Məhkəmə qərarları › İş №e-2-2(105)-33/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(105)-33/2024

29.01.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(105)-33/2024 29.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı kommersiya işi üzrə (Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığı) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, X6 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair kommersiya işi üzrə aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığının müəyyən edilməsi məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi “xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 17828,43 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 18487,97 manat borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri – xx xxxxxx 1969-cu il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. “AZEMİS” Elektron Məhkəmə informasiya sistemində olan şəxsiyyət vəsiqəsinə dair məlumatlara əsasən müəyyən olunur ki, maraqlı şəxs Şuşa rayonu, Şuşa şəhəri, 20 Yanvar küçəsi, ev 3, mənzil 32 ünvanında rəsmi qeydiyyatdadır.

3. Ərizəçi tərəfindən maraqlı şəxsə ünvanlanmış ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında 09 oktyabr 2023-cü il tarixli xəbərdarlıq məktubunda maraqlı şəxsin ünvanı “Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ev 25” kimi qeyd olunmuşdur.

4. Şuşa Rayon İcra Hakimiyyəti Başçısının Şuşa şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən məhkəməyə daxil olmuş 19 yanvar 2024-cü il tarixli 6 nömrəli arayışa əsasən müəyyən olunur ki, maraqlı şəxs Şuşa rayonu, Şuşa şəhəri, 20 Yanvar küçəsi, ev 3, mənzil 32 ünvanında daimi qeydiyyatdadır və məcburi köçkün kimi ünvan 1 ünvanında müvəqqəti olaraq məskunlaşmışdır.

Birinci instansiya məhkəmələrində icraat

Bakı Kommersiya Məhkəməsində icraat

5. Bakı Kommersiya Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, e-2-2(113)- 6357/2023 nömrəli qərardadı ilə (hakim Zaur Pirverdiyev) ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 17828,43 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 18487,97 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair işin ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Maraqlı şəxs yaşadığı (olduğu) yer Şuşa rayonu, Şuşa şəhəri, 20 Yanvar küçəsi, ev 3, mənzil 32 ünvanı göstərilmişdir. Bu səbəbən də hazırkı iş ərazi aidiyyat üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır.

Sumqayıt Kommersiya Məhkəməsində icraat

7. Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli e-2-2(119)- 203/2024 nömrəli qərardadı ilə /hakim Həmidli Fərman/ Bakı Kommersiya Məhkəməsindən Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəyə dair e-2-2(113)-6357/2023 nömrəli kommersiya işinin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Apellyasiya instansiya məhkəmə məhkəmələr arasında yaranmış fikir ayrılığına tərəflər iştirakı olmadan yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Konstitusiyası Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Maddə 355-5.2. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

11. Göründüyü kimi Bakı Kommersiya Məhkəməsi ilə Sumqayıt Kommersiya Məhkəməsi arasında ərazi aidiyyatlə bağlı fikir ayrılığı baş vermiş, ərazi aidiyyatınin müəyyən edilməsi üçün kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli qərardadına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

12. Sumqayıt Kommersiya Məhkəməsi Bakı Kommersiya Məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, maraqlı şəxsin şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən rəsmi qeydiyyat ünvanı Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olsa da, Şuşa Rayon İcra Hakimiyyəti Başçısının Şuşa şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışı və ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq məktubu əsasında müəyyən edilən faktiki yaşadığı ünvan Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Bakı şəhəri ərazisində yerləşir. “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilməli olduğundan, hazırkı ərizə üzrə sənədlərlə maraqlı şəxsin Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinin hər hansı birində yaşadığı müəyyən olunmur. Ona görə də, hazırkı ərizəyə ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir.

13. Məhkəmə kollegiyası məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə bağlı məsələyə baxaraq aşağıda şərh olunanları qeyd edir:

14. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə təhlil edərək hesab edir ki, araşdırılan kommersiya işi baxılması üçün ərazi aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

15. Qeyd edildiyi kimi iş üzrə toplanmış sənədlərlə müəyyən olunur ki, Maraqlı şəxs Şuşa rayonu, Şuşa şəhəri, 20 Yanvar küçəsi, ev 3, mənzil 32 ünvanında daimi qeydiyyatdadır və məcburi köçkün kimi ünvan 1 ünvanında müvəqqəti olaraq məskunlaşmışdır.

16. Hamıya məlum olan haldır ki, məcburi köçkünlər rəsmi qeydə alındıqları ünvan üzrə yaşamamaqla müxtəlif ərazi vahidlərində məskunlaşmış, bu məskunlaşma səlahiyyətli orqan tərəfindən qeydə alınmışdır. Ümumi məhkəmə təcbürəsində formalaşmış mövqeyə görə prosessual qənaət prinsipinə uyğun olaraq və məhkəməyə əlçatanlığının təmin edilməsi üçün məcburi köçkünlərin iştirak etdiyi işlər üzrə ərazi aidiyyəti ilə bağlı məsələlər məhkəmələr tərəfindən yoxlanılarkən onların məskunlaşdıqları yer nəzərə alınmaqla qiymət verilməsi məqsədəmüvafiq hesab edilmişdir.

17. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağlabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir.

18. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir.

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər.

20. Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir.

21. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Mülki-Prosessual Məcəllədə nəzərdə tutulan ərazi aidiyyat qaydalarına uyğun olaraq iş üzrə Maraqlı şəxs qeydiyyat ünvanı ünvan 4lavə edilmiş Şuşa Rayon İcra Hakimiyyəti Başçısının Şuşa şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışı əsasında müəyyən edilən faktiki yaşayış ünvanı Bakı şəhəri, Binəqədi rayonu olduğundan, hazırkı mübahisəyə baxılması ilə bağlı ərazi aidiyyatı üzrə səlahiyyətli məhkəmə maraqlı şəxsin yaşadığı inzibati ərazinin aid olduğu Bakı Kommersiya Məhkəməsidir. Odur ki, kommersiya işi baxılması üçün aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

22. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 39-45, 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair kommersiya işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar