tələb etməkdə haqlıdır. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Beləliklə, məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor müqavilə bağlayarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tələb edilən dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Odur ki, müqavilə üzrə dəbbə pulu azaldılaraq xx.xx.2024-cü il tarixli müqavilə üzrə 18 manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə, iddia tələbindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən “İnnovativ layihələr mərkəzi rüsumu” təyinatı ilə 23,6 manat məbləğində pul tələb edilmişdir. İddia ərizəsinin əsaslandırıcı hissəsindən görünür ki, iddiaçı bu tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış müqaviləyə əsasən, Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın İnnovativ Layihələr Mərkəzi tətbiq etdiyi rüsumu tələb edə bilər. İş materiallarında olan tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndində qeyd edilmişdir ki, Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Müqavilənin 3.14-cü maddəsinə əsasən, ... Müştərinin ümumi borc üzrə “ABC” qarşısında icra edilməmiş hər hansı pul öhdəliyi yaranarsa, bu halda “ABC” dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. Müqavilənin 3.5-ci bəndində isə qeyd edilir ki, Müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə borclunun müqavilə öhdəliyini lazımınca icra etmədiyi halda "xxxx" MMC-nin müqavilə predmeti olan əşyanın istifadəsini mümkünsüz etməsi (o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə) hüququ nəzərdə tutulmuş, bu hüququn həyata keçirilməsi ilə bağlı "xxxx" MMC tərəfindən borcludan əlavə ödənişlər tələb edilməsinin mümkünlüyü müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, əgər iddiaçı məhz bu təyinatla cavabdehdən hansısa məbləğdə əlavə ödəniş (iddia tələbində qeyd edildiyi şəkli ilə rüsum) tələb edirsə, o, hansı əsasa görə cihazın deaktiv edilməli olduğunu, habelə cihazın deaktiv edilməsi üçün həmin məbləğdə xərc çəkildiyini sübut etməlidir. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş materiallarına isə iddiaçının tələbini bu hissədə təsdiq edə biləcək hər hansı dəlilə istinad edilməmiş, mötəbər sübut təqdim edilməmişdir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 602,8 manat əsas və 18 manat cərimə olmaqla, cəmi 620,8 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia tələbi əsasən əsaslı olduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 602,8 manat əsas və 18 manat cərimə olmaqla, cəmi 620,8 (altı yüz iyirmi manat səksən qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-997/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-997/2025
12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver