Məhkəmə qərarları › İş №e-2-2(113)-10027/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10027/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10027/2025 17.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı «pul» tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: evakuasiya xidmətlərinin göstərilməsi müqaviləsi) Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədov Fərid Elçin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «pul» tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı "pul" tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli, 202/24 saylı Müqavilə üzrə 4425 manat (3750 manat əsas borc + 675 ƏDV borcu) məbləğində əsas borcun, 2212,50 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 256,04 manat pulun və 99 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh 09 dekabr 2025-ci il tarixində məhkəməyə etiraz göndərərək, borc məbləği ilə razı olmadıqlarını, borc məbləğinin əsassız olaraq şişirdildiyini və mütənasib olmayan dəbbə pulunun hesablandığını bildirirərək, işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarılmasını xahiş etmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-10027/2025 saylı qərardadı ilə iddiaçının sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, 202/24 saylı “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İcraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMCnin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində icraçıya müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri tam yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli, 202/24 saylı müqavilə üzrə 4425 manat (3750 manat əsas borc + 675 ƏDV borcu) məbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş müqavilə, tərəflər arasında tərtib edilmiş qaimələr və xidmətin göstərilməsinə dair olan aktlar ilə təsdiq edilir. Belə ki, cavabdehin İddiaçı MMC-yə olan borcu MT2411 seriya və 10060871 nömrəli, xx.xx.2024 tarixli qaimə üzrə 885 manat, MT2409 seriya və 10080816 nömrəli, xx.xx.2024 tarixli qaimə üzrə 885 manat, MT2409 seriya və 12032506 nömrəli, xx.xx.2024 tarixli qaimə üzrə 885 manat, MT2410 seriya və 10639558 nömrəli, xx.xx.2024 tarixli qaimə üzrə 1770 manat təşkil edir. Bu qaimələr üzrə borc məbləğinin cəmi isə 4425 manat (ƏDV daxil) təşkil edir. Bu qaimələr üzrə məbləğ xidmətin göstərilməsinə dair aktlarla təsdiqlənir. Həmin aktlar da məhkəmə sisteminə əlavə edilir. Bu əsasla tərəflərindən cavabdehə xx.xx.2025-ci il tarixində 3 iş günü müddətində borc məbləğini tələb etməyi barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pulşirkətə ödənilməmişdir. Əlavə olaraq bildirək ki, xx.xx.2024-cü il tarixli, 202/24 saylı müqavilənin 5.4-cü bəndinə əsasən hər gecikən gün üçün qalıq borcun 1% (bir) miqdarında dəbbə pulu hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən cərimə məbləği 18691,2 manat təşkil etsə də, tərəflərindən güzəşt faizi tətbiq edilərək əsas məbləğin ≈50 %-i həcmində, yəni, cəmi 2212,50 manat dəbbə pulu tələb edilməkdədir. Beləliklə, göründüyü kimi cavabdehin ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Daşıyıcı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında imzalanmış evakuasiya xidmətlərinin göstərilməsi haqqında 20/24 nömrəli, 19 iyul 2024-cü il tarixli müqavilədən görünür ki, icraçı İddiaçı MMC sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür.

8. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən hər gecikən gün üçün qalıq borcun 1% (bir) miqdarında dəbbə pulu hesablanacaq.

9. Seriya MT2409 seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən cəmi 750 manat, ƏDV daxil olmaqla 885 manat dəyərində Cavabdeh MMC-yə məxsus yük daşıma xidməti həyata keçirilmişdir.

10. Daşıyıcı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında imzalanmış göstərilmiş xidmətlərin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli, 083713 nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən, Şirvan şəhəri Heydər Əliyev prospektindən – Şuşa şəhərinə, ƏDV daxil olmaqla 885 manat dəyərində beton yükünün daşınması həyata keçirilmişdir.

11. Seriya MT2409 seriyalı, 12032506 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən cəmi 750 manat, ƏDV daxil olmaqla 885 manat dəyərində Cavabdeh MMC-yə məxsus yük daşıma xidməti həyata keçirilmişdir.

12. Daşıyıcı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında imzalanmış göstərilmiş xidmətlərin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli, 085824 nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən, Şirvan şəhəri X1 Şirvan İcra nümayəndəliyi, Qarabağ-Şuşa şəhərinə, ƏDV daxil olmaqla 885 manat dəyərində beton yükünün daşınması həyata keçirilmişdir.

13. Seriya MT2410 seriyalı, 10639558 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən cəmi 1500 manat, ƏDV daxil olmaqla 1770 manat dəyərində Cavabdeh MMCyə məxsus yük daşıma xidməti həyata keçirilmişdir.

14. Daşıyıcı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında imzalanmış göstərilmiş xidmətlərin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli, 086907 nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən, Şirvan şəhəri, X1, Şirvan İcra nümayəndəliyindən – Şuşa şəhərinə, ƏDV daxil olmaqla 1770 manat dəyərində beton yüklərinin daşınması həyata keçirilmişdir.

15. Seriya MT2411 seriyalı, 10060871 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən cəmi 750 manat, ƏDV daxil olmaqla 885 manat dəyərində Cavabdeh MMC-yə məxsus yük daşıma xidməti həyata keçirilmişdir.

16. Daşıyıcı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında imzalanmış göstərilmiş xidmətlərin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli, 088318 nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən, Şirvan şəhəri, X1, Şirvan İcra nümayəndəliyindən – Şuşa şəhərinə, ƏDV daxil olmaqla 885 manat dəyərində beton yükünün daşınması həyata keçirilmişdir.

17. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 202/24 saylı Müqavilə üzrə 4425 manat məbləğində əsas borc, 2212,50 manat məbləğində cərimə-dəbbə pulu və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 256,04 manat faiz borcu vardır.

18. İşə əlavə edilmiş pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydalarına əməl edilmişdir.

19. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır.

20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında xx.xx.2024-cü il tarixli, 202/24 saylı evakuasiya xidmətlərinin göstərilməsinə dair müqaviləsi bağlanmış və həmin müqaviləyə uyğun olaraq iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan sifariş əsasında xidmətlər göstərmiş, lakin cavabdeh ona göstərilmiş xidmətlər üzrə hər hansı ödəniş etməmiş və bununla da, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

21. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Həmin Məcəllənin Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

26. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

27. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

28. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli, 202/24 nömrəli evakuasiya xidmətlərinin göstərilməsi müqaviləsinə əsasən ƏDV daxil 4425 manat (3750 manat əsas, 675 man ƏDV) məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

29. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan lizinq müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh dəbbə pulunu ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin lizinq müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı lizinq müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 2212,50 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir.

30. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu hissəsində iddia tələbi qismən təmin edilərək, 221,25 (tələb edilən əsas borcun 5% həddində) manat məbləğində müəyyən edilməlidir.

31. Məhkəmə iddia tələbinin cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 256,04 manat məbləğində vəsaitin tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

33. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

34. Yuxarıda qeyd olunan dispozisiya şərtlərinə əsasən, hazırkı iddia tələbinin qanuni əsasının şərtləri öhdəliyin icra vaxtının çatması, borclunun icranı gecikdirməsi və borclunun bunda təqsirli olmasıdır ki, işin faktiki halları da cavabdeh tərəfindən iddiaçının əmlakının sökülməsinə baxmayaraq ona cavabdeh tərəfindən müvafiq kompensasiyanın ödənilmədiyini, iddiaçının iddiası əsasında çıxarılan məhkəmə qərarının icrasının isə gecikdirilməsini təsdiq edir. Belə ki, gecikmə dedikdə razılaşdırılmış vaxtda, yaxud xəbərdarlıq olunmasına baxmayaraq, ondan sonra öhdəliliyin borclu tərəfindən icra edilməməsi başa düşülür.

35. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçı və cavabdeh arasında xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü tarixlərdə təhvil-təslim sənədləri imzalanmış, o cümlədən həmin tarixdə elektron qaimə-fakturalar tərtib edilmiş və fiziki olaraq imzalanmışdır. Cavabdeh tərəfindən isə ötən müddətdə müvafiq ödəniş həyata keçirilməyərək, əksinə gecikdirilmişdir.

36. Beləliklə, işin müəyyən edilmiş halları ilə vaxtı çatmış öhdəliyin gecikməsində cavabdehin təqsirinin olduğu müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı gecikdirilmiş vaxt üçün illik 5% ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Ona görə də iddia tələbi həmin hissədə təmin edilərək gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 256,04 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

37. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli, 202/24 nömrəli evakuasiya xidmətlərinin göstərilməsi müqaviləsinə əsasən 4425 manat (3750 manat əsas, 675 man ƏDV) məbləğində əsas, 221,25 manat məbləğində cərimədəbbə pulu və gecikdirilmiş vaxt üçün isə illik 5% məbləğində hesablanmaqla 256,04 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Həmin Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırda iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 69,02 manatı Cavabdeh MMC-dən tutulub İddiaçı MMCyə ödənilməlidir.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli, 202/24 nömrəli evakuasiya xidmətlərinin göstərilməsi müqaviləsinə əsasən 4425 (dörd min dörd yüz iyirmi beş) manat (3750 manat əsas, 675 man ƏDV) məbləğində əsas borc, 221,25 (iki yüz iyirmi bir manat 25 qəpik) manat məbləğində cərimə-dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 256,04 (iki yüz əlli altı manat 04 qəpik) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 69,02 (altmış doqquz manat 02 qəpik) manat olmaqla, ümumilikdə 4971,31 (dörd min doqquz yüz yetmiş bir manat 31 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutulub İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar