Məhkəmə qərarları › İş №e-2-2(104)-199/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(104)-199/2024

02.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(104)-199/2024 02.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əli Toğrul Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1635/2024 saylı qərardadına əsasən kommersiya işinin aidiyyət məsələsinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 117510,70 ABŞ dolları məbləğində pul vəsaitinin, ödənilmiş 400 manat mediasiya xərcinin və 90 manat məbləğində dövlət rüsumunun tutularaq “X2 Və Ticarət Anonim Şirkəti” nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2-2(113)-2608/2024 nömrəli qərardadı ilə Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair işin ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh ilə hər hansı bir müqavilə bağlamamış, müqavilədə həqiqətəndə, Cavabdeh imzası olmamışdır. Belə olan halda tərəflər arasında müqavilə ilə aiddiyyət qaydası müəyyən edilmədiyindən, aidiyyət qaydası mövcud qanunvericiliyin tələbləri əsasında həll edilməlidir. Cavabdeh Ağdam rayonu, Mərzili kəndində rəsmi olaraq qeydə alındığından iş aidiyyəti üzrə baxılması üçün X1 göndərilməlidir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1635/2024 saylı qərardadı ilə (hakim R.Qələnərzadə) iddiaçı Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkətinin Cavabdeh qarşı pul tələbinə dair iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2-2(113)-2608/2024 nömrəli qərardadında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə izahatında xx.xx.2021-ci il tarixli müqavilədə həqiqətən də, Cavabdeh imzasının olmadığını bildirdiyini əsas götürsə də, 26 iyul 2024-cü il tarixli məhkəmə iclas protokolunda iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında elektron sənəd mübadiləsi zamanı cavabdehin müqavilənin nüsxəsini imzalamayıb təmsil etdiyi şirkətə göndərmədiyini bildirmişdir. Bu isə tərəflər arasında həmin müqavilənin və qeyd edilən razılaşmanın mövcud olmadığı anlamına gəlmir. Ona görə də kommersiya işi Bakı Kommersiya Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməli deyildi. Bundan başqa işin faktiki hallarından göründüyü kimi, iddiaçı sözügedən müqavilədən irəli gələn mübahisə ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, araşdırılan işin mahiyyəti həmin müqavilədən irəli gələn mübahisələr olmuşdur. Belə ki, ilkin olaraq məhkəmə aidiyyət qaydalarına riayət etməklə işi öz icraatına qəbul etmişdir. Sonradan ərazi aidiyyətinin dəyişməsi halı mahiyyəti üzrə işin baxılması üçün başqa məhkəməyə göndərilməsinə əsas vermir. Mülki Prosessual Məcəllə: Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 40.2. Tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Maddə 40.3. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. İddiaçı ilə Cavabdeh arasında bağlanılması iddia olunan xx.xx.2021-ci il tarixli müqavilənin 8-ci maddəsinə görə, mübahisəni danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda Bakı Şəhəri 1 saylı İnzibati – İqtisad Məhkəməsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilməlidir. Qeyd olunmalıdır ki, Bakı Kommersiya Məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gələrkən iddiaçı tərəfdən müqavilənin əslini tələb etməmişdir. Halbuki, iddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizə və ərizəyə əlavə olunmuş həmin müqavilənin Cavabdeh tərəfindən imzalanmış və möhürü vurulmuş nüsxəsindən görünür ki, tərəflər arasında həmin müqavilə və qeyd edilən razılaşma mövcud olmuşdur. Bundan başqa, təsdiq olunur ki, iş üzrə tərəflər ümumiyyətlə aidiyyət məsələsini mübahisələndirməmişlər. Odur ki, hazırkı işə yuxarıda göstərilən xüsusatlar nəzərə alınmaqla Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 33, 40, 44, 45, 263-264, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar