Məhkəmə qərarları › İş №e-2-2(113)-10059/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-10059/2025

05.12.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-10059/2025 05.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlu, Ərizəçi1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun məhdudlaşdırılmasının ləğvi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs olan Ərizəçi1 “vergi ödəyicisi olaraq ölkədən getmək hüququnun məhdudlaşdırılması” tədbirinin dəyişdirilərək məhdudiyyətin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbulundan imtina edilməlidir. Məhkəmə əvvəlcə qeyd edir ki, məhkəməyə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Mülki prosessual qanunvericiliyə görə, iddia ərizəsi yalnız Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmçinin məhkəmələr mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələləri ərizənin icraata qəbul edilməsi zamanı yoxlamalıdırlar. Eyni zamanda ərizənin (mübahisənin, iddianın) mümkünlük şərtləri mülki məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Kommersiya məhkəmələrinin aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 26-cı maddəsində göstərilmişdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Digər tərəfdən, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 1-4-cü bəndlərinə əsasən, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 15-ci bəndinə əsasən, Azərbaycan Respublikası Vergilər Nazirliyi və onun ərazi vergilər departamentləri və ərazi vergilər idarələri inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.3-cü maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Göründüyü kimi, hazırkı ərizə – ölkədən getmək hüququnun məhdudlaşdırılmasının ləğvi, öhdəliyin icrası haqqında haqqında iddiadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrində göstərilmişdir ki, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı ərizəyə mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı çərçivəsində baxılmalı olduğundan onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmə qeyd edir ki, ərizəçi hazırkı ərizə ilə səlahiyyətli inzibati məhkəməyə müraicət edə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun məhdudlaşdırılmasının ləğvi” barədə ərizəsi iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov İş № e-2-2(113)-1038/2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL 11 yanvar 2024-cü il Bakı şəhəri Hakim Hüseynov Kənan Hüseyn oğlu, Ərizəçi1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Baş İdarəsinə qarşı “vergi borcunun silinməsi” barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında baxaraq məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət edir. Prosessual hərəkət saat 17:20-də başlayır. Hakim daxil olmuş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırır. Hakim yerində müşavirə edərək iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardad qəbul edir Prosessual hərəkət saat 17:25-də qurtarır. Protokol 11 yanvar 2024-cü il tarixdə tərtib edilmişdir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar