Məhkəmə qərarları › İş №e-2-2(113)-1005/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1005/2020

05.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1005/2020 05.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “Odabaşı Yağ ve Pamuk Sanayi İşletmeleri LTD” şirkətinə qarşı pul tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: “xxxx” MMC “Odabaşı Yağ ve Pamuk Sanayi İşletmeleri LTD” şirkətinə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Ərizənin məzmunundan görünür ki, cavabdeh “Odabaşı Yağ ve Pamuk Sanayi İşletmeleri LTD” şirkəti “Türkiyə Respublikası, Diyarbakır şəhəri, Elazığ yolu, 22 km, 1-ci Orqanize Sanayi Bölgesi, 1-ci etap, 6-cı cadde № 8” ünvanında yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. - 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. - 40.3-cü maddəsinə əsasən saziş o zaman ola bilər ki, o, müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmış olsun. Tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndində mübahisələ və fikir ayrılıqlarına Azərbaycan Respublikasının İnzibati – İqtisadi Məhkəməsində baxılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.2-ci maddəsində tərəflərin öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilməsi imkanı nəzərdə tutulsa da, hesab edirəm ki, qeyd olunan norma tərəflərə qanunvericiliyin tələblərinə zidd olaraq ərazi aidiyyatının dəyişdirilməsini nəzərdə tutmur. Çünki, həmin maddənin 1-ci bəndində imperativ olaraq ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsində də qeyd olunmuşdur ki, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Buna görə də hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.2-ci maddəsi tərəflərə qanunvericiliyin tələblərinə, məsələn, “İddiaçının seçməsinə görə aidiyyət” adlanan 36-cı, “Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyəti” adlanan 443-cü maddəsinə uyğun olaraq işin ərazi aidiyyətini dəyişdirə bilməsi imkanını verir. Həmin Məcəllənin 443.0, 443.0.2 və 443.0.3-cü maddəsinə əsasən xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda, cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. Lakin iddia ərizəsinin məzmunundan və əlavə olunmuş sənədlərdən görünür ki, qeyd olunan hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; - 152.1.4-ci maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Odabaşı Yağ ve Pamuk Sanayi İşletmeleri LTD” şirkətinə qarşı pul tələbi barədə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar