Məhkəmə qərarları › İş №e-2-2(113)-1003/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1003/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1003/2024 15.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı-nun cavabdeh OOO “X2 kompaniya“ya qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: daşıma müqaviləsi, borcun və cərimənin ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil1, cavabdehin nümayəndələri, Vəkil2 və Vəkil3 iştirakı ilə, İddiaçı-nun cavabdeh OOO “X2 kompaniya“ya qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh OOO “X1 kompaniya” arasında bağlanmış 19 oktyabr 2018-ci il tarixli, ALF-011 №-li Nəqliyyat- Ekspedisiya müqaviləsinə əsasən müqavilə üzrə göstərilmiş xidmətlərə görə cavabdeh tərəfindən ödənilməmiş 1.729.319,93 ABŞ Dolları məbləğində əsas borcun, ******* ABŞ Dolları məbləğində cərimə borcunun, ilkin mediasiya prosesinin keçirilməsi ilə əlaqədar olaraq ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 4064.8 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 1000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər, yəni “Alliance Logistics” FZCO ilə OOO “X1 kompaniya” arasında 19 oktyabr 2018-ci il tarixli, ALF-011 №-li Nəqliyyat- Ekspedisiya müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “Alliance Logistics” FZCO olaraq, OOO “X1 kompaniya”nın sifarişinə əsasən aşağıdakı əməliyyatları yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi öhdələrinə götürmüşdür. Sifarişçi isə həmin Xidmətlər müqabilində Ekspeditora muzd ödəməyi öhdəsinə götürmüşdür və hər bir Xidmət üzrə xüsusi şərtlərin və qiymətlərin Müqaviləyə edilən əlavələrdə öz əksini tapacağı barədə tərəflər razılığa gəlmişlər: 1) daşıma və ekspeditorluq xidmətləri; 2) bütün növ stansiya xidmətləri (yüklərin yüklənməsi və göndərilməsinə icazənin alınması, vaqonların/nəqliyyat vasitələrinin çatdırılması və geri götürülməsi, daşıma sənədlərinin leqallaşdırılması, yerli stansiya xidmətlərinin ödənilməsi (yüklərin/vaqonların/nəqliyyat vasitələrinin saxlanmasına görə, vaqonların/nəqliyyat vasitələrinin demurajına görə cərimələr) daxil olmaqla), təhlükəsizlik, yükləmə-boşaltma əməliyyatları; 3) gömrük rəsmiləşdirilməsi və/və ya digər rəsmiləşdirmələr; 4) yüklərin kəmiyyət və keyfiyyətinin yoxlanılması; 5) yüklərin/malların saxlanması və anbarlanması; 6) yüklərin/malların köçürülməsi/daşınması; 7) tərəflər arasında razılaşdırılmış digər əməliyyatlar. 11 fevral 2020-ci il tarixli üzləşdirmə aktına əsasən sözügedən müqavilə üzrə Ekspeditor qismindəi iddiaçı tərəfindən Sifarişçiyə müqavilə üzrə ümumilikdə dəyəri 4.789.876,37 ABŞ Dolları təşkil edən xidmət göstərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və göstərilən pul məbləğini onlara tam həcmdə ödəməmişdir. Hazırda cavabdeh tərəfindən edilmiş ödənişlərdən sonra ikitərəfli təsdiq olunmuş 18 yanvar 2022-ci il tarixli üzləşdirmə aktına əsasən cavabdehin iddiaçı tərəf 1.729.319,93 ABŞ Dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehlə aralarında bağlanmış müqavilənin 6.1-ci bəndinə uyğun olaraq həmin borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq göndərilsə də, sözügedən borc məbləği hələ də iddiaçıya ödənilməmişdir. Hesab edir ki, göstərilən borc məbləği ABŞ Dolları valyutasında cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Çünki cavabdehlə aralarında bağlanmış 19 oktyabr 2018-ci il tarixli, ALF-011 №-li Nəqliyyat-Ekspedisiya müqaviləsinin 2.4-cü bəndinə əsasən bu Müqaviləyə əsasən göstərilən Xidmətlərin dəyəri ABŞ dolları ilə müəyyən edilir. Ödəniş valyutası ABŞ dolları və ya bu Müqaviləyə Əlavələrdə tərəflər arasında razılaşdırılmış hər hansı digər valyuta olmalıdır. Onu da qeyd edir ki, cavabdehə qarşı“pul” tələbinə dair iddia ərizəsini Bakı Kommersiya Məhkəməsinə təqdim etməməyinin əsası kimi yuxarıda qeyd olunan müqavilənin 4.1.1-ci, 6.2-ci və 6.3-cü bəndləri çıxış edir. Belə ki, 19 oktyabr 2018-ci il tarixli, ALF-011 №-li Nəqliyyat-Ekspedisiya müqaviləsinin 2.1-ci bəndinə əsasən Sifarişçi Ekspeditorun hesab fakturalarına uyğun olaraq Xidmətlərə görə ödəniş etməyi öhdəsinə götürmüşdür. Əlavə olaraq qeyd edir ki, məhkəmədə hüquqlarlarınıın müdafiə edilməsi məqsədilə Bakı şəhəri 20 saylı Vəkil Bürosu ilə xx.xx.2023-cü il tarixli, 1603 saylı hüquqi yardım haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı tərəfindən 1000 manat ödəniş olunmuşdur. Hesab edir ki, ödənilməmiş borc məbləği ilə yanaşı həmin pul məbləği də cavabdehdən tutularaq iddiaçı tərəfə ödənilməlidir. Məhkəməyə müraciət edilməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak edilmişdir. İlkin mediasiya sessiyasından sonra cavabdeh tərəfin ilkin mediasiya sessiyasında iştirak etməməsi səbəbindən mediator tərəfindən “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 31 oktyabr 2023-cü il tarixli, MŞB/2-03731 nömrəli arayış verilmişdir. İlkin mediasiya prosesinin keçirilməsi ilə əlaqədar olaraq 400 manat məbləğində mediasiya xərci 10 manat məbləğində kargüzarlıq xərci, və 1860.62 manat dövlət rüsumu tərəfindən ödənilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 387.2, 452.1, 425.2, 427.3, 430.1, 441.1, 441.4, 442.1, 443.1-443.2, 443.5, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir, əlavə olaraq bildirmişdir ki, “Alliance Logistics” FZCO ilə OOO “X1 kompaniya” arasında 19 oktyabr 2018-ci il tarixli, ALF-011 №-li Nəqliyyat-Ekspedisiya müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “Alliance Logistics” FZCO olaraq biz, OOO “X1 kompaniya”nın sifarişinə əsasən aşağıdakı əməliyyatları yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi öhdələrinə götürmüşdür, Sifarişçi isə həmin xidmətlər müqabilində Ekspeditora muzd ödəməyi öhdəsinə götürmüşdür və hər bir Xidmət üzrə xüsusi şərtlərin və qiymətlərin Müqaviləyə edilən əlavələrdə öz əksini tapacağı barədə biztərəflər razılığa gəlmişlər. 11 fevral 2020-ci il tarixli üzləşdirmə aktına əsasən sözügedən müqavilə üzrə Ekspeditor qismində iddiaçı tərəfindən Sifarişçiyə müqavilə üzrə ümumilikdə dəyəri 4.789.876,37 ABŞ Dolları təşkil edən xidmət göstərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və göstərilən pul məbləğini iddiaçı tərəfə tam həcmdə ödəməmişdir. Hazırda cavabdeh tərəfindən edilmiş ödənişlərdən sonra ikitərəfli təsdiq olunmuş 18 yanvar 2022-ci il tarixli üzləşdirmə aktına əsasən cavabdehin iddiaçı tərəfə 1.729.319,93 ABŞ Dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində iddia tələbinə münasibətdə ərizə təqdim edilərək qeyd edilmişdir ki, İddiaçı-nun cavabdeh OOO “Pervaya transportnoloqistiçeskaya kompaniya“ya qarşı “İddiaçı ilə OOO “X1 kompaniya” arasında bağlanmış 19 oktyabr 2018-ci il tarixli, ALF-011 No-li Nəqliyyat-Ekspedisiya müqaviləsinə əsasən iddiaçı tərəfindən müqavilə üzrə göstərilmiş xidmətlərə görə cavabdeh tərəfindən ödənilməmiş 1.729.319,93 ABŞ Dolları məbləğində əsas borcun, 2.593.977,00 ABŞ Dolları məbləğində cərimə borcunun, ilkin mediasiya prosesinin keçirilməsi ilə əlaqədar olaraq ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 4.064,80 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 1.000,00 manat məbləğində pul tələbi barədə“ iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə müraciət etmişdir. Aşağıda qeyd olunan əsaslara görə hesab edirik ki, iddia ərizəsi əsassız və qanunsuz olaraq rədd edilməlidir. 1. İddiaçı tərəf Cavabdeh tərəfə xx.xx.2018-ci il tarixli, ALF-011 nömrəli müqavilə üzrə hansı xidmətləri göstərərək, üzərinə düşən öhdəliyi yerinə yetirdiyini göstərə bilən hər hansı sənədləri də məhkəmə təqdim edə bilməmişdir. İddiaçı istinad etdiyi müqavilənin hansı bəndində nəzərdə tutulan hansı öhdəliyin cavabdeh tərəfindən yerinə yetirilmədiyini də izah edə bilimir. Belə ki, iddiaçının iddia tələbinin əsaslandırılmasında istinad etdiyi xx.xx.2018-ci il tarixli ALF-011 nömrəli müqavilənin 2.2-ci bəndində belə qeyd edilir ki: sifarişçi (cavadeh) Ekspeditora (iddiaçıya) xidmət göstərilməmişdən ən azı 3 gün qabaq göstəriləcək xidmət üçün qabaqcadan ödəniş etməli idi və tərəflər razılığa gəlmişlər ki, Ekspeditora (iddiaçıya) ödəniş edildikdən sonra sifariş edilmiş xidmət icra ediləcəkdir. Lakin, iddiaçının, müqavilə şərtlərini pozaraq, ona ödəniş edilmədən xidmət göstərməsi aglabatan deyildir. İddiaçı üzərinə düşən öhdəliyin yerinə yetirilməsini, cavabdehə lazımı qaydada xidmət göstərdiyini məhkəməyə isbat edə bilmir. İddiaçı cavabdehə hər hansı bir xidmət göstərməmişdir, əks təqdirdə özünün istinad etdiyi xx.xx.2018-ci il tarixli ALF-011 nömrəli müqavilənin 4.1.7-ci bəndinə uyğun olaraq, xidmətin göstərilməsinə dair uzləşmə aktları məhkəməyə tədim edərdi. Bunun əksi olaraq iddiaçı məhkəməyə 35 ədəd üzləşmə aktı təqdim etsə də, həmin üzləşmə aktlarında, müqavilə tələblərinə zidd olaraq, göstərdiyi xidmət barədə məlumat yoxdur. Halbuki, həmin Müqavilənin 4.1.7-ci bəndinə əsasən Tərəflər hər ay göstərilən xidmətlə bağlı Üzləşmə Aktı imzamalıdırlar. X3 göstərilən xidmətlər barədə tam məlumatlar olmalı və daşıma kodları, növü, nəqliyyat vasitələrinin nömrəsi, mənsubiyyəti, əmtəə-nəqliyyat qaimələrinin nömrəsi, yükün təyinatı, göndərilmə məntəqəsi, kütləsi və sifrələri qeyd edilməlidir. Lakin, iddiaçının məhkəməyə təqdim etdiyi Üzləşmə aktlarında müqavilənin vacib şərtlərinə, eləcə də yük daşıma ilə bağlı Qanunun tələblərinə dair məlumatlar yoxdur və bundan başqa müqavilə ingilis və rus dillərində tərtib edildiyi halda üzləşmə aktları yalnız ingilis dilində tərtib edilmişdir. Əsas məsələlərdən biri də odur ki, xx.xx.2018-ci il tarixli ALF-011 nömrəli müqavilənin 2.3-ci bəndinə əsasən bu müqavilə üzrə xidmətlərin qiyməti bu müqaviləyə qoşma ilə müəyyən edildiyi halda, iddiaçı məhkəməyə bu müqavilənin qoşmalarını təqdim edə bilməmişdir. Bu gün xidmətin qiyməti müəyyən edilmədən, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 3000000,00 ABŞ dollaradın artıq pul ödənildiyi halda, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən pul məbləğini əlavə olaraq tələb etməsi tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398-ci maddəsinin tələblərinə əsasən, Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. Eyni zamanda, Müqavilənin 8.1-ci bəndinə əsasən, “müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədədir. Tərəflər uzadılması barədə razılığa gələrsə, bu Müqaviləyə müvafiq düzəlişlər imzalanmaqla müqavilənin müddəti uzadıla bilər.“ Müqavilənin 4.1.5-ci bəndinə uyğun olaraq, “Sifarişçi tərəfindən ödəniş gecikdirildikdə, ekspeditor hər gecikdirilmiş gün üçün hesab-faktura məbləğinin 0,5%-i miqdarında cərimə ödəməyə borcludur.“ İddiaçı müqavilə münasibətlərinin davam etməsinə dair fikirlər bildirməklə, məhkəmədə çaşqınlıq yaratmağa çalışaraq, iddia tələbinin 2-ci hissəsini təşkil edən 2593977,00 ABŞ dolları məbləğində cəriməni müəyyən edərkən, müqavilənin həmin 4.1.5-ci bəndinə istinad etmişdir. Lakin, bu müqavilənin uzadılmadığı və artıq hüquqi qüvvəsinin olmadığı halda, həmin müqavilənin müvafiq bəndinə istinad etməklə, cərimənin hesablanaraq tələb olunması başa düşülməzdir. İddiaçı cavabdehlə bağlı münasibətdə vaxtında və lazımi qaydada üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və ya ümumiyyətlə öhdəlik yerinə yetirmədən hüquqdan sui-istifadələrə yol verməklə, etiraza əlavə olunmuş iddiaçı ilə cavabdeh arasında e-mail yazışmalardan da göründüyü kimi, xüsusilə də, guya cavabdehin borcuna görə, cavbdehə məxsus 91 sayda yüklü yük qatar vaqonların Biləcəri stansiyasında saxlanılaraq, Azərbaycan Respublikası ərazisində daşınmasının yubadılmasını həyata keçirməklə, bunu əllərində bir təyziq vasitəsi kimi istifadə etməklə, qanunsuz təsirlər göstərərək cavabdehi ağır və çıxılmaz vəziyyətə salmaqla, müqavilə münasibətləri bitməsinə baxmayaraq, hər hansı bir xidmət göstərmədən borculu olmasına dair müxtləf aktlara imza etdirmişdir. Əks təqdirdə iddiaçı Ekspeditor qismində göstərdiyi xidmətlərə dair Azərbaycan Respublikası MM-nin 852, 853 və 854-cü maddənin tələblərinə əsasən məlumatları və sənədləri məhkəməyə təqdim etməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 852.1, 852.3 və 852.2-cü maddələrinin tələblərinə əsasən: - Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. - Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. - Ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. İddiaçı Ekspeditor xidməti göstəribsə Azərbaycan Respublikası MM-nin 853 və 854-cü maddələrinin tələblərinə əsasən məhkəməyə “yük göndərənin zəruri məlumatları, sənədləri və Qaimələri təqdim etməlidir.“ Lakin, cavabdeh, iddiaçının qəbul etdiyi kimi, ******* ABŞ dollarından artıq pul məbləğini iddiaçıya ödəsə də, iddiaçı tərəfindən bu pulun müqabilində hansı xidmətin göstərilməsi iş materiallarından aydın deyil. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə əsasən, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiacı üzərinə düşən vəzifələrin yerinə yetirilməsi barədə hər hansı bir sənəd təqdim etmədən, öz hüquqlarını tələb etməklə, əslində isə onun görmədiyi işlər üzrə pul alması və əlavə olaraq pul tələb etməsi qanunsuz olmaqla, əsassız varlanmaya yönəlmiş hərəkətlərdən başqa bir şey deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.6.1. qiymətlərin və ya əqdlərin digər şərtlərinin birbaşa və ya dolayısı ilə təyin edilməsi. Yuxarıda qeyd olunanları nəzərə alaraq və etirazın dəlillərini əsaslı sayılmaqla, iddiçı İddiaçı-nun iddia tələbinin təmin olunmamağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək qeyd etmişdir ki, aktlar şirkətin rəhbərliyi tərəfindən məcburiyyət qarşısında qaldığı üçün imzalanmışdır. Müqavilə bağlanarkən ekspeditor olaraq tərəf cavabdeh tərəfin yüklərini daşımalı idi. Lakin daşımalar zamanı, çatdırmada gecikmələr problemlər yaranmışdı. İddiaçı tərəf yüklərini buraxmadıqları üçün məcburiyyət qarşısında qalaraq imzalamışdır. Müqavilə münasibətləri bitsə də tərəflər arasında öhdəliyin yerinə yetirilməsi ilə bağlı olan münasibətlər, həmçinin daşımalar başa çatmamışdır. Tərəf məcbur qalıb üzləşmə aktlarını imzalamışdır. Konkret olaraq bu üzləşmə aktlarını təsdiq ədən nə ödəmə qəbzləri, nə yükün daşınması, nə də müqaviləyə uyğun olaraq üzləşmə aktları yoxdur. Cavabdeh tərəfin iddiaçıya qarşı hər hansı iddianı qaldırmama səbəbi barədə məlumatlı olmamış, sadəcə cavabdeh tərəf hesab etmişdir ki, iddiaçı tərəf xidmətlər göstərmədiyi üçün onlara qarşı iddia qaldırmaz. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin digər nümayəndəsi Vəkil2 izahatını müdafiə edərək iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarına əlavə edilmiş: Ekspeditor “Alliance Logistics” FZCO ilə Sifarişçi OOO “X1 kompaniya” arasında bağlanmış xx.xx.2018-ci il tarixli ALF-011 saylı nəqliyyat ekspedisiya müqaviləsindən görünür ki, ekspeditor müştərinin tələbi ilə aşağıdakı əməliyyatları yerinə yetirməyi və ya icrasını təşkil etməyi, Sifarişçi isə bu Xidmətlərə görə Ekspeditora ödəniş etməyi öhdəsinə götürür. Hər bir Xidmətin şərtləri və dəyəri Müqaviləyə Əlavələrdə öz əksini tapacaqdır: Nəqliyyat və ekspeditor xidmətləri; bütün növ stansiya xidmətləri, mühafizə, yükləmə və boşaltma xidmətləri; gömrük rəsmiləşdirilməsi və/və ya digər rəsmiləşdirmələr; keyfiyyət və kəmiyyət ölçmələri; malların/malların saxlanması/anbarlanması; yükün/malların köçürülməsi; tərəflərin razılaşdırdığı digər əməliyyatlar. Göstərilən Xidmətlərin siyahısı və müddəti, yükün/malların adı, daşınan yüklərin/malların marşrutları və miqdarı bu Müqaviləyə edlən Əlavələrə uyğun olaraq müəyyən edilir. Müqavilənin 2.2-ci bəndinə əsasən Sifarişçi, Ekspeditorun hesab-fakturasını aldıqdan dərhal sonra, lakin xidmətlərin icrasına başlamasının təxmin edildiyi andan 3 təqvim günündən gec olmayaraq, Ekspeditorun müəyyən edilmiş bank hesabına köçürmə yolu ilə sifariş edilmiş Xidmətlər üçün 100% avans ödəməlidir. Müqavilənin 2.7-ci bəndinə əsasən ödəniş edilmədikdə və ya gecikdirildikdə, Ekspeditor Xidmətlərin yerinə yetirilməsindən imtina etmək, Xidmətlərin icrasını dayandırmaq və/və ya Sifarişçinin yüklərini/mallarını yolda dayandırmaq hüququna malikdir və göstərilən səbəbə görə baş vermiş bütün əlavə xərclər, cərimələr və/və ya məsrəflər Sifarişçi tərəfindən ödənilir. Müqavilənin 3.2.8-ci bəndinə əsasən sifarişçi bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq ekspeditorun xidmətlərini vaxtında ödəməlidir və ödəniş edilməməsi və ya vaxtında ödəniş edilməməsi səbəbindən Ekspeditor tərəfindən Xidmətlərin yerinə yetirilməsindən imtina edildikdə və ya yüklərin/malların dayandırılması halında göstərilən səbəblərə görə baş vermiş bütün əlavə xərcləri, cərimələri və/və ya məsrəfləri ödəməlidir. Müqavilənin 4.1.5-ci bəndinə əsasən sifarişçi aşağıdakı hallarda ekspeditora dəymiş ziyana görə məsuliyyət daşıyır: 1) müqavilənin şərtlərinin yerinə yetirilməməsi; 5) ödənişdən əsassız imtina; 6) ekspeditorun təqdim etdiyi hesab-faktura vaxtında ödənilmədikdə, ödəmənin gecikdirildiyi hər gün üçün sifarişçi hesab-faktura məbləğinin 0.5%-i həcmində dəbbə pulu ödəməlidir. Müqavilənin 6.2-ci və 6.3-cü bəndlərinə əsasən mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, bu Müqavilədən irəli gələn və ya onunla bağlı olan bütün məsələlər Azərbaycan Respublikasının müvafiq Məhkəməsinə göndərilir və tətbiq olunan hüquq və qanunvericilik Azərbaycan Respublikasının qanunvericiliyidir. Hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli üzləşdirmə aktında "xxxx" MMC “Alliance Logistics” FZCO qarşısında üzləşdirmə aparılan tarixlərdə borc qalığı 3270746,37 ABŞ dolları olduğu qeyd olunmuşdur. Hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə aktında "xxxx" MMC “Alliance Logistics” FZCO qarşısında üzləşdirmə aparılan tarixlərdə borc qalığı 1729319.93 ABŞ dolları olduğu qeyd olunmuşdur. 31 oktyabr 2023-cü il tarixli MŞB/2-03731 nömrəli mediasiya arayışından məlum olurki, ilkin mediasiya xərci olaraq 400 manat ödəniş həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, “Alliance Logistics” FZCO 2208,31 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, “Alliance Logistics” FZCO 1862,79 manat dövlət rüsumu ödəmişdir. OOO “X1 kompaniya”-ya göndərilmiş xx.xx.2023-cü il tarixli 1011 saylı pretenziya məktubunda İddiaçı ilə OOO “X1 kompaniya” arasında xidmətlərin göstərilməsinə dair xx.xx.2018-ci il tarixli ALF-011 saylı müqavilə bağlanmışdır. Tərəflər arasında təsdiq olunmuş xx.xx.2021-ci il tarixli üzləşmə aktından görünür ki, qeyd olunan müqavilə üzrə göstərilmiş xidmətlərə görə sizin İddiaçı şirkətinə 4159319.93 ABŞ dolları borcunuz yaranmışdır. Tərəfindən ödənişlər edildikdən sonra iki tərəfli təsdiq olunan xx.xx.2022-ci tarixli üzləşmə aktında isə bu borcun 1729319.93 ABŞ dolları məbləğində ödənilməmiş borcunun qaldığını və bu günə kimi həmin borcun ödənilməsi iştiqamətində hər hansı bir hərəkətin olmadığı görünür. Bununla əlaqədar olaraq, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli ALF-011 saylı müqavilə əsasında iki tərəfli təsdiq edilən xx.xx.2022ci tarixli üzləşmə aktı ilə ödəməli olduğu 1729319.93 ABŞ dolları məbləğində borcun 10 gün ərzində ödəməyəcəyi təqdirdə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli ALF- 011 saylı müqavilənin 6.2-ci bəndinə əsasən tərəfindən Azərbaycan Respublikası Kommersiya Məhkəməsinə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28-ci maddəsinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 40.3-cü maddəsinə əsasən saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında daşıma müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, “Alliance Logistics FZCO” (Ekspeditor) ilə OOO “X1 kompaniya” arasında xx.xx.2018-ci il tarixli ALF-011 saylı nəqliyyat ekspedisiya müqaviləsi imzalanmışdır. Müqaviləyə və müqavilə üzrə sifarişçinin verdiyi sifarişlərə əsasən Ekspeditor Sifarişçiyə nəqliyyat ekspedisiya xidmətləri təqdim etmiş, Sifarişçi isə bu xidmətlərin müqabilində müvafiq ödənişləri təqdim etmək öhdəliyini öz üzərinə götürmüşdür. Bunun nəticəsində icra edilmiş sifarişlərə görə tərəflər arasında imzalanaraq təsdiq edilmiş üzləşmə aktına əsasən 1729319,23 ABŞ dolları məbləğində borc ödənilməmiş qalmışdır. Buna görə də cavabdeh MM-in 850-ci maddəsinə əsasən müqavilə üzrə daşımanın dəyərini iddiaçıya ödəməyə borcludur. Məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli üzləşmə aktını məcburiyyət səbəbi ilə cavabdeh tərəfindən imzalanması ilə bağlı irəli sürmüş olduqları dəlil də əsassızdır və sadəcə borcun ödənilməsinin yayınmasına xidmət edir. İddiaçı tərəfindən təqdim edilmiş üzləşmə aktı cavabdeh qurumun möhürü ilə təsdiqlənmişdir. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək müqavilə üzrə göstərilmiş daşınma xidmətinə görə 1729319,23 ABŞ dolları pulu ödəmədiyini, iddiaçının daşımanın dəyərini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, 1729319,23 ABŞ dolları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, iddiaçı cavabdehdən ******* ABŞ dolları cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış daşıma müqaviləsində işin yerinə yetirilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsini əsas götürməklə iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 86466 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında daşınma dəyəri ABŞ dolları ilə razılaşdırılsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Həmçinin məhkəmə, ilkin mediasiya sessiyasında cavabdehin üzrsüz səbəbdən iştirak etmədiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 400 manat mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu və iddianın qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 1000 manat xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 4064,80 manat dövlət rüsumunun 1934 manat hissəsinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh OOO “X1 kompaniya”-dan xx.xx.2018-ci il tarixli nəqliyyat ekspedisiyası müqaviləsi üzrə ödənilməmiş 1729319,93 ABŞ dolları əsas borc, 86466 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1815785,93 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti, habelə hüquqi yardımla əlaqədar ödənilmiş 1000 (bir min) manat vəkil xərcinin, ödənilmiş dövlət rüsumunun 1934 (min doqquz yüz otuz dörd) manatının və 400 (dörd yüz) manat mediasiya xərcinin əvəzi İddiaçı-nun xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar