Məhkəmə qərarları › İş №e-2-2(102)-732/2024

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-732/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-732/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati kollegiyalarının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, Mülki kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu və İnzibati kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 28 oktyabr tarixli e-2-2(113)-6095/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra – cavabdeh) ödənilməmiş 1942,54 manat məbləğində əsas borc, 349,66 manat məbləğində ƏDV borcu, cəmisi 2292,20 manat məbləğində pulun, hüquqi xidmətə görə ödənilmiş 250 manat xidmət haqqının, 46 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək kommersiya işinin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. B akı Kommersiya Məhkəməsinin 2024-cü il 28 oktyabr tarixli e-2-2(113)-6095/2024 nömrəli qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır (hakim – G.Namazova).

4. Məhkəmə mövqeyini Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 11-ci və 13-cü bəndlərində istinadla belə əsaslandırmışdır ki, işdə olan və iddiaçı tərəfindən mübahisələndirilən 2024-ci il 1 fevral tarixli, 017/21 saylı alqı-satqı müqaviləsini imzalayan cavabdeh fərdi sahibkar kimi müqaviləni bağlamış və müqavilədə VÖEN məlumatları da qeyd olunmuşdur. Müqavilə əsasında iddiaçı tərəfindən cavabdehin VÖEN-i qeyd edilməklə elektron qaimələr göndərilmiş, cavabdeh tərəfindən qaimələr üzrə ödənişlər edilmişdir. Beləliklə, məhkəmə subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab etmişdir ki, işə kommersiya məhkəməsində baxılmalıdır.

5. Cavabdeh şikayət verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 14 noyabr tarixli e-2-2(113)-6095/2024 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – G.Namazova).

7. Qərardad 2024-cü il 28 oktyabr tarixli e-2-2(113)-6095/2024 nömrəli qərardadla eyni məzmunda əsaslandırılmışdır. Şikayət a) Şikayətin dəlilləri

8. Şikayətçi MPM-in 24.2, 31.1, 32.4, 32.5-ci maddələrinə istinadla qeyd etmişdir ki, cavabdeh müqaviləni fiziki şəxs kimi imzalamışdır. Onun fərdi sahibkar kimi möhürü vurulmamışdır. Ona görə də hazırkı işə kommersiya məhkəməsində baxıla bilməz. Belə ki, cavabdeh Bakı şəhəri, Xətai rayonu, A.Rəhimov küçəsi 8 nömrəli evin 59 nömrəli mənzilində qeydiyyatda olmaqla yaşayır. Ona görə də mülki işə Xətai Rayon Məhkəməsində baxılmalıdır. b) Şikayətə qarşı etirazın dəlilləri

9. İddiaçı tərəfindən şikayətə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkə məyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....”

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründ üyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....” Ali Məhkəmənin mövqeyi

12. Şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, cavabdehin şikayəti aşağıdakı səbəblərdən mübahisələndirilən qərardadın ləğvi üçün əsas deyildir.

13. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aiddiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.

14. Plenum Qərarının 11 və 12-ci bəndində (bax § 10) formalaşdırılmış hüquqi mövqelərdən aydın olur ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi b axımından həlledici meyardır. İşin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməli olması nəzərə alınmalıdır.

15. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq qarışıq məhkəmə tərkibi qeyd edir ki, işdə olan 2024-ci il 1 fevral tarixli, 017/21 saylı alqı-satqı müqaviləsini imzalayan cavabdeh fərdi sahibkar kimi müqaviləni bağlamış və müqavilədə VÖEN məlumatları da qeyd olunmuşdur. Müqavilə əsasında iddiaçı tərəfindən cavabdehin VÖEN-i qeyd edilməklə elektron qaimələr göndərilmiş, cavabdeh tərəfindən qaimələr üzrə ödənişlər edilmişdir. İşin faktiki hallarından da aydın olur ki, tərəfl ər arasında yüksək məbləğdə yanacağın alqı-satqısı həyata keçirilmiş və bunun şəxsi istehlak üçün istifadə olunduğu sübuta yetirilməmişdir. Əksinə, aparılan əməliyyatlar göstərir ki, müqavilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır.

16. Cavabdehin şikayətində möhürün vurulmaması ilə bağlı dəlilinə münasibətdə qarışıq məhkəmə tərkibi vurğulayır ki, həmin müqavilənin özü cavabdehin möhürü ilə təsdiqlənməmişdir. Bununla belə müqavilənin predmetini təşkil edən yanacaq məhsulları elə həmin müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən qəbul edilmiş və həmin müqaviləyə onun möhürünün vurulmaması ilə bağlı hər hansı irad və ya etirazını bildirməmişdir. Digər tərəfdən bu müqavilənin özünün “digər şərtlər” adlanan bölməsinin 6.2ci bəndində müqavilənin qüvvəyə minməsi anı onu məhz tərəflərin imzalandığı məqamla (şərtlə) uzlaşdırılmışdır və həmin bənddə möhürlə bağlı hər hansı bir qeyd-şərt müəyyənləşdirilməmişdir. Bu baxımdan tərəflər arasında yaranan hüquqi münasibətlərin sahibkarlıq fəaliyyəti çərçivəsində həyata keçirilməsi ilə əlaqədar möhürün vurulubvurulmaması heç bir hüquqi əhəmiyyət kəsb etmir.

17. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 28 oktyabr tarixli e-2-2(113)-6095/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar