Məhkəmə qərarları › İş №e-2-2(113)-1002/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1002/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1002/2023 13.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 396889.89 manat məbləğində borc, 19833.72 manat gecikdirilmiş icra üçün faiz olmaqla, cəmi, 416723.61 manat məbləğində pulun, mediasiya prosessi üçün ödənilmiş 400 manatın və iddia qaldırmaq üçün ödənilmiş 307 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 396 889.89 manat məbləğində borc, 19833.72 manat gecikdirilmiş icra üçün faiz olmaqla, cəmi, 416723.61 manat məbləğində pulun, mediasiya prosessi üçün ödənilmiş 400 manatın və iddia qaldırmaq üçün ödənilmiş 307 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020ci il tarixdə 435 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən “satıcı” “alıcıya” sifariş olunmuş malları satır, “alcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “satıcı”ya ödəyir. Müqavilənin 1.2-ci bəndinə əsasən mallar elektron qaimə faktura, vergi hesab fakturası və s. əsasında “alıcı”ya təhvil verilir. Qeyd olunan müqavilənin 5.4-cü maddəsinə əsasən “alıcı”, hazırkı müqaviləninin 1-ci əlavəsində nəzərdə tutulmuş müqavilə qiymətini “satıcı”nın “malı” və ya “malları” alıcının ünvanına çatdırmasından, boşaldılmasında və malın təhvil-təslimindən sonra 30 təqvim gününə qədər satıcının hesabına tam həcmdə ödəmək öhdəliyi götürür. Həmçinin müqavilənin 3.4.2-ci bəndinə əsasən malın qiymətini bu Müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada “Satıcı”ya ödəmək “Alıcı”nın vəzifəsidir. Müqavilənin 6.3-cü və 7.1-ci bəndlərinə əsasən müqavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və tərəflər öz üzərlərinə götürdükləri öhdəlikləri tam icra edənədək qüvvədədir. Müqavilənin 7.3-cü bəndində qeyd edilmişdir ki, bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. İddiaçı tərəfindən müqavilə imzalandığı tarixdən cavabdehə 1124390.80 manat (952873.61 manat əsas məbləğ+171517.19 manat ƏDV məbləği) dəyərində mallar satılmış, cavabdeh tərəfindən isə 614588.10 manat əsas məbləğ, 112912.85 manat ƏDV məbləği olmaqla cəmi 727500.95 manat ödəniş edilmişdir. Belə ki, iddiaçı və cavabdeh arasında bank köçürmələrinə dair hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına cəmi 614588.10 manat pul köçürülmüşdür. Həmçinin iddiaçı və cavabdeh arasında olan ƏDV depozit hesabından çıxarışdan görsənir ki, cavabdehin ƏDV depozit hesabından cavabdehin ƏDV depozit hesabına cəmi 112912.85 manat pul köçürülmüşdür. 2021-ci ilin sentyabr ayından dekabr ayınadək cavabdehə təqdim olunmuş və onun tərəfindən gücləndirilmiş elektron imza vasitəsi ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli EBBJ 097421 saylı, xx.xx.2021-ci il tarixli EBBK 357830 saylı, xx.xx.2021-ci il tarixli EBBK 767492 saylı, xx.xx.2021-ci il tarixli EBBK 943228 saylı, xx.xx.2021-ci il tarixli EBBL 783350 saylı və xx.xx.2021-ci il tarixli EBBM 880104 saylı elektron qaimələr üzrə 338285.51 manat əsas borc və 58604.38 ƏDV məbləği bugünədək ödənilməmişdir. Məsələ ilə bağlı iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Üzləşmə aktı tərtib edilmiş, imza və möhürlə təsdiq edilmiş və təsdiq edilməsi üçün cavabdehə göndərilmişdir. Lakin cavabdeh qeyri-müəyyən səbəbdən Üzləşmə aktını imzalamamışdır. Müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə cəmi 1124390.80 manat (952873.61 manat əsas məbləğ+171517.19 manat ƏDV məbləği) dəyərində mallar satılmış, cavabdeh tərəfindən isə 614588.10 manat əsas məbləğ, 112912.85 manat ƏDV məbləği olmaqla cəmi 727500.95 manat ödəniş edilmiş, yerdə qalan 338285.51 manat əsas borc 58604.38 manat ƏDV məbləği, cəmi olaraq 396889.89 manat məbləğ isə ödənilməmişdir. Beləliklə iddiaçı müqavilə üzrə götürdüyü öhdəliyi tam yerinə yetirmiş, cavabdeh isə müqavilə üzrə öhdəliyini tam olaraq yerinə yetirməmişdir. Cavabdehin məhkəməyə müraciət edildiyi günə kimi gecikdirdiyi 396889.89 manat məbləğində borcun, bir illik faiz dərəcəsi 19833.72 manat təşkil edir. Belə ki, ödənişi edilməyən sonuncu elektron qaimənin tarixi xx.xx.2021-ci ildir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixdə 435 nömrəli alqısatqı müqaviləsindən görünür ki, iddiaçı cavabdehə sifariş olunmuş malları satmağı, cavabdeh isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2021-ci il tarixli EBBJ 097421 saylı, xx.xx.2021-ci il tarixli EBBK 357830 saylı, xx.xx.2021-ci il tarixli EBBK 767492 saylı, xx.xx.2021-ci il tarixli EBBK 943228 saylı, xx.xx.2021-ci il tarixli EBBL 783350 saylı və xx.xx.2021-ci il tarixli EBBM 880104 saylı elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən göstərilən elektron qaimələr üzrə ümumilikdə 451881,26 manat dəyərində malın təqdim edilməsi ilə bağlı elektron qaimə cavabdehə təqdim edilmişdir. Hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən müqaviləyə əsasən iddiaçının hesabına ümumilikdə 614588,10 manat ödəniş həyata keçirilmişdir. ƏDV depozit hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən ümumilikdə 112913 manat iddiaçının ƏDV depozit hesabına ödəniş həyata keçirilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 435 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehə sifariş olunmuş malları satmağı, cavabdeh isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən ümumilikdə 1124390.80 manat dəyərində mal cavabdehə satılmış, cavabdeh isə malın dəyərindən 727500.95 manat ödəniş etmiş, qalan 396889,89 manat borcu ödəməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə 435 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış və qeyd olunan müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya 727500.95 manat məbləğində ödəniş edilmişdir. İddiaçı cavabdehə 396889,89 manat məbləğində satılmış malların dəyərinin ödənilmədiyini iddia edir. İddiaçının dəlillərindən biri bundan ibarətdir ki, malların cavabdehə verildiyi sübut qismində təqdim edilmiş elektron qaimələrlə və malların təhvil-təslim aktları ilə təsdiq edilir. Elektron qaimə-fakturalar faktiki olaraq 2021-ci ilin sentyabr-noyabr aylarında cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müqavilə, elektron qaimə-fakturaların mövcud olması, cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə dair məlumatın mövcud olmaması, cavabdehin 727500.95 manat məbləğində ödənişi olması iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət etsə də, bunun müqabilində cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Elektron qaimələrin göndərildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaiməfakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 3.7.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində; Həmin Qaydaların 3.9-cu bəndinə əsasən elektron qaimə-fakturanın ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır. Qeyd edilən Qaydalara əsasən vergi ödəyiciləri arasında olan münasibətlər zamanı malların kağız daşıyıcıda tərtib edilmiş qaimə əsasında təqdim edilməsi qanun pozuntusu hesab edildiyindən elektron qaimələr məhkəmə tərəfindən işin hallarından asılı olaraq malların təqdim edildiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilər. Malların təhvil təslim aktlarında cavabdehin nümayəndəsi qismində malları təhvil almasına dair imza etmiş Paşa Əmirquliyev, Yılmaz Bozan, Rauf Kəlbiyev, Sait Kaya və Uğur Ertan adlı şəxslər X1 tərəfindən verilmiş siyahıdan görünür ki, cavabdehin işçiləri olmuşlar. Bu xüsusat malların cavabdeh tərəfindən təhvil alındığını təsdiq edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan gecikdirilmiş vaxt üçün hesablanmış 19833.72 manat faiz cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 396889.89 manat məbləğində borc, 19833.72 manat gecikdirilmiş icra üçün faiz olmaqla, cəmi, 416723.61 manat məbləğində pul, mediasiya sessiyası üçün ödənilmiş 400 manat və ödənilmiş 307 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar