Məhkəmə qərarları › İş №e-2-2(113)-1004/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1004/2020

20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1004/2020 20.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli, 94 saylı alqı-satqı müqaviləsi üzrə ödənilmiş 17055 (on yeddi min əlli beş) manat məbləğində əsas borc, İddiaçı MMC-yə dəymiş 10000 (on min) manat məbləğində maddi ziyan və işgüzar nüfuza vurulmuş 50000 manat zərərin əvəzi, 30 manat məhkəmə rüsumu və hüquqi yardım üçün vəkilə ödənilən 1000 manat olmaqla, ümumilikdə 78585 (yetmiş səkkiz min beş yüz səksən beş) manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli, 94 saylı alqı-satqı müqaviləsi üzrə cavabdehə ödənilmiş 13340,20 manat əsas borc, İddiaçı MMC-yə dəymiş 1460,40 manat maddi zərər, işgüzar nüfuza vurulmuş 10000 manat zərər və 30 manat məhkəmə rüsumu olmaqla, ümumilikdə 24800,60 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edimişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı İddiaçı MMC ilə satıcı Cavabdeh” arasında xx xxxxxx 2019-cu il tarixli, 94 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “Alıcı” həmin müqavilədə göstərilən malları “Satıcı”ya sifariş etdikdən sonra müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və müqavilədə göstərilən məbləği xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı əsasında “Satıcı”ya tam şəkildə ödəmişdir. İddiaçı MMC tərəfindən müqavilə öhdəlikləri tam şəkildə icra edilsə də, Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, müqavilə ilə müəyyən edilmiş avadanlıqları ən gec 28 gün ərzində təhvil verməli olduğu halda, artıq 1 ildir ki, alıcıya təhvil verməmişdir. Aparılan çoxsaylı danışıqlar və xahişlərdən sonra Cavabdeh ödənilən pul məbləğinin bir hissəsi geri alınsa da, “Satıcı” borcu hələ də alıcıya geri qaytarmamışdır. Baş verən pozuntuların aradan qaldırılması ilə bağlı satıcıya dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, satıcı müxtəlif bəhanələr gətirərək müqavilə üzrə öhdəliklərini icra etməkdən qəsdən yayınır. İddiaçı MMC tərəfindən Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə rəsmi surətdə müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə xəbərdarlıq edilərək 3 (üç) gün ərzində borcun ödənilməsi tələb edilsə də, “Satıcı” yenə də həmin xəbərdarlığa heç bir cavab verməmiş və sözügedən borcu və dəymiş zərəri ödəməmişdir.Satıcının müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən “Alıcı” 3-cü şəxslər qarşısında götürdüyü öhdəlikləri icra edə bilməmiş və sonradan məcburiyyət qarşısında qalaraq xx xxxxxx 2019-cu il tarixli, 94 saylı alqı-satqı müqaviləsində qeyd olunan avadanlıqları digər Satıcıdan daha baha qiymətə alaraq aidiyyatı üzrə təhvil verməyə məcbur olmuş, nəticədə mənfəət əldə edəcəyi işdən böyük zərərlə çıxmalı olmuşdur. Baş verənlərlə yanaşı, İddiaçı MMC-nin işgüzar nüfuzuna da çox böyük zərbə vurulmuş, ona olan inam zədələnmişdir və bu zərəri 10000 manat məbləğində dəyərləndirir. Cavabdeh müqavilə üzrə 18 ədəd – 32 GB-lıq “İpad 6” və 36 ədəd – 4K “Apple tv” olaraq 24600,78 AZN dəyərində malı təhvil versə də, malların qalanını, yəni 22 ədəd – 32 GB-lıq “İpad 6” və 2 ədəd - 4K “Apple tv”ni alıcıya təhvil verməmişdir. Müqavilədə göstərilən mallar tam təhvil verilmədiyindən başqa mağazalar şəbəkəsindən həmin malları daha baha qiymətə təkrar ödəniş etməklə almışdır. Bunun üçün bir ədədinin qiyməti 680 manat olan 17 ədəd 32 GB-lıq “İpad 6”, bir ədədinin qiyməti 695 manat olan 1 ədəd 32 GB-lıq “İpad 6”, bir ədədinin qiyməti 500 manat olan 2 ədəd 4K “Apple tv” almaq üçün ümumilikdə 13255 manat məbləğində pul ödəmişdir. Halbuki hazırkı müqavilə üzrə həmin malların dəyəri 11059,60 manat təşkil etmişdir. Hazırda cavabdehin iddiaçıya ümumilikdə 24800,60 manat borcu vardır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən ona müqavilənin dəyəri tam olaraq ödənilmişdir. Müqavilə predmeti olan malların bir hissəsinin vaxtında iddiaçıya təqdim edilməsinə baxmayaraq, digər hissəsi ondan asılı olmayan səbəblərdən vaxtında iddiaçıya təhvil verilməmişdir. Qeyd olunan mallar iddiaçıya bir müddət gec təqdim edildiyi zaman isə iddiaçı digər şəxlərdən həmin malların alınmasını bildirirərək, təqdim edilən malların qəbulundan imtina etmişdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: Alıcı İddiaçı MMC ilə satıcı Cavabdeh” arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixdə, 94 saylı alqı-satqı müqaviləsindən görünür ki, qeyd olunan müqavilə ilə satıcı 38 ədəd Apple TV 4k (64gb), 40 ədəd Apple 9.7 iPad (32gb, Wi-Fi only) alıcıya satmağı, alıcı isə qeyd olunan malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1 ci bəndinə əsasən satış predmeti olan avadanlığın toplam dəyəri 37940,98 manat təşkil edir. Alıcı müqavilə ilə nəzərdə tutulmuş məbləğin 100%-ni əvvəlcədən nağd şəkildə satıcıya ödəməlidir. Müqavilənin ümumi dəyərinə bütün vergi daxildir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən avadanlığın tədarük şərtləri DDP Baku malların alıcıya çatdırılması üzrə bütün xərclər malların/xidmətlərin müqavilə ilə müəyyən olunmuş dəyərinə daxildir və alıcı çatdırılma üçün heç bir əlavə ödəniş həyata keçirmir. Həmin müqavilənin 2.4-cü bəndinə uyöun olaraq avadanlığın tədarük müddəti 100% ödənişdən sonra 14-28 iş günü ərzində müəyyən edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər müqavilə üzrə öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə qüvvədə olan qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar və təqsirli tərəf bunun nəticəsində dəymiş zərərin (əldən çaxmış fayda da daxil olmaqla) əvəzini qanunvericiliyə uyğun şəkildə tam həcmdə ödəməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən zəmanət müddətinin axımı avadanlığın alıcıya təhvil verilddiyi andan başlanır. Alıcı satıcıya ödəməli olduğu məbləği geçikdirdiyinə görə hər gecikdirilmiş gün üçün ödənişin 0,1%-i məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixli akdan görünür ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2019cu il tarixdə, 94 saylı alqı-satqı müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən 37940,98 manat məbləğində pulu almışdır. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya ümumi dəyəri 24600.78 manat olan 18 ədəd Apple 9.7 iPad 6(32gb, Wi-Fi only) və 36 ədəd Apple TV 4k (64gb) təhvil verilmişdir. Müqavilə üzrə iddiaçıya ödənilmiş ümumi məbləğin 13340,2 manat hissəsi üzrə cavabdeh tərəfindən mallar təqdim edilməmişdir. İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanan xx.xx.2019-cu il tarixli, 19-011 nömrəli pretenziya məktubdan görünür ki, pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh müraciət edilərək borcun ödənilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Qeyd olunan müqaviləyə əsasən cavabdeh 38 ədəd Apple TV 4k (64gb), 40 ədəd Apple 9.7 iPad (32gb, Wi-Fi only) iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İddiaçı isə qeyd olunan müqavilənin dəyərini əvvəlcədən cavabdehə ödəməyi və malları qəbul etməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilədə nəzərdə tutulmuş malları vaxtında iddiaçıya təqdim edə bilməmişdir. Hazırda iddiaçı tərəfindən cavabdehə qarşı yönəlmiş tələb üç hissədən ibarət olmaqla birinci hissəsi“xx xxxxxx 2019-cu il tarixli, 94 saylı alqı-satqı müqaviləsi üzrə ödənilmiş 13340,20 manat məbləğində pulun cavabdehdən tutulması, ikinci hissəsi İddiaçı MMC-yə dəymiş 1460,40 manat məbləğində maddi zərərin ödənilməsi və üçüncü hissəsi işgüzar nüfuza vurulmuş 10000 manat zərərin əvəzinin ödənilməsindən ibarətdir. Məhkəmə araşdırma zamanı müəyyən olunanlara əsasən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 598.1-ci maddəsinəəsasənəgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa vəöhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcıəşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 599.3-cü maddəsinəəsasən qabaqcadan ödəniş məbləğini almış satıcıəşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcıödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 və 448.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə tələbin birinci “xx xxxxxx 2019-cu il tarixli, 94 saylı alqı-satqı müqaviləsi üzrə ödənilmiş 13340,20 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyindən vəiddiaçının ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ olduğundanqabaqcadan ödənilmiş 13340,2 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə iddia tələbinin ikinici hissəsi, yəni təhvil verilməmiş əşyaların qiyməti ilə iddiaçının başqa mağazadan aldığı eyni sayda və adda olan əşyaların qiymətindəki (bununla bağlı qəbzlər təqdim edilmişdir) fərq olan 1460,40 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı yuxarıda qeyd edilən müvafiq fəaliyyətlə əlaqədar müxtəlif adda, çeşiddə malların alqı-satqısı ilə məşğul ola bilər. Əşyaların sayı və markasındakı uyğunluq hələ bunun məhz qeyd edilən müqavilə ilə əlaqəli olduğunu təsdiq etmir. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər müqavilə üzrə öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə qüvvədə olan qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar və təqsirli tərəf bunun nəticəsində dəymiş zərərin (əldən çaxmış fayda da daxil olmaqla) əvəzini qanunvericiliyə uyğun şəkildə tam həcmdə ödəməlidir.Cavabdeh məhkəmə iclasında verdiyi izahatında müqavilə üzrə götürdüyü öhdəliklərin vaxtında yerinə yetirə bilməməsinin ondan asılı olmayan səbəblərdən, yəni onun özünün də həmin malları gec əldə etməsi səbəbindən baş verdiyini bildirmişdir. Həmin əşyalar sonradan iddiaçıya təqdim edilsə də, gec təqdim edildiyindən qəbul etməkdən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara və yuxarıda qeyd olunan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi ikinci - “”İddiaçı” MMC-yə dəymiş 1460,40 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin üçüncü hissəsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 23.4-cü maddəsinə görə, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Göründüyü kimi, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, hüququ pozulmasa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər də zərərin anlayışına daxildir. Məhkəmə araşdırması zamanı tərəflər məhkəmə çəkişməsi zamanı iddia etdikləri hər bir hala dair müvafiq sübutları məhkəməyə təqdim etməyə borcludurlar. Odur ki, iddiaçı tərəf işgüzar nüfuza vurulmuş zərər üzrə cavabdehə qarşı yönəlmiş iddia tələbinin üçüncü “işgüzar nüfuza vurulmuş 10000 manat zərərin əvəzinin ödənilməsi” hissəsinə dair sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə həmin hissədə də iddianı əsassız sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 16 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 14 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13340,2 manat (on üç min üç yüz qırx manat iyirmi qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 16 (on altı) manat olmaqla, cəmi 13356,2 manat (on üç min üç yüz əlli altı manat iyirmi qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 14 (on dörd) manat hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar