Məhkəmə qərarları › İş №e-2-2(1-8)-440/2026

Ali Məhkəmə Qərar — İş №e-2-2(1-8)-440/2026

16.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-2(1-8)-440/2026 16.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Apellyasiya şikayətinin qeyri-mümkünlüyü, apellyasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı MMC-nin cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli e-*-*(*-*)-***/**** nömrəli qərardadından cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı

1. İddiaçı MMC (bundan sonra - “iddiaçı”) 2025-ci il ## ###### tarixində Cavabdeh MMCyə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış malların alqı-satqısı haqqında 2024-cü il ## ### tarixli xxxx-071/24 nömrəli alqı-satqı müqaviləsinə əsasən 259.674 manat əsas borc, 20.000 manat gecikdirməyə görə dəbbə pulu olmaqla, cəmi 279.674 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 570 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 53-cü maddəsinin tələblərinə uyğun olaraq, “iddia tələbinin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış malların alqı-satqısı haqqında müqaviləyə əsasən gecikdirməyə görə 20.000 manat dəbbə pulu və iddiaçı tərəfindən ödənilmiş 570 manat dövlət rüsumu olmaqla, ümumilikdə 20.570 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il # #### tarixli e-*-*(***)-*****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 12.900 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 96,75 manat olmaqla, ümumilikdə 12.996,75 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət olunmuşdur (hakim – Z.Axundova).

4. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, azaldılmış iddia tələbinin 35 günə münasibətdə, 1.236,98 manat məbləğində təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli e-*- *(*-*)-***/**** nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməsi qərara alınmışdır (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).

6. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, “EMIS-dən çıxarışlara əsasən müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin 2026-cı il # #### tarixli e-*-*(***)-*****/**** nömrəli qətnamə 2026-cı il # ##### tarixində cavabdehin, eyni zamanda cəmiyyətin qanuni təmsilçisi olan Qanuni nümayəndə və nümayəndəsi və vəkili olan Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə və sonunculara həmin sistem vasitəsilə bu barədə məlumat ayrı-ayrılıqda “elektron ünvan 1”, “elektron ünvan 2” və “elektron ünvan 3” elektron poçtlarına göndərilməklə rəsmi qaydada verildiyi halda cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti 2026-cı il ## ### tarixində verilmiş, bununla da qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş bir aylıq prosessual müddət buraxılmış (1 aylıq prosessual müddət 2026-cı il # ##### tarixində başlamış və 2026-cı il # ### tarixində başa çatmışdır), müddətin bərpası üçün vəsatət isə şikayətə əlavə edilməmişdir.”.

7. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini MPM-in 128.1, 130.3, 360, 361, 363.1, 363.1.3, 363.1.1-1-ci maddələrinə istinadla əsaslandırmışdır.

8. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

9. MPM-in 130.3, 360, 361.1.1-ci maddələri üzrə - Mübahisələndirilən qətnamə 2026-cı il ## ##### tarixində, saat 19:01 dəqiqədə elektron məhkəmə sisteminə yerləşdirilmiş və qanunun tələblərinə görə 2026-cı il ## ### tarixi apellyasiya şikayətinin verilməsi üçün son gün hesab olunur. Apellyasiya şikayəti cavabdeh tərəfindən 2026-cı il ## ### tarixində verildiyindən heç bir müddət pozuntusundan söhbət gedə bilməz. Göründüyü kimi apellyasiya məhkəməsinə ünvanlanan şikayət birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış və qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin ötürülməsi faktı müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən, prosessual hüquq normalarının pozuntusuna yol vermiş, bu da məhkəmə qərardadının kassasiya qaydasında ləğv edilməsinə prosessual-hüquqi əsaslar yaratmışdır.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.”

“Maddə 366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. ...”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərə görə əsaslı hesab edir və onların mübahisələndirilən qərardadın ləğvi üçün əsas yaratdığı qənaətinə gəlir.

13. Belə ki, cavabdeh kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin mübahisələndirilən qətnaməsinin 2026-cı il ## ##### tarixində saat 19:01-də "Elektron məhkəmə" informasiya sistemində onun şəxsi kabinetinə yerləşdirildiyini göstərmişdir.

14. Həmin dəlilin yoxlanılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Elektron məhkəmə və informasiya texnologiyaları şöbəsinə AZEMIS-in yeni versiyaya keçidi ilə əlaqədar texniki məlumatın təqdim olunması barədə 2026-cı il # #### tarixində elektron sorğu göndərilmişdir.

15. Məhkəmə-X1 Rəqəmsal ədalət mühakiməsi və innovativ inkişaf şöbəsinin Informasiya texnologiyalarının tətbiqi sektorunun 2026-cı il ## #### tarixli cavab məktubunda bildirilmişdir ki, birinci instansiya məhkəməsinin icraatında e-2-2(113)-10391/2025 nömrəsi ilə baxılmış iş üzrə 2026-cı il # #### tarixli yekun məhkəmə aktının (əsas sənədin) imzalanma tarixi 2026-cı il # #####, saat 11:10; həmin qətnamənin Elektron Məhkəmə sistemində şəxsi kabinetdə yerləşdirilməsi barədə bildirişin göndərilmə tarixi 2026-cı il ## #####, saat 19:01 qeyd olunmuşdur.

16. Beləliklə, kassatorun bu barədə şikayətində irəli sürdüyü dəlil öz təsdiqini tapdığından, kassasiya şikayətinin prosessual müddət ötürülmədən verildiyi müəyyən edilir.

17. Məhkəmə kollegiyası, eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinə hazırkı mübahisə ilə bağlı olmayan başqa bir kassasiya şikayəti də əlavə edilmişdir. Həmin şikayət bu baxılan işlə əlaqəli olmadığından və texniki səhv nəticəsində əlavə edildiyi anlaşıldığından, hazırkı kassasiya icraatı çərçivəsində həmin şikayətin müzakirə olunaraq hüquqi qiymət verilməsi mümkün deyildir.

18. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli e-*-*(*-*)- ***/**** nömrəli qərardadı əsaslı hesab oluna bilməz. Buna görə də kassasiya şikayəti təmin olunmalı, həmin qərardad ləğv edilməli, iş apellyasiya şikayəti üzrə müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır.

19. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALIR:

Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilsin.

Cavabdeh MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinin 2026-cı il # #### tarixli e-*- *(***)-*****/**** nömrəli qətnaməsindən verilən apellyasiya şikayəti üzrə müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi məqsədilə iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar