Məhkəmə qərarları › İş №e-2-2(105)-144/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(105)-144/2023

30.10.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(105)-144/2023 30.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İqtisadiyyat Nazirliyi X6 Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı kommersiya işi üzrə (Açar sözlər: aidiyyatla bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığı) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Məmmədov və X1 ibarət tərkibdə, X5 iştirakı ilə, Ərizəçi İqtisadiyyat Nazirliyi X6 Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 47605,25 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 331,36 manat, işsizlikdən sığorta fonduna olan 16,64 manat, İcbari Tibbi Sığorta Fonduna olan 29,57 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə kommersiya işi üzrə ərazi aidiyyatına dair məhkəmələr arasında yaranmış fikir ayrılığının müəyyən edilməsi məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X6 Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 18 sentyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, dövlət büdcəsinə olan ümumilikdə 47605,25 (qırx yeddi min altı yüz beş manat 25 qəpik) manat vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 331,36 (üç yüz otuz bir manat 36 qəpik) manat, İcbari Tibbi Sığorta Fonduna olan 29,57 (iyirmi doqquz manat 57 qəpik) manat, İşsizlikdən Sığorta Fonduna olan 16,64 (on altı manat 64 qəpik) manat borcun ödənilməsini təmin etmək üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 11 sentyabr 2023-cü il tarixli 3-36/2-2757/2023 nömrəli məktubunda, həmçinin ərizəçi tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə maraqlı şəxsin faktiki ünvanı Bakı şəhəri, Yasamal rayonu göstərilmişdir.

3. Ərizəçi tərəfindən maraqlı şəxsə ünvanlanmış ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında 22 iyun 2023-cü il tarixli xəbərdarlıq məktubunda Maraqlı şəxs ünvanı “ünvan 2” kimi qeyd olunmuşdur.

4. "AZEMİS" Elektron Məhkəmə informasiya sistemində olan şəxsiyyət vəsiqəsinə dair məlumatlara əsasən müəyyən olunur ki, Maraqlı şəxs Zəngilan rayonu, Zəngilan şəhəri, Azadlıq küçəsi, ev 18 ünvanında rəsmi qeydiyyatdadır.

Birinci instansiya məhkəmələrində icraat

Bakı Kommersiya Məhkəməsində icraat

5. Bakı Kommersiya Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qərardadı ilə (hakim Zaur Pirveriyev) ərizəçi İqtisadiyyat Nazirliyi X6 Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 47605,25 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 331,36 manat, İşsizlikdən sığorta fonduna olan 16,64 manat, İcbari Tibbi Sığorta Fonduna olan 29,57 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair işin ərazi aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs məxsus şəxsiyyət vəsiqəsinə dair məlumatlarda yaşadığı (olduğu) yerin Zəngilan rayonu göstərilmişdir və maraqlı şəxsin yaşadığı (olduğu) yer Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olduğu üçün mübahisəyə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır.

Sumqayıt Kommersiya Məhkəməsində icraat

7. Sumqayıt Kommersiya Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, e-2- 2(119)-1405/2023 nömrəli qərardadı (hakim Fərman Həmidli) ilə Bakı Kommersiya Məhkəməsindən Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X6 Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı "ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair e-2-2(113)-4955/2023 nömrəli kommersiya işi ərazi aidiyyatının müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən rəsmi qeydiyyat ünvanı (ünvan 3in yurisdiksiyasına aid olsa da, ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər əsasında müəyyən edilən faktiki yaşadığı ünvanların hər hansı biri Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan inzibati ərazi vahidlərində yerləşmir. Yəni, maraqlı şəxsin mövcud yaşayış ünvanı Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Bakı şəhəri ərazisində, rəsmi qeydiyyat ünvanı isə Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Zəngilan rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əsasən “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilməli olduğundan, hazırkı ərizə üzrə sənədlərlə Maraqlı şəxs Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinin hər hansı birində yaşadığı müəyyən olunmur. Ona görə də, hazırkı ərizəyə ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir. Hazırkı ərizəyə Sumqayıt Kommersiya Məhkəməsində baxılmasına dair qeyd olunan əsaslara görə fikir ayrılığı yarandığından, həmin iş ərazi aidiyyatının müəyyənləşdirilməsi məqsədilə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Apellyasiya instansiya məhkəmə məhkəmələr arasında yaranmış fikir ayrılığına tərəflər iştirakı olmadan yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Konstitusiyası Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Maddə 355-5.2. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Göründüyü kimi Bakı Kommersiya Məhkəməsi ilə Sumqayıt Kommersiya Məhkəməsi arasında ərazi aidiyyatı ilə bağlı fikir ayrılığı baş vermiş, ərazi aidiyyatının müəyyən edilməsi üçün kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qərardadına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

13. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Bakı Kommersiya Məhkəməsi Maraqlı şəxs məxsus şəxsiyyət vəsiqəsinə dair məlumatlarda yaşadığı (olduğu) yerin Zəngilan rayonu göstərildiyindən, mübahisənin Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olduğu qənaətinə gəlmiş və işi baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərmişdir.

14. Sumqayıt Kommersiya Məhkəməsi Bakı Kommersiya Məhkəməsinin mövqeyi ilə yuxarıda şərh olunan əsaslara görə razılaşmayaraq ərazi aidiyyatının müəyyənləşdirilməsi məsələsinin həll edilməsi üçün işin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

15. Məhkəmə kollegiyası məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə bağlı məsələyə baxaraq aşağıda şərh olunanları qeyd edir:

16. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə təhlil edərək hesab edir ki, araşdırılan kommersiya işi baxılması üçün ərazi aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

17. Qeyd edildiyi kimi iş üzrə toplanmış sənədlərlə müəyyən olunur ki, Maraqlı şəxs Zəngilan rayonu, Zəngilan şəhəri, Azadlıq küçəsi, ev 18 ünvanında rəsmi qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində məskunlaşmışdır.

18. Hamıya məlum olan haldır ki, məcburi köçkünlər rəsmi qeydə alındıqları ünvan üzrə yaşamamaqla müxtəlif ərazi vahidlərində məskunlaşmış, bu məskunlaşma səlahiyyətli orqan tərəfindən qeydə alınmışdır. Ümumi məhkəmə təcbürəsində formalaşmış mövqeyə görə prosessual qənaət prinsipinə uyğun olaraq və məhkəməyə əlçatanlığının təmin edilməsi üçün məcburi köçkünlərin iştirak etdiyi işlər üzrə ərazi aidiyyəti ilə bağlı məsələlər məhkəmələr tərəfindən yoxlanılarkən onların məskunlaşdıqları yer nəzərə alınmaqla qiymət verilməsi məqsədəmüvafiq hesab edilmişdir.

19. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağlabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər.

22. Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir.

23. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Mülki-Prosessual Məcəllədə nəzərdə tutulan ərazi aidiyyat qaydalarına uyğun olaraq iş üzrə Maraqlı şəxs qeydiyyat ünvanı ünvan 9 edilmiş Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 11 sentyabr 2023-cü il tarixli 3-36/2- 2757/2023 nömrəli məktubunda, həmçinin ərizəçi tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə maraqlı şəxsin faktiki yaşayış ünvanı Bakı şəhəri, Yasamal rayonu olduğundan, hazırkı mübahisəyə baxılması ilə bağlı ərazi aidiyyatı üzrə səlahiyyətli məhkəmə maraqlı şəxsin yaşadığı inzibati ərazinin aid olduğu Bakı Kommersiya Məhkəməsidir. Odur ki, kommersiya işi baxılması üçün aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

24. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 39-45, 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi İqtisadiyyat Nazirliyi X6 Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 47605,25 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 331,36 manat, işsizlikdən sığorta fonduna olan 16,64 manat, İcbari Tibbi Sığorta Fonduna olan 29,57 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə kommersiya işi baxılması üçün ərazi aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar