Məhkəmə qərarları › İş №e-2-2(113)-100/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-100/2024

28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-100/2024 28.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: korporativ mübahisə, müqavilənin icrası, dövlət rüsumu, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativi) qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 241 ünvanında yerləşən yaşayış binasından ümumi sahəsi 6333 kv.m olan mənzillərin İddiaçı təqdim edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. 19 mart 2020-ci il tarixdə tərəflər arasında xx.xx.2020-ci il tarixli 3M-251 saylı müqaviləyə 1 saylı Əlavə Saziş bağlanmışdır. Həmin sazişin 1.1-ci bəndində görə “Əmlak şəklində 3.800.000 manat məbləğində qalıq ödənişi aşağıdakı qaydada X3 Tərəfin xeyrinə təmin edəcəkdir: layihə üzrə inşa olunacaq hər bir mənzilin 1 kv.m üzrə ümumi xərci 600 manat nəzərə alınmaqla, ümumilikdə 6333 kv.m həcmində mənzilləri layihənin baş planı təsdiq edildikdən sonra proporsional qaydada X3 Tərəfə təqdim edəcəkdir. Birinci Tərəf təqdim edilmiş həmin mənzillərin satışı zamanı satışdan daxil olan məbləğin 1 kv.m görə 600 manatdan yuxarı hissəsini isə tərəflər öz aralarında tam bərabər şəkildə bölüşdürəcəklər. Satışın tərəflər arasında qeyd olunan şərtlərini Birinci Tərəf pozduqda, yəni ofisi xaricində satışı həyata keçirdikdə, İkinci Tərəf ilə qarşılıqlı razılaşdırma olmadan satış edildikdə və ya hər hansı bir şəkildə maneə törətdikdə, o zaman İkinci Tərəf müvafiq qaydada təqdim edilmiş mənzillərin miqdarını azaltmaq hüququna malikdir”. 2.2. Müqavilə şərtlərinə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 241 ünvanda yerləşən yaşayış binasından ümumilikdə 6333 kv.m həcmində mənzilləri layihənin baş planı təsdiq edildikdən sonra iddiaçıya təqdim etməli idi. Yaşayış binalarına dair layihənin baş planı təsdiq edilmiş, binalar inşa edilmişdir. Lakin cavabdeh həmin həcmdə mənzilləri iddiaçıya təqdim etməmişdir. 2.3. Bu barədə cavabdehə pretenziya verilmiş, pretenziyanı almasına baxmayaraq, sonuncu iddiaçıya hər hansı cavab verməmişdir. İddia ərizəsinə əlavə edilən xx.xx.2023-cü il tarixli MŞB/11/2023-00699 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən mediasiya prosesi 29 aprel 2023-cü il tarixdə keçirilmiş, hər iki tərəf mediasiya prosesinin davam etdirməyə razılıq verməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya dair xərci ödəmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442, 425.1, 425.2-ci maddələri göstərilmişdir.

4. Cavabdeh tərəf iddiaya etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki: 4.1. Tərəflər xx.xx.2020-ci il tarixində bağlanmış 3M-962 saylı təsis payın alqı-satqı müqaviləsinə 1 saylı əlavə sazişi notarial qaydada rəsmiləşdirmiş, cavabdeh müqavilə üzrə öhdəliklərinin icrasına vaxtında başlamışdır. İddiaçı “baş planın təsdiq edilməsi zamanı” ilə “baş plan təsdiq edildikdən sonra” anlayışlarını düzgün təfsir etməyərək müqavilədə “baş plan təsdiq edildikdən sonra” qeyd edilməsinə baxmayaraq, baş plan təsdiq edilən zaman, həmin anda və yaxud dərhal qalıq ödənişin alıcıya ödənilməsini tələb edir, müqavilənin öhdəlik və şərtlərinə zidd olaraq baş planın təsdiq edilməsi anına önəm verir. Halbuki qeyd olunan layihə COVİD-19 pandemiya şəraiti səbəbindən xx.xx.2021-ci il tarixdən başlamışdır və bütün müştərilər ilə 36 ay müddətinə müqavilələr bağlanmışdır və 2024-cü ilin sonunadək mənzillərin təqdim edilməsinə dair müştərilər qarşısında satış öhdəlikləri vardır. 4.2. Cavabdeh hər hansı bir gecikmə olmadan öhdəliklərinin icrasını vaxtında tamamlayacaqdır. Bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixində bildiriş göndərilmiş, mənzillərin dövlət qurumları ilə 2024-cü ilin sonlarında gözlənilən təhvil-təslimi və danışıqlar zamanı qalıq 3.800.000 manat ödənişin pul şəklində ödənilməsinin mümkünlüyü nəzərə alınaraq iddiaçıya xx.xx.2023-cü il tarixli bildiriş üzrə 3.800.000 manat qalıq ödənişin xx.xx.2024-cü il tarixdə 1.000.000 manat, xx.xx.2024-cü il tarixdə 1.000.000 manat, xx.xx.2024-cü il tarixdə 1.000.000 manat, xx.xx.2024-cü il tarixdə 800.000 manat olmaqla ödənilməsi təklif edilmiş, qeyd olunan tarixlərdə iddiaçıya ödəniş edilməzsə, “Avant” yaşayış kompleksindən 3.800.000 manat dəyərə uyğun orta bazar dəyərində mənzil və qeyri-yaşayış sahələrinin proporsional nisbətdə (50% mənzil və 50% qeyriyaşayış sahələsi) iddiaçıya təqdim ediləcəyi bildirilmişdir. İddiaçı təqdim edilmiş bildiriş üzrə təklifi qəbul edib-etmədiyini bildirməyərək, özünün prosessual hüquqlarından istifadə etməklə, məhkəməyə müraciət etmişdir. 4.3. Əlavə sazişin məzmununa diqqət etdikdə aydın olur ki, tərəflər "xxxx" MMCnin təsis paylarını ümumilikdə 13.000.000 manata alqı-satqı etməklə toplam müqavilə dəyərini 13.000.000 manat müəyyən etmiş, müqavilə rəsmiləşdirilən tarixdə cavabdeh iddiaçıya 9.200.000 manat pul şəklində ödəniş etmiş, qalıq 3.800.000 manatın isə baş plan təsdiq edildikdən sonra əmlak şəklində ödənilməsini razılaşdırmışlar. 4.4. İddia ərizəsində müqavilənin düzgün təfsir olunmaması onunla təsdiqlənir ki, 13.000.000 manat müqavilə dəyərinə hər hansı bir istinad olmadan müqavilə üzrə 6333 kv.m mənzilin təqdim edilməsi şərti mübahisələndirilmişdir. Qeyd olunan müqavilənin qalıq dəyərinin 3.800.000 manat əmlak şəklində təqdim edilməsi razılaşdırılsa da, pul şəklində ödənişə ekvivalentliyini təmin etmək üçün müqavilənin predmetinə köməkçi bənddə qalıq ödənişin pul şəklində 3.800.000 manatdan az olmaması məqsədilə xx.xx.2020-ci il tarixdə müqavilənin bağlanması anında real görünən tikintinin 1 kv.m-nə görə 600 manat ümumi xərcləri nəzərə alınmaqla 6333 kv.m həcmində mənzillərin şərti olaraq təqdim edilməsi müqavilədə qeyd edilmişdir. Müqavilə bağlanan zaman həmin ərazi üzrə mənzillərin 1 kv.m-nin perspektiv satış qiyməti 1800 manat qiymətləndirilmişdir. 4.5. Müqavilə üzrə 6333 kv.m həcmində mənzillərin İddiaçı verilməsi şərtidir, hərfi məna daşıyır. Müqavilənin 13.000.000 manat ümumi dəyərinin müəyyən edilməsi bu iradə ifadəsinin həqiqi mənasını bir daha təsdiq edir. Qeyd olunan şərtin mahiyyəti qalıq 3.800.000 manat məbləğin iddiaçıya ödənilməsidir. Müqavilənin bütün bəndləri nəzərə alınaraq tam şərtləri ilə təfsir edildiyi zaman başa düşülür ki, müqavilənin o zaman nəzərdə tutulan tikinti xərcləri 1 kv.m üçün 600 manat olmuş, perspektiv mənzillərin satışı 1800 manat nəzərdə tutulmuşdur və 600 manatdan yuxarı hissənin tam bərabər şəkildə bölüşdürüləcəyi şərti isə 1200 manatın tam yarısı, yəni hər bir kv.m 600 manat olmaqla( iddiaçı 6333 kv.m mənzil həcmini qeyd etməklə) qalıq 3.800.000 manat məbləği təşkil etmişdir. Bu da müqavilə şərtləri üzrə İddiaçı mütləq 6333 kv.m mənzil həcminin təqdim edilməsi anlamına gəlmir. Şərti olaraq qeyd edilmiş 6333 kv.m-ə görə 600 manat tikinti xərcləri cavabdehə aid olduğu üçün iddiaçı tikinti xərcləri olan 600 manatı nəzərə alır, ona görə müqavilə şərtlərində satış zamanı satışdan daxil olan məbləğin 1 kv.m-nə görə 600 manatdan yuxarı hissəsinin tərəflər arasında tam bərabər şəkildə bölüşdürülməsi öz təsbitini tapmışdır. Qeyd olunan 6333 kv.m mənzil həcminin satışı da cavabdehə aid satış ofisində həyata keçirildiyi üçün müqavilə şərtləri üzrə iddiaçıya 6333 kv.m mənzil həcminin təqdim edilməsi öhdəliyi yoxdur.

5. Etirazın hüquqi əsası kimi Mülki Məcəllənin 404, 405, 427-ci maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahatlar verdi və iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, müqavilə bağlanan zaman mənzil sahəsinin 1 kv.m üzrə xərcin 600 manat olduğu nəzərə alınaraq 3.800.000 manat pulun qarşılığı kimi 6333 kv.m sahənin iddiaçıya verilməsi (600x6333), mənzillərin satışından əldə olunan vəsaitdən hər kv.m görə 600 manatın iddiaçıya aid olduğu nəzərə alınmaqla 3.800.000 manatın iddiaçıya qaytarılması, hər kv.m görə 600 manatdan yuxarı hissənin tərəflər arasında bölünməsi razılaşdırılmışdır. Bu şərtlə müqavilənin bağlanmasında məqsəd 3.800.000 manat pul 3-4 ilə iddiaçıya veriləcəyindən qazanc əldə etmək olmuşdur. Mənzillərin təmirsiz verilməsi razılaşdırılmışdır.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya etirazın məzmununa uyğun izahatlar verərək iddianın rədd olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, inşa olunan binalarda bütün mənzillər təmirlidir və 3.800.000 manat pulun qarşılığı olan mənzil sahəsi verilməsinə razıdırlar. Bu da ekspert rəyində qeyd olunan qiymətə uyğun olaraq təxminən 1551 kv.m mənzil sahəsinə (3.800.000/2450) bərabərdir. Bundan başqa razılaşdırılan ünvanda deyil, başqa ünvanda inşa olunan binada da 3.800.000 manatın qarşılığı olan sahələr verməyə razıdırlar. Eyni zamanda inşa olunan mənzil sahəsinə sərf olunan xərci cavabdeh çəkdiyi halda mənzil sahəsinin 1 kv.m üzrə 600 manat maya dəyərinin iddiaçıya verilməsinin razılaşdırılması ilə bağlı iddiaçının mövqeyi əsassızdır. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi və vəkili bildirdi ki, müqavilədə qeyd olunan mənzil sahələri ünvan 2 ünvanında inşa olunacaq binada nəzərdə tutulurdu. Baş plan təsdiq olunmuş, bundan sonra inşaat başlanmışdır.

8. Üçüncü şəxsə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına çatdırılmaqla lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mübahisəyə üçüncü şəxsin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 184.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Müqavilə üzrə öhdəliyin icra edilməsi tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin müəyyən olunan mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı hər biri 1 manat olmaqla 10 paydan ibarət olub 100% pay İddiaçı məxsus olmuş, Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 241 ünvanında 2.41305 ha torpaq sahəsi və üzərində yerləşən 27714.8 kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olmuş, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində olan nizamnamə kapitalındakı 100% pul və əmlak şəklində olan təsis payını, yəni nizamnamə kapitalındakı payını və payına uyğun əmlak hissəsini toplam müqavilə qiyməti 13.000.000 manat müəyyən edilməklə notarial qaydada xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqavilələri və müqavilələrə 1 saylı əlavə sazişlərlə Cavabdeh satmış, sonuncu ümumilikdə 9.200.000 manat iddiaçıya ödəniş etmişdir. Bundan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 241 ünvanında yerləşən torpaq sahəsində yaşayış binaları baş plan təsdiq edildikdən sonra inşa olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təşkilati-hüquqi formasını və adını dəyişmiş, hal-hazırda "xxxx" Mənzil-Tikinti Kooperativi kimi fəaliyyət göstərir.

12. İddiaçı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə 1 saylı əlavə sazişə istinad edərək bildirir ki, təsis payı ümumilikdə 13.000.000 manata cavabdehə satılmış, cavabdeh həmin məbləğdən cəmi 9.200.000 manat ödəniş etmişdir. Qalan 3.800.000 manatın müqabilində isə müqavilə şərtlərinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 241 ünvanda yerləşən yaşayış binasından ümumilikdə 6333 kv.m həcmində mənzilləri layihənin baş planı təsdiq edildikdən sonra iddiaçıya təqdim etməyi razılaşdırmışdır. Yaşayış binalarına dair layihənin baş planı təsdiq edilmiş, binalar inşa edilmişdir. Lakin cavabdeh həmin həcmdə mənzilləri iddiaçıya təqdim etməmişdir. Həmçinin qeyd edir ki, müqavilə bağlanan zaman mənzil sahəsinin 1 kv.m üzrə xərcin 600 manat olduğu nəzərə alınaraq 3.800.000 manat pulun qarşılığı kimi 6333 kv.m sahənin iddiaçıya təqdim edilməsi (600x6333), mənzillərin satışından əldə olunan vəsaitdən hər kv.m görə 600 manatın iddiaçıya aid olduğu nəzərə alınmaqla 3.800.000 manatın iddiaçıya verilməsi, hər kv.m görə 600 manatdan yuxarı hissənin isə tərəflər arasında bölünməsi razılaşdırılmışdır. İddiaçıya 3.800.000 manat pul 3-4 ilə qaytarılacağından bu şərtlə müqaviləni bağlamaqda məqsəd qazanc əldə etmək olmuşdur.

13. Cavabdeh iddiaya etiraz edərək bildirir ki, iddiaçının istinad etdiyi müqavilə şərti müqavilənin predmetindən kənar şərh olunmamalıdır. Müqaviləyə əsasən təsis payının 13.000.000 manata alqı-satqı edilməsi razılaşdırılmış, həmin məbləğin 9.200.000 manat hissəsi ödənilmiş, qalan 3.800.000 manatı da xx.xx.2024-cü il tarixədək ödəniləcəkdir. Müqavilə üzrə 6333 kv.m həcmində mənzillərin İddiaçı verilməsi şərtidir, hərfi məna daşıyır. Müqavilənin qalıq dəyərinin 3.800.000 manat əmlak şəklində təqdim edilməsi razılaşdırılsa da, pul şəklində ödənişə ekvivalentliyini təmin etmək üçün müqavilənin predmetinə köməkçi bənddə qalıq ödənişin pul şəklində 3.800.000 manatdan az olmaması məqsədilə xx.xx.2020-ci il tarixdə müqavilənin bağlanması anında real görünən tikintinin 1 kv.m-nə görə 600 manat ümumi xərcləri nəzərə alınmaqla 6333 kv.m həcmində mənzillərin şərti olaraq təqdim edilməsi müqavilədə qeyd edilmişdir. Belə ki, müqavilə bağlanan zaman nəzərdə tutulan tikinti xərcləri 1 kv.m üçün 600 manat olmuş, perspektiv mənzillərin satışı 1800 manat nəzərdə tutulmuş, 600 manatdan yuxarı hissənin tam bərabər şəkildə bölüşdürüləcəyi şərti isə 1200 manatın tam yarısı, yəni hər bir kv.m 600 manat olmaqla, iddiaçı 6333 kv.m mənzil həcmini qeyd etməklə, qalıq 3.800.000 manat məbləği təşkil etmişdir.

14. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi əsaslıdır.

15. Məhkəmə ilk növbədə qeyd edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi, hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi, hüquq münasibətlərini dəyişdirməyi və ya onlara xitam verməyi tələb edə bilər.

16. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyini könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar onu müəyyən hərəkətləri yerinə yetirməyə məcbur etməyi tələb etmək hüququ təşkil edir. Belə ki, mübahisə hüquqi şəxsin əvvəlki təsisçisi (iştirakçısı) olan iddiaçı ilə hazırkı iştirakçısı olan cavabdeh arasında yaranmış korporativ mübahisə olub iddiaçı nizamnamə kapitalındakı payı və payına uyğun əmlak hissəsinin alqı-satqısına dair tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş təsis payının alqısatqısı müqaviləsinə 1 saylı əlavə sazişə istinad edərək müqavilə üzrə öhdəliyin icra edilməsini tələb edir.

17. Məhkəmə tərəflər arasında yaranan müqavilə münasibətləri və icrası tələb olunan öhdəliyin məzmunu ilə bağlı aşağıdakıları qeyd edir.

18. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

20. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

21. Qanunvericiliyin tələbindən göründüyü kimi müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Fiziki və hüquqi şəxslər Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr, o cümlədən müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə bağlaya bilərlər.

22. Bununla əlaqədar, qeyd edilməlidir ki, müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı).

23. Mülki Məcəllənin 93.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata bilər və ya başqa qaydada güzəşt edə bilər.

24. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, yol verilir.

25. Həmin Məcəllənin 651-ci maddəsinə əsasən tələblərin və digər hüquqların alqısatqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

26. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

27. Həmin Məcəllənin 662.1-ci maddəsinə əsasən dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür.

28. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli təsis payın alqı-satqı müqaviləsinə 1 saylı əlavə saziş özündə müxtəlif müqavilələrin ünsürlərini əhatə edən qarışıq müqavilədir.

29. Belə ki, tərəflər arasında bağlanmış qeyd olunan müqavilənin şərtlərindən görünür ki, iddiaçı özünə məxsus nizamnamə kapitalının 62% pul və əmlak şəklində olan təsis paylarını cavabdehə 7.800.000 manata satır. Bu məbləğin 4.000.000 manatı pul şəklində, 3.800.000 manatı əmlak şəklində müəyyən edilmişdir (2-ci abzas). Əmlak şəklində qalıq 3.800.000 manat ödəniş isə ikinci tərəf (cavabdeh) birinci tərəfə (iddiaçıya) təmin edəcəkdir: layihə üzrə inşa olunacaq hər bir mənzilin 1 kv.m üzrə ümumi xərci 600 manat nəzərə alınmaqla, ümumilikdə 6333 kv.m həcmində mənzilləri layihənin baş planı təsdiq edildikdən sonra proporsional qaydada X3 Tərəfə təqdim edəcəkdir. Birinci Tərəf təqdim edilmiş həmin mənzillərin satışı zamanı satışdan daxil olan məbləğin 1 kv.m görə 600 manatdan yuxarı hissəsini isə tərəflər öz aralarında tam bərabər şəkildə bölüşdürəcəklər. Satışın tərəflər arasında qeyd olunan şərtlərini Birinci Tərəf pozduqda, yəni ofisi xaricində satışı həyata keçirdikdə, İkinci Tərəf ilə qarşılıqlı razılaşdırma olmadan satış edildikdə və ya hər hansı bir şəkildə maneə törətdikdə, o zaman İkinci Tərəf müvafiq qaydada təqdim edilmiş mənzillərin miqdarını azaltmaq hüququna malikdir (5 və 6-cı abzaslar).

30. Müqavilənin şərtlərinə nəzər yetirdikdə aydın olur ki, müqavilənin qiyməti 13.000.000 manat kimi müəyyən olunsa da, həmin məbləğin 3.800.000 manat hissəsinin əmlak şəklində verilməsi razılaşdırılmışdır. Halbuki alqı-satqı ilə bağlı qanunvericiliyin tələbinə nəzər saldıqda aydın olur ki, alqı-satqı zamanı müqavilənin predmetinin dəyəri pul şəklində ödənilir. Hazırkı iş üzrə müqavilənin qiymətinin bir hissəsinin əmlak şəklində ödənilməsinin razılaşdırılması dəyişdirmə müqaviləsinin dispozisiya şərtlərinə uyğundur. Həmçinin müqavilənin qiymətinin 3.800.000 manatının müqabilində iddiaçıya verilməsi razılaşdırılmış əmlakla bağlı tərəflərin sonrakı fəaliyyətini tənzimləyən müqavilənin digər müddəaları da alqı-satqı müqaviləsinin deyil, tərəflərin birgə fəaliyyətinə dair iradə ifadəsini tənzimləyən müqavilə münasibətlərinin ünsürlərini özündə ehtiva edir. Belə olan halda qeyd oluna bilər ki, iddianın faktiki əsasını təşkil edən müqavilə özündə alqı-satqı, dəyişdirmə müqaviləsinin və birgə fəaliyyətə dair öhdəlik hüquq münasibətlərinin ünsürlərini ehtiva edir.

31. İddiaçı müqavilənin “əmlak şəklində qalıq 3.800.000 manat ödənişi isə ikinci tərəf (cavabdeh) birinci tərəfə (iddiaçıya) təmin edəcəkdir: layihə üzrə inşa olunacaq hər bir mənzilin 1 kv.m üzrə ümumi xərci 600 manat nəzərə alınmaqla, ümumilikdə 6333 kv.m həcmində mənzilləri layihənin baş planı təsdiq edildikdən sonra proporsional qaydada X3 Tərəfə təqdim edəcəkdir” şərtinin icra olunmasını, cavabdeh tərəfindən 6333 kv.m həcmində mənzillərin təqdim edilməsini tələb edir.

32. Məhkəmə Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar və xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

33. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

36. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

37. Cavabdehin müqavilə şərtləri üzrə iddiaçıya 6333 kv.m mənzil həcminin təqdim edilməsi öhdəliyinin olmaması, iddiaçının istinad etdiyi müqavilə şərtinin müqavilənin predmeti ilə birlikdə qiymətləndirilməli olması barədə cavabdehin etirazının əsası kimi qeyd istinad etdiyi dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər məhz müqavilənin predmeti ilə bağlı hissəsində 3.800.000 manatın əmlak şəklində təqdim edilməsini razılaşdırmışlar. Müqavilənin sonrakı bəndlərindən isə aydın olur ki, təsis payının əmlak şəklində ödənilməsi ilə bağlı tərəflərin iradə ifadəsi təsadüfi və ya şərti olmamışdır. Belə ki, tərəflər əmlakın iddiaçıya təqdim edilməsindən sonra ediləcək hərəkətləri, əmlakın satışı ilə bağlı tərəflərin arasındakı sonrakı münasibətləri tənzimləyən şərtlər müəyyən etmişlər.

38. Cavabdeh qeyd olunan dəlili ilə bağlı Mülki Məcəllənin 404-cü maddəsinə istinad edir.

39. Mülki Məcəllənin 404.1-ci və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

40. Həmin Məcəllənin 404.4-cü maddəsinə əsasən müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.

41. Həmin Məcəllənin 404.5-ci maddəsinə əsasən qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.

42. Məhkəmə qeyd edir ki, cavabdeh qeyd olunan normaya istinad edərək etirazını əsaslandırmağa çalışsa da, iddiaçıya əmlak təqdim etməməli olması, qeyd olunan müqavilə şərtinin şərti razılaşdırılması və s. ilə bağlı tərəflərin müqaviləyə qədərki danışıqlar və yazışmalarına dair hər hansı sənəd təqdim etməmiş, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanın fərqli istiqamətdə olduğunu və ya tərəflərin sonrakı hərəkətlərinin məhz cavabdehin bildirdiklərinə uyğun formalaşdığını sübut edə bilməmişdir. Əksinə, iddiaçının nümayəndəsi və vəkili müqavilənin iddiada istinad olunan şərtinin (əmlakın təqdim olunması, satışı, əldə olunan vəsaitin bölünməsi və s. ilə bağlı razılaşmanın) dəyişdirilməsi, 6.600.000 manatın xx.xx.2024-cü il tarixədək cavabdeh tərəfindən iddiaçıya təqdim olunması ilə bağlı iddiaçı tərəfin təşəbbüslə çıxış etdiyinə dair vatsap yazışmaları təqdim etmişdir.

43. Həmçinin məhkəmə bildirir ki, müqavilədə 3.800.000 manatın əmlak şəklində təqdim olunması barədə müqavilə şərtini istisna edən və ya qeyd olunan şərti təfsir edərkən anlaşılmaz edən çoxmənalı ifadələr mövcud deyil. Əksinə, qeyd olunan şərti bütövlükdə müqavilənin digər şərtləri və mənası ilə müqayisə etdikdə tərəflərin iradə ifadəsinin müqavilənin qiymətinin bir hissəsinin əmlak şəklində təqdim edilməsi üzrə olduğu aydın olur.

44. Cavabdehin 3.800.000 manatın pul şəklində ödənilməsi, hissə-hissə ödənilməsi, 3.800.000 manata uyğun 1551 kv.m mənzil sahəsinin verilməsi ilə bağlı təklif və etirazının əsasını təşkil edən hallar ilə bağlı məhkəmə qeyd edir ki, qeyd olunan hallar müqavilənin şərtlərinin dəyişdirilməsinə aid hallardır və Mülki Məcəllənin 421.1 və 423.1-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür və müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Hazırkı halda isə belə bir razılaşma mövcud deyildir. Digər tərəfdən, Mülki Məcəllənin 435-ci maddəsinə əsasən kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır.

45. Odur ki məhkəmə qeyd edir ki, cavabdehin etirazının əsası kimi istinad etdiyi qeyd olunan hallar əsassızdır və iddianın rədd olunması üçün əsas ola bilməz.

46. Öhdəliyin icra müddəti ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər müqavilədə razılaşdırmışlar ki, layihənin baş planı təsdiq edildikdən sonra cavabdeh iddiaçıya mənzil sahələri təqdim edəcəkdir. Tərəflərin müqavilədə öhdəliyin icra edilməsi vaxtı kimi razılaşdırdıqları şərt, yəni baş planın təsdiq edilməsi, müqavilədə mənzillərin təqdim edilməsi razılaşdırılan Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 241 ünvanında yerləşən yaşayış binasının inşa edilməsi işin mübahisəsiz halıdır.

47. Mülki Məcəllənin 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.

48. Belə olan halda məhkəmə qeyd edir ki, tərəflərin müqavilədə öhdəliyin icra edilməsi vaxtı kimi razılaşdırdıqları şərt baş verdiyindən iddiaçı cavabdehdən müqavilə üzrə öhdəliyinin icra edilməsini tələb etməkdə haqlıdır.

49. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 241 ünvanında yerləşən yaşayış binasından ümumi sahəsi 6333 kv.m olan mənzillərin İddiaçı təqdim edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır.

b) Məhkəmə xərcləri ilə bağlı

50. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

51. Həmin Məcəllənin 112.1 və 112.1.2-ci maddəsinə əsasən əmlakın tələb edilməsi haqqındakı iddialarda iddianın qiyməti tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir.

52. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır.

53. Məhkəmə qeyd edir ki, hazırkı iddia əmlakın tələb edilməsi haqqındakı iddia olub qiymətləndirilən iddiadır və ödənilməli dövlət rüsumunun məbləği tələb edilən əmlakın dəyəri ilə müəyyən edilməlidir. Məhkəmə tərəfindən təyin olunan tikinti-texniki ekspertiza üzrə verilən rəy təmirli mənzillərin qiyməti ilə bağlı olmuş, iddiaçı tərəf müqavilə üzrə təmirli mənzillərin təqdim edilməsi ilə bağlı cavabdehin öhdəliyinin olmadığını bildirmişdir.

54. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təsis payının alqı-satqı müqaviləsinə 1 saylı əlavə sazişdən aydın olur ki, tərəflər mənzilin 1 kv.m üzrə ümumi xərci razılaşdırmaqla dəyərini 600 manat kimi müəyyən etmişlər.

55. Belə olan halda məhkəmə hesab edir ki, tələb olunan əmlakın dəyəri tərəflərin razılaşması ilə müəyyən olunan 1 kv.m mənzil sahəsinə görə 600 manat hesablanmaqla 3 799 800 manat təşkil edir.

56. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.5-ci maddəsinə əsasən iddianın qiyməti 1 000 000 manatdan çox olduqda dövlət rüsumunun məbləği 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) təşkil edir.

57. Hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilən iddia qiyməti 3 799 800 manat təşkil etdiyindən ödənilməli dövlət rüsumunun məbləği 2690 manat təşkil edir.

58. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

59. İddia ərizəsinə əlavə olunan xx.xx.2023-cü il tarixli MŞB/11/2023-00699 saylı mediasiya arayışından görünür ki, iddiaçı tərəfindən 400 manat mediasiya xərci ödənilmişdir.

60. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, 30 dekabr 2023-cü il tarixli 9/6104 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 50 manat təşkil edir.

61. Mülki Prosessual Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

62. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

63. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

64. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

65. Məhkəmə iddia tələbinin təmin olunduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat pul tutularaq iddiaçıya, dövlət rüsumunun əvəzi olaraq 2290 manat pul tutularaq dövlət büdcəsinə, ekspertiza xərci olaraq 50 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Nəticə:

66. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 241 ünvanında yerləşən yaşayış binasından ümumi sahəsi 6333 kv.m olan mənzillərin İddiaçı təqdim edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Cavabdeh mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı, dövlət rüsumunun əvəzi olaraq 2290 (iki min iki yüz doxsan) manat məbləğində pul tutularaq dövlət büdcəsinə, ekspertiza xərci olaraq 50 (əlli) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar