Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-2(1-8)-398/2026 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və Inzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin Iddiaçı X2 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, Inzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, Iddiaçı X2 cavabdeh Cavabdeh qarşı “borc” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. Iş üzrə məhkəmə icraatı a) Naxçıvan MR Şərur Rayon Məhkəməsindəki icraat
1. X2 (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 114.869 manat borcun, 40.000 manat cərimənin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 445,37 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 2026-cı il # ##### tarixli e-*(*-**)-**/**** nömrəli qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – İ.Zeynalov).
3. Məhkəmə bildirmişdir ki, iş üzrə məhkəməyə təqdim olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara görə, cavabdeh “X1” MMC-dən 2022ci il ## ###### tarixindən 2024-cü il ## ###### tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda 389.636 manat dəyərində nisyə şəkildə “Broyler Böyütmə” adlı yem məhsulu almış, həmin məhsulun bir qisminin pulunu ödəsə də hazırda həmin fabrikaya 101.180 manat məbləğində borcu qalmışdır.
4. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında yaranmış mübahisə nəticə etibarilə kommersiya mübahisəsidir, ona görə də hazırki mülki işə ümumi məhkəmədə baxıla bilməz.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 26.1, 31.1, 32.3, 32.4, 32.5, 32.6 və 32.7 -ci maddələrinə, “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il ## ######## tarixli, ** saylı Qərarının 12, 14 və 28-ci bəndlərinə istinadla əsaslandırmışdır.
b) X3 Məhkəməsindəki icraat
6. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2026-cı il ## ### tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Q.Məmmədov).
7. Məhkəmə göstərmişdir ki, iddiaçı fərdi sahibkar olaraq “X1” MMC-nin fəaliyyətinin ev quşları üçün yem məhsulları istehsal edib satışını həyata keçirməsini, cavabdehin müxtəlif vaxtlarda həmin fabrikadan yem almasını və borcunun qalmasını qeyd edərək məhkəməyə müraciət etmişdir. Cavabdehin “X1” MMC-dən yem almasının iddiaçı ilə sahibkarlıq fəaliyyətinin yerinə yetirilməsi məqsədi ilə olması məlum olmamışdır. Iddiaçı ilə cavabdeh arasında isə sahibkarlıq fəaliyyəti yaranmasını təsdiq edən real sübut təqdim olunmamış və yaranmış münasibətin sahibkarlıq fəaliyyətinin yerinə yetirilməsi məqsədi ilə olması real görsənməmişdir.
8. Məhkəmə müəyyən etmişdir ki, elektron sistemdən alınmış məlumata əsasən cavabdeh 2021-ci il ## ####### tarixində VÖEN alaraq fəaliyyətə başlamış, hazırda fəaliyyəti dayanmış görsənir. Iddiaçı isə 2006-cı il # ###### tarixində VÖEN alaraq fəaliyyətə başlamış, hazırda fəaliyyəti aktiv görsənir. Həmçinin “X1” MMC 2023-cü il ## #### tarixində VÖEN alaraq fəaliyyətə başlamış, hazırda fəaliyyəti aktiv görsənməklə rəhbəri Nicat Ağamurad oğlu görsənir.
9. Məhkəmə bildirmişdir ki, iddia tələbində “X1” MMC-dən cavabdehin yem alması qeyd edilsə də iş üzrə iddiaçının adından iddia verilmişdir. Iş materiallarından iddiaçı ilə cavabdeh arasında sahibkarlıq münasibətinin yaranması və məhkəmə mübahisəsinin olması ilə əlaqədar sübutlar müəyyən olunmamışdır. Odur ki, hazırkı mübahisə üzrə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranması iş materialları ilə müəyyən edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni MPM-in 1, 13, 24.1, 24.2, 24.3, 25.1, 26.1, 32.3, 32.7 və 82.1-ci maddələrinə, “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il ## ######## tarixli, ** saylı Qərarının 11 və 12-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.”
“Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.”
“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.”
“Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.”
“Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.
Ali Məhkəmənin mövqeyi
12. Qarışıq məhkəmə tərkibi hesab edir ki, iş baxılması üçün Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilməlidir.
13. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
14. Hazırkı iş üzrə subyekt tərkibi baxımından mübahisənin kommersiya məhkəməsində baxılmasını istisna edən hal müəyyən edilmir. Belə ki, iş materiallarından görünür ki, həm iddiaçı, həm də cavabdeh vergi uçotuna alınmış fiziki şəxslərdir.
15. Elektron sistemdən alınmış məlumata əsasən cavabdeh 2021-ci il ## ####### tarixdə vergi uçotuna alınaraq fərdi sahibkar kimi fəaliyyətə başlamış, hazırda isə fəaliyyətinin dayandırıldığı görünür. Lakin həmin hal özlüyündə onun fərdi sahibkar statusunun itirilməsi kimi qiymətləndirilə bilməz.
16. “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il ## ######## tarixli Qərarının 28-ci bəndində qeyd olunmuşdur ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir.
17. Iş materiallarında cavabdehin vergi uçotundan çıxarılması və ya fərdi sahibkar statusuna xitam verilməsi ilə bağlı hər hansı məlumat mövcud olmadığından, onun fəaliyyətinin müvəqqəti dayandırılmış olması subyektiv tərkib meyarının mövcudluğunu istisna etmir.
18. Tərəflər arasındakı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə dair isə aşağıdakılar qeyd edilir.
19. Iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən məhz sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış borcun tutulmasını tələb edir. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, fərdi sahibkar Vüqar Qardaşıva məxsus olan “X1”nin fəaliyyəti ev quşları üçün yem məhsulları istehsal edib satışını həyata keçirməkdən ibarətdir. Cavabdeh müxtəlif vaxtlarda həmin fabrikdən 389.636 manat dəyərində nisyə şəklində “Broyler Böyütmə” adlı yem məhsulu almış, həmin məhsulun dəyərinin bir qismini ödəmiş, lakin 116.860 manat hissəsini ödəməmişdir.
20. Iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin Istintaq şöbəsinin ## ###### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında əks olunan məlumatlara əsasən cavabdeh öz izahatında bildirmişdir ki, “o, 2018-ci ildən 2023-cü ilin mart ayına kimi Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən quşçuluq fermasını icarə müqaviləsi əsasında götürüb ev quşlarının təsərrüfatı ilə məşğul olmuşdur. 2021-ci il tarixdən hazırki vaxta kimi isə Göyçay rayonu, Mirzəhüseynli kəndində yerləşən quşçuluq fermasını icarə müqaviləsi əsasında götürüb ev quşlarının təsərrüfatı ilə məşğuldur. Təsərrüfat fəaliyyəti Bakı şəhəri ərazisində fəaliyyət göstərən broyler cücə fabriklərindən bir günlük cücəni alıb öz fermasında “Broyler Böyütmə” yemi ilə bəsləyib 35-40 günlüyündə isə diri satışını həyata keçirərək müxtəlif kəsim sexlərinə satmaqdan ibarətdir. Qeyd etdiyi “Broyler Böyütmə” quş yemini əsasən “X1”dən almışdır. 2022-ci il ## ###### tarixdən 2024-cü il ## ###### tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda “X1”dən 330 kiloqram, 200 qram çəkidə, 389.636 manat dəyərində nisyə şəkildə “Broyler Böyütmə” adlı yem məhsulu almış, həmin məhsulun bir qisminin pulunu ödəsə də hazırda “X1”nə 101.180 manat məbləğində borcu qalmışdır. Borcunu da iş prosesində yaranmış müəyyən çətinliklərlə bağlı ödəyə bilməmiş, lakin hazırda söz verir ki, qısa bir müddət ərzində “X1”-yə olan 101.180 manat məbləğində borcunu ödəyəcəkdir”.
21. Göründüyü kimi həmin izahatda yem məhsullarının cavabdehin məişət ehtiyacları üçün deyil, məhz quşçuluq təsərrüfatının həyata keçirilməsi və son nəticədə yetişdirilən quşların satışından gəlir əldə olunmasına yönəlmiş fəaliyyət çərçivəsində əldə edilməsi göstərilmişdir. Bu isə münasibətin iqtisadi fəaliyyət və gəlir əldə etmək məqsədi daşıyan sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu göstərən obyektiv əlamətdir.
22. Kommersiya Məhkəməsi isə iş materiallarında iddiaçı ilə cavabdeh arasında sahibkarlıq münasibətlərini təsdiq edən kifayət qədər sübutların olmadığını qeyd etmişdir. Lakin aidiyyət məsələsi həll edilərkən mübahisənin mahiyyəti üzrə bütün halların tam sübuta yetirilməsi tələb olunmur. Əks yanaşma aidiyyət institutunun məqsədinə zidd olaraq işin mahiyyəti üzrə araşdırmanın aidiyyət mərhələsində aparılması ilə nəticələnərdi. Məhkəmə aidiyyəti müəyyən edilərkən ilk olaraq iddia ərizəsindən və ona əlavə olunan materiallardan görünən hüquq münasibətinin xarakteri qiymətləndirilməli, həmin münasibətin həqiqətən mövcud olub-olmaması isə məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılarkən araşdırılmalıdır. Eyni zamanda, işə mahiyyəti üzrə baxılarkən iddiaçının istinad etdiyi halların təsdiq edilməməsi (hazırkı halda iddia ərizəsində qeyd edilən yem fabrikinin iddiaçıya deyil, başqa fiziki və ya hüquqi şəxsə məxsus olması) məhkəmə aidiyyətinin dəyişməsinə deyil, iddianın mahiyyəti üzrə gəlinən nəticəyə təsir edə bilər.
23. Beləliklə, tərəflərin subyekt tərkibi və iddia ərizəsi ilə ona əlavə olunmuş sənədlərə əsasən mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan, MPM-in 26.1-ci maddəsinin tələblərinə uyğun olaraq iş kommersiya məhkəməsinin yurisdiksiyasına aiddir və məhkəmə aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilməlidir.
24. Şərh olunanlara əsasən məhkəmə tərkibi
QƏRARA ALDI:
Iddiaçı X2 cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.