Məhkəmə qərarları › İş №e-2-2(102)-662/2023

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-662/2023

04.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-662/2023 04.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçı ASC-nin Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə fikir ayrlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən), Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu və İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı ASC-nin Cavabdehə qarşı “dəymiş maddi ziyanın ödənilməsi və texnikanın saz vəziyyətdə geri qaytarılması” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 18 oktyabr tarixli e-2-2(115)-1624/ 2023 saylı qərardadına əsasən, Bərdə Rayon Məhkəməsi ilə Gəncə Kommersiya Məhkəməsi arasında fikir ayrılığının həll edilməsi ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İ. İŞİN HALLARİ

1. Elektron vergi ödəyiciləri sistemindən alınmış məlumatdan görünür ki, "xxxx" MMC ********** saylı VÖEN əsasında 2016-cı il 20 oktyabr tarixində dövlət qeydiyyatına alınmışdır və qanuni təmsilçisi Cavabdehdur.

2. Ağcabədi rayon prokurorunun böyük köməkçisi, İ dərəcəli hüquqşünas X4 icraatında olan ********* saylı cinayət işi üzrə 2021-ci il 30 dekabr tarixində qəbul etdiyi cinayət işi üzrə icraata xitam verilməsi barədə qərara əsasən "xxxx" ASC-nin Ağcabədi Regional nümayəndəliyinin balansında olan “Belarus 89.2” markalı, 10- D-689 dövlət qeydiyyat nişanlı traktorun X2 və yaxud hər hansı digər şəxs tərəfindən mənimsənilməklə talanması istintaqla öz təsdiqini tapmadığından cinayət işi üzrə əməldə cinayət tərkibinin olmaması əsası ilə Azərbaycan Respublikası CPM 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Bərdə Rayon Məhkəməsindəki icraat

3. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2023-cü il 5 iyun tarixində Cavabdehə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, 2017-ci il 24 iyun tarixli 05/608 nömrəli müvəqqəti lizinq müqaviləsinə əsasən 7.872 manat əldən çıxmış faydanın, 98,72 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və qanunsuz istifadədə olan 1 ədəd Belarus M TZ-89.2 markalı traktorun saz vəziyyətdə geri alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bərdə Rayon Məhkəməsinin 2023-cü il 18 sentyabr tarixli e-2(021)-2679/2023 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – F.Babaşov).

5. Məhkəmə qeyd etmişdir ki, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan (bax yuxarıda § 2) aydın görünür ki, cavabdehin fəaliyyəti kommersiya fəaliyyətindən irəli gəlmiş və cavabdeh həm fiziki, həm də hüquqi şəxs olan "xxxx" MMC-nin rəhbəri kimi kommersiya, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və həmin cəmiyyət südçülük-damazlıq fermer təsərrüfatı olmaqla qarğıdalı əkini və tədarükü (satışı) ilə məşğul olduğundan cavabdeh də iddiaçıya məxsus “Belarus M TZ-89.2” markalı traktoru qarğıdalı biçini üçün cəlb etmiş və cavabdeh kənd təsərrüfatı məhsullarının tədarükü və satışı sahəsində fəaliyyəti ilə əlaqədar kombayn-traktoru iddiaçıdan qısamüddətli lizinqə (istifadəyə) götürdüyündən məhkəmə hesab etmişdir ki, tərəflər arasında lizinq müqaviləsində cavabdehin cəmiyyətin rəhbəri kimi deyil, öz adından müqavilə bağlamasına baxmayaraq tərəflər arasındakı münasibətlər sahibkarlıq-kommersiya fəaliyyətindən irəli gəldiyindən və hər iki tərəf sahibkar olduğundan işə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalıdır.

6. Bərdə Rayon Məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.1, 25.1, 26.1, 44.2, 45.2-cü maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) 13-cü bəndinə istinad etməklə əsaslandırmışdır. b) Gəncə Kommersiya Məhkəməsindəki icraat

7. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 18 oktyabr tarixli e-2-2(115)-1624/2023 saylı qərardadı ilə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materialları Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdır (hakim – K.Vəliyev).

8. Kommersiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Dövlət Vergi Xidmətinin İnternet Vergi idarəsinin rəsmi saytında cavabdehin fiziki şəxs kimi vergi ödəyicisi olması barədə məlumat yoxdur. Cavabdehin "xxxx" MMC-nin qanuni təmsilçisi olması barədə məlumat vardır və qeyd olunan qeydiyyat nömrəsi (VÖEN **********) də "xxxx" MMC-yə məxsusdur.

9. Bərdə Rayon Məhkəməsinin qərardadında qeyd edilmişdir ki, X2 fiziki şəxs kimi 40010067 nömrəli VÖEN-ə malikdir. Lakin, X1 işdə iştirak edən şəxs olması qərardaddan, yaxud iş üzrə digər sənədlərdən bəlli deyildir.

10. Rayon Məhkəməsinin qənaətinə görə tərəflər arasında lizinq müqaviləsində cavabdeh cəmiyyətin rəhbəri kimi deyil, öz adından müqavilə bağlamasına baxmayaraq, tərəflər arasındakı münasibətlər sahibkarlıq kommersiya fəaliyyətindən irəli gəldiyindən və hər iki tərəf sahibkar olduğundan işə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalıdır.

11. Bununla bağlı Kommersiya Məhkəməsi qeyd etmişdir ki, fiziki şəxs bir və ya bir neçə hüquqi şəxsin rəhbəri ola bilər. Ancaq onun öz adından bağlamış olduğu müqavilələrin və götürmüş olduğu öhdəliklərin onun rəhbər olduğu hüquqi şəxslərlə heç bir bağlılığı yoxdur, o, bu münasibətlərdə tərəf olaraq müstəqil olaraq iştirak edir. Hazırkı iş üzrə cavabdeh müqavilə tərəfidir və iddia tələbi də ona yönəlmişdir. Onun isə sahibkar statusu yoxdur.

12. Cavabdeh vergi orqanında uçota alınmadan sahibkarlıq fəaliyyəti göstərmiş olsa belə, bu fəaliyyət qanuni sayılmır. Belə olan halda da mübahisəyə ümumi məhkəmədə baxılmalıdır.

13. Gəncə Kommersiya Məhkəməsi bu qənaətini MPM-in 24.2, 25.1, 26.1, 26.2, 32.3, 32.7-ci maddələrinə; Plenum Qərarının 9, 11, 12, 13, 27-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraat ı qaydasında kommersiya məhkəmələri baxır....”

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında müəyyən edilmişdir ki: “...

27. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqilli k, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fə rdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

16. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdə n iş araşdırılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməlidir.

17. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax yuxarıda § 14) əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aiddiyyətində olubolmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.

18. Hazırkı mübahisənin subyektiv tərkibi ona kommersiya məhkəməsində baxılmasına əsas vermir.

19. Belə ki iş materiallarından, o cümlədən internet vergi idarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair rəsmi internet səhifəsindən əldə olunmuş məlumata görə, hazırkı iş üzrə cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisidir, lakin sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs statusuna malik deyildir (yəni cavabdehin VÖEN-i yoxdur).

20. Qarışıq məhkəmə tərkibi Gəncə Kommersiya Məhkəməsinin mövgeyi ilə razılaşaraq hesab edir ki, hər hansı kommersiya hüquqi şəxsinin rəhbəri olan fiziki şəxs mülki hüquqi müqaviləni hüquqi şəxsin deyil, öz adından bağlayırsa, həmin müqavilə üzrə yaranan öhdəliklərin onun rəhbər olduğu hüquqi şəxslə heç bir bağlılığı yoxdur, o, bu münasibətlərdə tərəf kimi müstəqil olaraq iştirak edir. Belə olan halda isə cavabdehin özü müqavilə tərəfidir və iddia tələbi də ona yönəlməlidir.

21. Plenum Qərarının 27-ci bəndində (bax yuxarıda § 15) formalaşdırılmış hüquqi mövqelərdən aydın olur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gələn müb ahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır.

22. Göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, cavabdehin sahibkar statusu olmadığından hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılması hər bir halda istisna olunur. Odur ki, hazırkı mübahisəyə ümumi məhkəmədə, yəni iddianın verildiyi Bərdə Rayon Məhkəməsində baxılmalıdır.

23. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdehə qarşı “dəymiş maddi ziyanın ödənilməsi və texnikanın saz vəziyyətdə geri qaytarılması” tələbinə dair mülki iş baxılması üçün Bərdə Rayon Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar