Məhkəmə qərarları › İş №e-2-2(1-8)-539/2026

Ali Məhkəmə Qərar — İş №e-2-2(1-8)-539/2026

28.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-2(1-8)-539/2026 28.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və Inzibati Kollegiyalarının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlu (məruzəçi), Mülki Kollegiyasının hakimi Baxışova Vüsalə Ələkbər qızı və Inzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Iş üzrə məhkəmə icraatı a) Naxçıvan Muxtar Respublikasının Babək Rayon Məhkəməsindəki icraat

1. Iddiaçı MMC 2025-ci il ## ####### tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2024-cü il # ####### tarixli AZL-**** saylı "Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 2025-ci il ## #### tarixinə ödənilməmiş 478 manat gecikdirilmiş əsas, 626,24 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 438,94 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan "Chevrolet Cobalt" markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 436,60 manat, ümumilikdə 1.979,78 manat borc və ödənilmiş 39,80 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2024-cü il # ####### tarixli AZL-**** saylı "Daxili lizinq" müqaviləsinə əsasən "Chevrolet Cobalt" markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə N3) əsasən lizinq alan illik 19% mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 553,83 manat, ümumilikdə isə 37.729 manat məbləğində pul vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 37.729 manatın 25.850 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş "xxxx" MMC-nin mülkiyyətində olan, "Chevrolet Cobalt" markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobil 2025-ci il ## #### tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 436,60 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh AZL-**** saylı "Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 2025-ci il ## #### tarixinə ümumilikdə 1.543,18 manat məbləğində gecikmə borcu yaranmışdır.

3. Naxçıvan MR Babək Rayon Məhkəməsinin 2026-cı il ## ###### tarixli e-*(***)-***/**** nömrəli qərardadı ilə mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – G.Ismayıl).

4. Məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı MMC barəsində olan vergi məlumatları üzrə “EMIS”-dən çıxarışdan belə məlum olur ki, (VÖEN - **********) 2021-ci il # ###### tarixindən aktiv kommersiya hüquqi şəxsdir. Cavabdeh Cavabdeh barəsində olan vergi məlumatları üzrə “EMIS”- dən çıxarışdan isə belə məlum olur ki, o, (VÖEN - 0301187722) 2025-ci il ## ###### tarixindən əsas fəaliyyət növü “ŞƏXSI MAŞINLARIN SÜRÜCÜ ILƏ ICARƏSI” olmaqla Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatdadır və fəaliyyətini müvəqqəti dayandırmış vergi ödəyicisidir.

5. Qərardad onunla əsaslandırılmışdır ki, qanunvericilik məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyarlar üzrə qiymətləndirməni həyata keçirən məhkəmə qeyd etmişdir ki, tərəflərin izahatı əsasında müəyyən olunur ki, mübahisə predmetini təşkil edən tələb tərəflərin ayrı-ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə ki, lizinq predmeti vergi ödəyicisi olaraq şəxsi maşınların icarəsi ilə məşğul olan cavabdehin fəaliyyət istiqaməti ilə üst-üstə düşməklə onun həmin lizinq müqaviləsini bağlamaqla öz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə yönəlmiş fəaliyyətinin nəticəsi olan tələb olduğu görünür. Beləliklə, mübahisənin subyekt dairəsi sahibkarlıq subyektləri olan hüquqi şəxs və fərdi sahibkardan ibarətdir. Mübahisə predmeti subyekt tərkibindən asılı olmayaraq ümumi məhkəmələrdə baxılmalı olan tələblərə daxil deyildir. Mübahisə tərəflərin ayrı-ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbinə kommersiya mübahisəsi olduğundan ümumi məhkəmədə baxıla bilməz. 6. b) Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsindəki icraat

7. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2026-cı il ## #### tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materialları Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – Q.Məmmədov).

8. Məhkəmə qeyd etmişdir ki, “Elektron məhkəmə” informasiya sistemindən “Vergi ödəyicisi məlumatları” çıxarışına əsasən, Cavabdeh tərəfindən VÖEN-in alınma tarixi 2025-ci il ## ######dır. Lakin mübahisə tərəfləri arasında öhdəlik münasibətlərinin yaranmasına əsas olan AZL-**** nömrəli Daxili Lizinq müqaviləsi 2024-cü il # ####### tarixində bağlanmışdır.

9. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında müvafiq hüquq münasibətlərinin yaranmasına əsas verən AZL-**** nömrəli Daxili Lizinq müqaviləsi bağlanarkən cavabdeh Cavabdeh sahibkarlıq subyekti olmamış, vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Cavabdehin vergi ödəyicisi kimi qeydiyyata alınması sonrakı tarixdə - 2025-ci il ## ###### tarixində baş tutmuşdur.

10. Beləliklə, məhkəmə hesab etmişdir ki, müqavilə bağlanma şəraiti, eləcə də müqavilənin şərtləri tərəflərin qarşılıqlı iradə ifadələrinin “prima facia” sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə bağlanmadığını göstərir. Belə ki, müqavilə bağlandığı an cavabdeh Cavabdeh sahibkar statusu olmadığı, sonradan VÖEN-in əldə edilməsi həmin hüquq münasibətlərinin hüquqi təbiətini dəyişmir.

11. Qeyd olunanların birgə məzmunundan belə aydın olur ki, fiziki şəxs fərdi sahibkar statusunu məhz müvafiq vergi orqanında fərdi sahibkar kimi dövlət qeydiyyatından keçdiyi və ona VÖEN (Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) verildiyi tarixdən etibarən qazanır. Deməli, tərəflərin hal-hazırda vergi ödəyicisi olması hazırkı mübahisənin tərəflərin ayrılıqda və ya birlikdə sahibkarlıq fəaliyyətindən irəli gəldiyini təsdiq edən hal kimi qiymətləndirilməməlidir.

12. Göründüyü kimi, qanunvericiliklə mübahisənin məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə müəyyən edilir ki, məhkəmə hazırkı mübahisənin işdə iştirak edən şəxslərin subyektiv tərkibi baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığı qənaətində olduğundan məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün iş materialları Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü; Mülki Prosessual Məcəlləsinin 24.2, 25.1, 26.1, 26.2, 31.1, 32.3, 32.7-ci maddələrinə; “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il ## ######## tarixli ** nömrəli Qərarının 10, 12, 13-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 24.2. “Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” Maddə 25.1. “Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.” Maddə 26.1. “Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.” Maddə 26.2. “Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.” Maddə 31.1. “Aidiyyət qaydalarının pozulmasına yol verilmir.” Maddə 403-1.7. “Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” Maddə 403-1.9. “Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: Maddə 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; Maddə 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.”

Ali Məhkəmənin mövqeyi

15. Qarışıq məhkəmə tərkibi iş materiallarında olan sübutları və tətbiq edilməli prosessual hüquq normalarını qiymətləndirərək belə qənaətə gəlir ki, işə baxılması aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Babək Rayon Məhkəməsinə göndərilməlidir.

16. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. MPM-in 25 və 26-cı maddələri isə müvafiq olaraq mübahisələrin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətini müəyyən edir.

17. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair" 2020-ci il ## ######## tarixli ** nömrəli Qərarının 11-ci bəndində müəyyən edilmiş hüquqi mövqeyə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Məhkəmə aidiyyətini yeni qaydada müəyyən edilməsi zamanı, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb olunur. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.

18. Qeyd olunan Plenum Qərarının 14-cü bəndinə əsasən,...subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibkarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.

19. Hazırkı mübahisə üzrə iddiaçı hüquqi şəxs, cavabdeh isə fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmış fiziki şəxs, iddia tələbi isə lizinq müqaviləsi üzrə borcun və dəymiş ziyanın ödənilməsi ilə bağlıdır.

20. Bununla belə, iş materiallarında olan lizinq müqaviləsinin məzmunundan lizinq predmetinin cavabdehə məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə verildiyi müəyyən edilmir. Müqavilədə bu barədə hər hansı qeyd və ya şərt nəzərdə tutulmamış, eləcə də iş materiallarında mübahisə predmeti olan hüquq münasibətlərinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yarandığını təsdiq edəcək sübut təqdim edilməmişdir.

21. Bu nöqteyi nəzərdən, hüquq münasibətlərinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması şərti müəyyən edilmədiyindən, hazırkı mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz.

22. Qarışıq məhkəmə tərkibi qeyd olunanları nəzərə alaraq Mülki Prosessual Məcəllənin 403-1.9.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddiaçı MMC-nin cavabdehə qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Babək Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar