Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-2(1-8)-388/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və Inzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin Iddiaçı İddiaçı MMC-in cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, Inzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, Iddiaçı İddiaçı-in cavabdeh Cavabdeh qarşı “borc və zərərin ödənilməsi” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. Iş üzrə məhkəmə icraatı a) Xətai Rayon Məhkəməsindəki icraat
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən (bundan sonra – “cavabdeh”) 2024-cü il ## ####### tarixli AZL-**** saylı "Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 2025-ci il ## #### tarixə ödənilməmiş 485.57 manat gecikdirilmiş əsas, 609.88 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 399.57 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan "Chevrolet Cobalt" markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 278.80 manat, ümumilikdə 1.773.82 manat borc və ödənilmiş 37.74 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2026-cı il ## #### tarixli e-*(***)-****/**** nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – S.Eyvazova).
3. Məhkəmə müəyyən etmişdir ki, mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Belə ki, iddiaçı tərəfindən cavabdehdən tələb edilən pul vəsaiti sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən və cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan və hazırda fəaliyyəti müvəqqəti dayandırılmış VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) mövcud olması səbəbindən hazırki işə kommersiya məhkəməsində baxılması məqsədəmüvafiqdir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, məhkəmə iclasında iştirak edən iddiaçı avtomobillərin satışı ilə məşğul olduqlarını və cavabdeh ilə bu səbəbdən müqavilə bağladıqlarını, cavabdeh isə sədrlik edənin suallarına cavab olaraq proqramçı kimi çalışdığını, əvvəl VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) mövcud olduğunu, lakin daha sonra dondurduğunu, proqram təminarı istiqamətində fəaliyyət göstərmək üçün yaxın zamanda VÖEN alacağını bildirmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 25.1, 26.1, 26.2, 31.1, 44.2 və 44.2.2-ci maddələrinə, “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il ## ######## tarixli, ** saylı Qərarının 13 və 20-ci bəndlərinə istinadla əsaslandırmışdır.
b) Bakı Kommersiya Məhkəməsindəki icraat
5. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## ### tarixli e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – K.Hüseynov).
6. Məhkəmə qeyd etmişdir ki, iş üzrə iddiaçı kommersiya hüquqi şəxsi, cavabdeh isə VÖEN sahibi olan fiziki şəxs olsa da, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından kommersiya mübahisəsi hesab edilə bilməz. Belə ki, iş materiallarına görə, iddiaçı (lizinq verən) ilə cavabdeh (lizinq alan) arasında 2024-cü il ## ####### tarixli AZL-**** saylı daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilədə iş üzrə lizinq obyekti olan avtomobilin sahibkarlıq fəaliyyəti üçün istifadə edilməsi kimi hər hansı bir qeyd mövcud deyil. Həmçinin heç bir yerdə məhz müqavilə üzrə lizinq alan cavabdehin VÖEN-inə istinad edilməmişdir.
7. Eyni zamanda Xətai Rayon Məhkəməsinin qərardadında qeyd edilmişdir ki, məhkəmə iclasında iştirak edən iddiaçı avtomobillərin satışı ilə məşğul olduqlarını və cavabdeh ilə bu səbəbdən müqavilə bağladıqlarını, cavabdeh isə sədrlik edənin suallarına cavab olaraq proqramçı kimi çalışdığını, əvvəl VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) mövcud olduğunu, lakin daha sonra dondurduğunu, proqram təminarı istiqamətində fəaliyyət göstərmək üçün yaxın zamanda VÖEN alacağını bildirmişdir.” qeyd olunmuşdur.
8. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında olan mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə deyil və lizinqə götürülmüş avtomobil məhz şəxsi istifadə üçün əldə edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni MPM-in 25.1, 26.1, 26.2 və 31.1-ci maddələrinə, “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il ## ######## tarixli, ** saylı Qərarının 11, 12, 13 və 15-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.”
“Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.”
“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.”
“Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.”
“Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.
Ali Məhkəmənin mövqeyi
11. Qarışıq məhkəmə tərkibi hesab edir ki, iş baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir.
12. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
13. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” ## ######## 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır (11-ci bənd). 14.Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (12-ci bənd). 15.Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (13-cü bənd).
16. Plenum Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması isə işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.
17. Hazırkı işin halları ondan ibarətdir ki, tərəflər arasında 2024-cü il ## ####### tarixli AZL- **** saylı “Daxili lizinq” müqaviləsi bağlanmışdır. Həmin müqavilədə cavabdehin vergi ödəyicisi statusunda olması və nəqliyyat vasitəsinin kommersiya fəaliyyətində istifadə etmək məqsədi ilə alındığı göstərilməmişdir. Müqaviləyə əlavə olunmuş sənədlərdə də cavabdehin fərdi sahibkar statusunda olması və müqavilənin bağlanması məqsədinin cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmasına dair məlumat göstərilməmişdir.
18. Belə olan halda tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinin (cavabdehə münasibətdə) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması nəticəsinə gəlmək üçün əsaslar mövcud deyildir.
19. Bu baxımdan, mübahisənin kommersiya məhkəməsində baxılması üçün tələb olunan şərtlərdən biri, yəni hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı mövcud deyil və bu səbəbdən də, işə kommersiya məhkəməsində baxılması üçün hüquqi əsaslar yoxdur.
20. Qeyd olunanlara əsasən qarışıq məhkəmə tərkibi hesab edir ki, iş ümumi məhkəmənin yurisdiksiyasına aid olmaqla, məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir.
21. Şərh olunanlara əsasən məhkəmə tərkibi
QƏRARA ALDI:
İddiaçı MMC-in cavabdeh Cavabdeh qarşı borc və zərərin ödənilməsi tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.