Məhkəmə qərarları › İş №e-2-2(113)-10031/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10031/2025

13.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10031/2025 13.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh ”Alo Doctor” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı MMC arasında nömrəli, SC- 96-2023, xx.xx.2023-cü il tarixli Alqı-satqıya dair bağlanmış müqavilə şərtlərinin “ALO DOCTOR “MMCtərəfindən kobud şəkildə pozulması nəticəsində İddiaçı MMC-yə yaranmış 2711,45 manat (iki min yeddi yüz on bir manat qırx beş qəpik) əsas borc məbləği, gecikdirilmiş günlər üçün hesablanmış 414,85 manat (dörd yüz on dörd manat səksən beş qəpik) həmçinin, pozulmuş hüquqlarının bərpası üçün hüquqi xidmətin gösərilməsinə dair müqavilə xərcləri 325 (üç yüz iyirmi beş manat) olmaqla, dövlət rüsumunun məbləği də hesablanaraq, toplamda 3512,69 (üç min beş yüz on iki manat altmış doqquz qəpik) manat məbləğin CavabdehMMC -dən tutularaq, "xxxx" MMC-ə ödənilməsilə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında SC- 96-2023, xx.xx.2023-cü il tarixli Alqı-satqı Müqaviləsi müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən, “Satıcı” “Alıcıya” tibbi reagentlər, laboratoriya ləvazimatları və avadanlıqları, cihazları, sərfiyyatları və s. satır, “Alıcı” isə həmin malları qəbul edir və “Müqavilə” ilə razılaşdırılmış qaydada malların dəyərini Satıcıya ödəyir. Həmin müqavilənin 4.7-ci bəndinə görə “Alıcı” malları təhvil aldıqdan sonra, “ Satıcı” tərəfindən təqdim edilmiş sənədlər ( qaimə, hesab-faktura və s.) əsasında ödənişləri vaxtında həyata keçirməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən “Alıcı” tərəfindən ödənişlər “Satıcı” tərəfindən təqdim edilmiş hesab-fakturalara və/vəya elektron qaimələrə əsasən, 30 (otuz) təqvim günündən gec olmamaq şərti ilə həyata keçirilir. Əgər “Alıcı” ödənişlərin həyata keçirilməsini gecikdirərsə, hər gecikdirilmiş gün üçün çatdırılan məhsulların ümumi dəyərinin 0,1 % həcmində, cərimə olunacaqdır. Müqavilə və Əlavələr üzrə ümumi məbləğ 4528,95 ( dörd min beş yüz iyirmi səkkiz manat, doxsan beş qəpik) müəyyən edilmiş, bu məbləğdən cəmi 544 ( beş yüz qırx dörd) manat ödəniş edilmiş , və 3590 ( üç min beş yüz doxsan) manat qalıq borc qalmışdır. Belə ki, 6 dekabr 2023-cü il tarixli, SC9623 nömrəlihesab faktura üzrə 25 dekabr 2023-cü il tarixli, EBDV seriyalı, 818770 nömrəli elektron qaimə-fakturaya əsasən 334.70 ( üç yüz otuz dörd manat, yetmiş qəpik) əsas borc ödənişi , 25 dekabr 2023-cü il tarixli, EBDV seriyalı, 818770 nömrəli elektron qaimə-fakturaya əsasən60.25 ( altmış manat, iyirmi beş qəpik) ədv ödənişi, 27 fevral, 2025-ci il tarixli İMH seriyalı 283111 nömrəli kassa mədaxil orderinə əsasən 50 ( əlli manat, ƏDV daxil) ödəniş, 7mart 2025-ci il tarixli İMH seriyalı 283112 nömrəli ekassa mədaxil orderinə əsasən 50 ( əlli manat ƏDV daxil) ödəniş, 14 mart 2025-ci il tarixli İMH seriyalı 283113 nömrəli kassa mədaxil orderinə əsasən 30(otuz manat ədv daxil) ödəniş, 14 mart 2025-ci il tarixli, İMH seriyalı 283114 nömrəli kassa mədaxil orderinə əsasən 14 ( on dörd manat ədv daxil) ödəniş, 2aprel 2025ci il tarixli İMH seriyalı 283115 nömrəli kassa mədaxil orderinə əsasən 110 ( yüz on manat ədv daxil) ödəniş, 22 aprel 2025-ci il tarixli İMH seriyalı 283117 nömrəli kassa mədaxiul orderinə əsasən 50 (əlli manat ədv daxil) ödəniş, 5 may 2025-ci il tarixli İMH seriyalı 283119 nömrəli kassa mədaxil orderinə əsasən40 ( qırx manat ədv daxil) ödənişi, 27 may 2025-ci il tarixli İMH seriyalı 283122 nömrəli kassa mədaxiul orderinə əsasən50 ( əlli manat ədv daxil) ödənişi, 13 iyun 2025-ci il tarixli İMH seriyalı 283123 nömrəli kassa mədaxil orderinə əsasən50 (əlli manat ədv daxil) ödəniş, 20 iyun 2025-ci il tarixli İMH seriyalı 283127 nömrəli kassa mədaxil orderinə əsasən50 ( əlli manat ədv daxil) ödənişi, 2 iyul 2025-ci il tarixli İMH seriyalı 283132 nömrəli kassa mədaxil orderinə əsasən 50 (əlli manat ədv daxil) ödəniş olmaqla bütün qaimə fakturalar və kassa mədaxil orderləri üzrə Cəmi ödənilən ƏDV və ƏSAS ödənişlər938,95 ( doqquz yüz otuz səkkiz manat, doxsan beş qəpik) təşkil e d i r . xx.xx.2023 – cü il tarixli, EBDV seriyalı, 706341 nömrəlielektron-qaimə fakturaya əsasən 3015.00 (üç min on beş manat) əsas borc, 542,70 (beç yüz qırx iki manat, yetmiş qəpik) ədv borc olmaqla, cəmi 3557,70 ( üç min beş yüz əlli yeddi manat, yetmiş qəpik) borc, xx.xx.2024 – cü il tarixli, MT2401 seriyalı, 00452502 nömrəli elektronqaimə fakturaya əsasən 27,50 (iyirmi yeddi manat əlli qəpik) manat əsas borc, 4,95 (dörd manat, doxsan beş qəpik) ədv borc olmaqla, cəmi 32,45 ( otuz iki manat, qırx beş qəpik) borc hesablanmaqla Ödənilməyən cəmi borc 3590,15 manatdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Məhdud Məsliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılsa da, gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC (satıcı) "xxxx" MMC (alıcı) arasında xx.xx.2023-cü il tarixli SC-96-2023 saylı salqı-satqı müqaviləsi bağlanmışdır.

11. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcıya” tibbi reagentlər, laboratoriya ləvazimatları və avadanlıqları, cihazları, sərfiyyatları və s. satır, “Alıcı” isə həmin malları qəbul edir və “Müqavilə” ilə razılaşdırılmış qaydada malların dəyərini Satıcıya ödəyir.

12. Müqavilənin 3.1-ci bəndinə əsasən malların qiyməti və miqdarı satıcı tərəfindən təqdim edilən qaimədə və/ və ya hesab-fakturada göstərilir. Qiymətlər həm də Satıcı tərəfindən təqdim edilmiş elektron qaimədə öz əksini tapır.

13. Müqavilənin 3.4-cü bəndinə əsasən “Alıcı” tərəfindən ödənişlər “Satıcı” tərəfindən təqdim edilmiş hesab-fakturalara və/vəya elektron qaimələrə əsasən, 30 (otuz) təqvim günündən gec olmamaq şərti ilə həyata keçirilir

14. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

16. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan "xxxx" MMC-nin üzərinə düşür.

17. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDV seriyalı, 706341 saylı, xx.xx.2023-cü il tarixli dəyəri 3.557,70 manat, MT2401 seriyalı, 00452502 saylı, xx.xx.2024-cü il tarixli, dəyəri 32,45 manat məbləğində olan elektron qaimələr göndərilmişdir.

18. Elektron qaimələrdəki məbləğlərin cəmi 3.590,15 manat təşkil edir.

19. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli ödəniş sənədinə əsasən 334,7 manat məbləğində pul, kassa mədaxil orderlərinə əsasən isə ümumilikdə 544 manat məbləğində pul xx.xx.2023-cü il tarixli müqavilə əsasında Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilmişdir.

20. Belə olan halda və müqavilənin 3.4-cü bəndi nəzərə alındığında, Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə mal mübadiləsi məhz elektron qaimələr üzərindən olmuş və iddiaçı tərəfindən mallar verilmiş, cavabdeh tərəfindən isə müəyyən ödənişlər edilmişdir.

21. İddiaçı hazırda, cavabdehin 2.711,45 manat əsas borcunun qaldığını bildirir.

22. Məhkəmə hesab edir ki, elektron qaimələrlə bağlı hər hansı bir etiraz verilmədiyi və qaimələr əsasında cavabdeh tərəfindən ödənişlər edildiyi nəzərə alındığında elektron qaimələrdə qeyd edilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə verilmiş, cavabdehin də, ona verilmiş olan malların dəyərini ödəmək öhdəliyi yaranmışdır.

23. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

24. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.

25. Belə olan halda, Məhkəmə hesab edir ki, əsas borc üzrə 2.711,45 manat (3.590,15-(544+334,7)) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Məhkəmə 414,85 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

27. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən Əgər “Alıcı” ödənişlərin həyata keçirilməsini gecikdirərsə, hər gecikdirilmiş gün üçün çatdırılan məhsulların ümumi dəyərinin 0,1 % həcmində, cərimə olunacaqdır.

28. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

29. Hazırkı işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 130 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.

30. Məhkəmə hesab edir ki, iddianın 325 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində iddia təmin edilməlidir.

31. Belə ki, iş materiallarından aydən olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hüquqi yardımın göstərilməsi ilə bağlı Aslan İsmayılov və Partnyorları Vəkil Bürosunun vəkili Vəkil xx.xx.2025-ci il tarixli order verilmişdir.

32. Bundan başqa məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48,41 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

33. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 2.711 (iki min yeddi yüz on bir) manat 45 (qırx beş) qəpik, cərimə borcu üzrə 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 2.841 (iki min səkkiz yüz qırx bir) manat 45 (qırx beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardım xərcinin əvəzi olaraq 325 (üç yüz iyirmi beş) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 48 (qırx səkkiz) manat 41 (qırx bir) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar