Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1002/2024 15.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, icranın gecikdirilməsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FST-23-30 nömrəli alqı-satqı müqaviləsinə əsasən verilmiş mallar üzrə dəyəri ödənilməmiş 15271,19 manat əsas borc və 2748,81 manat ƏDV məbləği olmaqla, cəmi 18019,96 manat, 436 manat məbləğində zərər, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat mediasiya haqqı və vəkil xidmətləri üçün ödənilmiş 300 manat olmaqla, ümumilikdə 18955,96 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, FST-23-30 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə satıcı ona məxsus olan məhsulları alıcının sifarişi və hər iki tərəfin imzaları (möhürləri) ilə təsdiq edilmiş qaimə əsasında alıcıya satır, alıcı isə həmin malı qəbul edir və malın dəyərini bu müqavilədə razılaşdırılmış müddətdə satıcıya ödəyir. Müqavilənin 2.2-ci bəndinə görə alıcı 10 təqvim günü ərzində malın dəyərini tam həcmdə ödəməlidir. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə görə müqavilə üzrə malların qiyməti və məbləği qaimə-fakturaya əsasən müəyyən olunur. Cavabdeh MMC xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı MMC-dən latex pudrasız əlcək məhsulunu almış və həmin malların dəyərini ödəməmişdir. Cavabdeh MMC İddiaçı MMCdən xx.xx.2023-cü il tarixli, EBDN 340451 saylı elektron qaiməyə əsasən 6288,10 manat əsas və 1131,86 manat ƏDV məbləğində elektron qaimədə olan malları xx.xx.2023-cü il tarixli qaimə ilə təhvil almış, xx.xx.2023-cü il tarixli, EBDN 539983 saylı elektron qaimə ilə 8983,05 manat əsas və 1616,95 ƏDV məbləği olmaqla, latex əlcək məhsulunu xx.xx.2023-cü il tarixli qaimə ilə təhvil almış, ümumilikdə 18019,96 (on səkkiz min on doqquz manat doxsan altı qəpik) manat borcu yaramışdır. Müqavilə öhdəliklərinin yerinə yetirilməsi və borcun ödənilməsi ilə əlaqədar cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, onun tərəfindən borc ödənilməmişdir. Tərəflər arasında 04 oktyabr 2023-cü il tarixli üzləşmə aktı tərtib edilmiş və müəyyən olmuşdur ki, 15271,19 manat əsas borc və 2748,31 manat ƏDV məbləği Cavabdeh MMC tərəfindən bu günədək ödənilməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin 2.5-ci bəndinə müəyyən edilmişdir ki, alıcı verilmiş mal-materialların dəyərini müqavilədə nəzərdə tutulan müddətdə ödəmədikdə vurulmuş maddi zərəri və çəkilmiş xərcləri ödəyəcəkdir. Cavabdeh MMC-nin ödəmədiyi 18019,96 manat borc məbləği üçün hesablanan zərər məbləği Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsi ilə 314 manat, 200 manat məbləğində mediasiya haqqı və 10 manat rüsum, vəkil xidmətinə görə 300 manat olmuşdur Mübahisənin məhkəməyə qədər həlli qaydasında cavabdehə pretenziya məktubu göndərilmiş, borclu olduğu 18019,96 manat pulu ödəməsi tələb edilmiş, əks halda borcun məhkəmə qaydasında tələb olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Mübahisənin mediasiya qaydasında həll edilməsi üçün İddiaçı MMC Bakı 13 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya işi ilə bağlı xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, hər iki tərəf mediasiya sessiyasının keçirilmə günü və saatı barədə öncədən lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı MMC-nin nümayəndəsi sessiyada iştirak etmiş, Cavabdeh MMC-nin nümayəndəsi isə iştirak etməmiş, bu barədə hər hansı bir məlumat verməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı MMC tərəfindən 200 manat məbləğində mediasiya haqqı və 10 manat rüsum ödənilmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 398.1, 448.1, 567, 598.1, 637.2-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, FST-23-230 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı alıcıya “e-qaimə” vasitəsi ilə satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya bu müqavilə ilə razılaşdırılmış müddətdə ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən mal-materialların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Əşyanı təhvil almış alıcı nisyə aldığı malın dəyərini bu müqavilədə və qaimədə nəzərdə tutulan qiymətlə və müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməlidir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən mal-materiallar alıcıya tam təhvil verildikdən sonra alıcı 10 (on) təqvim gün ərzində mal-materialın dəyərini tam həcmdə ödəniş etməlidir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən alıcı satıcıdan malları razılaşdırılmış qiymət əsasında bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada nisyə olaraq alır. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən tərəflər razılaşırlar ki, malın satıldığı günə bir Azərbaycan manatının 1 ABŞ dollarına münasibətdə məzənnəsi 1.7 manatdır. Alıcı aldığı mal-materialların dəyəri olan pulu ödədiyi tarixdə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə hesablayıb ödəyəcəkdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən alıcı verilmiş mal-materialların müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək vurulmuş maddi zərərin və çəkilmiş xərclərin ödənilməsini tələb edəcəkdir.
8. xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 340451 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7419,96 manat (ƏDV daxil) təşkil edir.
9. xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 539983 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 10600 manat (ƏDV daxil) təşkil edir.
10. İddiaçı tərəfindən iş materiallarına elektron qaimələrin əsasında dayanan təhviltəslim aktı qismində mal satışı qaimələri təqdim edilmişdir.
11. İddiaçı MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 15271,19 manat əsas borc və 2748,81 manat ƏDV borcu vardır. Qeyd olunan akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
12. Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə tərəfindən verilmiş xx.xx.2023cü il tarixli yazılı izahatda qeyd edilmişdir ki, İddiaçı MMC-dən xx.xx.2023-cü il tarixdə 7420 ƏDV daxil və xx.xx.2023-cü il tarixdə 10600 ƏDV daxil Cavabdeh MMC tərəfindən mal alışı olmuşdur. Qeyd olunmuş borc məbləğlərinin ödənişi gecikdiyindən İddiaçı MMCdən xx.xx.2023-cü il tarixinədək vaxt istənilir. Borc məbləği 18020 manat xx.xx.2023-cü il tarixində Cavabdeh MMC tərəfindən tam qaytarılacaqdır.
13. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borcun qısa müddətdə ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
14. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3-ci maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
17. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
18. İddia tələbinin bir hissəsini Cavabdehndən xx.xx.2023-cü il tarixli, FST-23-30 nömrəli alqı-satqı müqaviləsi üzrə 15271,19 manat (on beş min iki yüz yetmiş bir manat on doqquz) əsas borc, 2748,81 manat (iki min yeddi yüz qırx səkkiz manat səksən bir qəpik) ƏDV borcun tutulması təşkil edir.
19. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, FST-23- 30 nömrəli alqı-satqı müqaviləsi üzrə 15271,19 manat (on beş min iki yüz yetmiş bir manat on doqquz) əsas borc, 2748,81 manat (iki min yeddi yüz qırx səkkiz manat səksən bir qəpik) ƏDV borcu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. həmin borcun mövcudluğu təqdim olunmuş sübutlarla öz təsdiqini tapır.
20. İddia tələbinin digər hissəsini cavabdehdən öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış 436 manat məbləğində pulun tutulması təşkil edir.
21. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh alqı-satqı müqaviləsinə əsasən verilmiş əşyanın dəyərini vaxtında ödəmədiyindən iddiaçı həmin vəsaitin məbləğindən faizlərin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, işin hallarından göründüyü kimi, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə mallar cavabdehə təhvil verilmişdir. Müqavilə şərtlərinə əsasən mal-materiallar cavabdehə təhvil verildikdən sonra o, 10 təqvim günü ərzində malmaterialın dəyərini tam həcmdə ödəməlidir.
22. Ona görə məhkəmə belə nəticəyə gəlir ki, həmin hissədə də iddia təmin olunmalı və cavabdehdən AR MM-nin 598.3-ci və 449-cu maddələrinə əsasən tələbə uyğun 436 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
23. Eləcə də, iddiaçı vəkilə ödənilmiş 300 manat məbləğin və 200 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Həmin məbləğlərin iddiaçı tərəfindən ödənilməsinə dair sübutlar məhkəməyə təqdim edilmişdir.
24. Məhkəmə hesab edir ki, 300 (üç yüz) manat hüquqi yardım, 200 (iki yüz) manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2023-cü il tarixli, FST-23-30 nömrəli alqı-satqı müqaviləsi üzrə 15271,19 manat (on beş min iki yüz yetmiş bir manat on doqquz) əsas borc, 2748,81 manat (iki min yeddi yüz qırx səkkiz manat səksən bir qəpik) ƏDV, gecikdirilmiş vaxt üçün hesablanmış 436 (dörd yüz otuz altı) manat, 200 (iki yüz) manat mediasiya xərci, 300 (üç yüz) manat hüquqi yardım xərci olmaqla, cəmi 18956 (on səkkiz min doqquz yüz əlli altı) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova