Məhkəmə qərarları › İş №e-2-2(113)-100/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-100/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-100/2025 20.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən TO/01/281122 saylı, 28 noyabr 2022-ci il tarixli metal məhsullarının təchizatı müqaviləsi üzrə icra etmədiyi öhdəlik olan 31414 USD pul vəsaitinin, çəkilmiş məhkəmə və mediasiya rüsumlarının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və nizamnamə əsasında fəaliyyət göstərən satıcı İddiaçı ilə Gürcüstan qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən alıcı Cavabdeh arasında TO/01/281122 saylı, 28 noyabr 2022-ci il tarixli metal məhsullarının təchizatı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetini İddiaçı MMC-nin metal məhsullarının mülkiyyətini Cavabdeh-yə ötürməyi, Cavabdeh isə həmin malları qəbul edib əvəzində ödəniş etməsi təşkil edir. Tərəflər arasında bağlanmış TO/01/281122 saylı, 28 noyabr 2022-ci il tarixli müqavilənin 3 saylı Spesifikasiyasına əsasən 31414 USD (otuz bir min dörd yüz on dörd dollar) dəyərində mal-materialın Cavabdeh-yə təhvil verilmişdir. Lakin İddiaçı malları təchiz etsə də, məlum olmayan səbəblərdən Cavabdeh xx.xx.2024-cü il tarixinədək müqavilə üzrə yerinə yetirməli olduğu öhdəlikləri tam olaraq icra etməmiş, təchiz edilmiş mal-materialın qiymətini ödəməyərək 31414 USD (otuz bir min dörd yüz on dörd dollar) məbləğində öhdəlik icra edilməmiş qalmışdır. Cavabdeh müqavilə üzrə öhdəlikləri lazımınca icra etməmiş, edilən yazılı və şifahi tələblərə baxmayaraq müqavilə öhdəliklərini icra etməmişdir. Öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. TO/01/281122 saylı, 28 noyabr 2022-ci il tarixli müqavilənin 6.3-cü bəndinə əsasən müqavilədən irəli gələn bütün mübahisələr Azərbaycan Respublikasının məhkəmələrində həll edilməlidir. Mübahisənin baxıldığı yer Bakı şəhəridir. Mülki Prosessual Məcəllənin 40.2-ci maddəsinə görə tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Mülki Prosessual Məcəllənin 36.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı və yaxud hüquqi şəxsi olan və başqa dövlətin ərazisində yerləşən cavabdehə qarşı iddia iddiaçının olduğu yerə və ya cavabdehin əmlakının olduğu yerə görə verilə bilər.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.Əkbərli iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh məhkəmə tapşırığı əsasında iddia ərizəsi, məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi və digər sənədləri aldıqdan sonra da iddiaçıya heç bir ödəniş etməmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TO/01/281122 saylı metal məhsullarının təchizatı müqaviləsinə görə satıcı məhsullarını alıcının mülkiyyətinə ötürməyi, alıcı isə hazırkı müqavilənin şərtlərinə uyğun olaraq qəbul edib ödəniş etməyi öhdəsinə götürür.

8. Müqavilənin 4.1-ci bəndinə görə malın qiyməti müvafiq hesabfakturada/spesifikasiyada ABŞ dolları ilə göstərilmişdir. Malın qiymətinə taranın, qablaşdırmanın, markalanmanın və müşayiət olunan sənədlərin rəsmiləşdirilməsinin dəyəri daxildir. Nəqliyyat xərcləri malın qiymətinə daxil edilmir, nəqliyyat xərcləri yalnız müvafiq hesab-fakturada/spesifikasiyada əlavə olaraq razılaşdırılıqda tətbiq edilir.

9. Müqavilənin 6.3-cü bəndinə görə hazırkı müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan, o cümlədən onun icrası, pozulması, xitam verilməsi və ya etibarsız sayılması ilə bağlı bütün mübahisələr, fikir ayrılıqları və ya tələblər Azərbaycan Respublikasının Arbitraj Məhkəməsində həll edilməlidir. Mübahisənin baxıldığı yer Bakı şəhəridir. Mübahisənin baxıldığı dil Azərbaycan dilidir.

10. Müqavilənin 1 saylı Əlavəsində satılacaq malların növü və qiyməti razılaşdırılmışdır.

11. 24.06.2023-cü il tarixli təhvil-təslim aktına görə 31414,10 ABŞ dolları məbləğində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Akt tərəflərin möhürləri və nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir.

12. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli yüm gömrük bəyannaməsinə əsasən 31414,10 ABŞ dolları məbləğində mallar cavabdehə çatdırılmışdır.

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TO/01/281122 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

21. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

23. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2022-ci il tarixli, TO/01/281122 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

25. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 31414 ABŞ dolları borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

26. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 31414 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiyaya dair xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh-dən 31414 (otuz bir min dörd yüz on dörd) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul və 400 (dörd yüz) manat mediasiyaya dair xərc tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar