Məhkəmə qərarları › İş №e-2-2(113)-1006/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1006/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1006/2025 25.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: yük daşıma müqaviləsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkili Vəkil iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən 13 may 2024-cü il tarixli,İN-CR\TR\001 №-li xidmət müqaviləsi üzrə ödənilməmiş 4851,74 manat məbləğində əsas borcun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 6064,68 manat məbləğində cərimənin, ödənilmiş 123 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında 13 may 2024-cü il tarixində İNCR\TR\001 №-li Xidmət Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı cavabdehin sifarişi əsasında müqavilədə göstərilən xidmətləri yerinə yetirməyi və ya icrasını təşkil etməyi, cavabdeh isə bu xidmətləri qəbul etməyi və onların dəyərini iddiaçıya ödməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli təhviltəslim aktına əsasən, sifariş olunan yük hava nəqliyyatı vasitəsilə cavabdehə çatdırılmış, cavabdeh müqavilə üzrə göstərilmiş xidmətin ümumi dəyəri olan 23214,99 manat pulun ödənilməsi barədə öhdəlik götürmüşdür. Buna baxmayaraq, hazırda cavabdehin iddiaçıya 4851,74 manat məbləğində əsas borcu, 6064,68 manat məbləğində cərimə ödənişi, ümumi 10916,42 manat ödəniş öhdəliyi vardır. Cavabdehə edilmiş çoxsaylı xəbərdarlıqlara və bildirişlərə baxmayaraq, cavabdeh öhdəliyinin icrasından yayınmış, göstərilmiş xidmətlərin əvəzini ödəməmişdir. Müqavilənin 5.9-cu maddəsinə əsasən, Cavabdeh ödəniş üzrə öhdəliyini gecikdirdikdə, İddiaçı hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində cərimə tələb edə bilər. Bundan başqa, Cavabdeh tərəfindən Müqavilə üzrə öhdəliyin icrası 125 gün müddətə gecikdirilmişdir. Belə olan halda, müqavilə üzrə icra edilməmiş öhdəlik – 4851.74 manat, öhdəliyin icra edilmədiyi müddət – xx.xx.2024-xx.xx.2024-cü il (125 gün), hər gecikdirilmiş gün üçün 1% olmaqla, 6064.68 manat (4851.74 x 1% x 125) cərimə, ümumilikdə 10916,42 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 386.1, 425.1, 430.1, 442.1, 448.1, 4601.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: "xxxx" MMC (“Ekspeditor”) ilə Cavabdeh MMC (“Müştəri”) arasında bağlanmış 13 may 2024-cü il tarixli İNCR\TR\001 nömrəli xidmət müqaviləsindən görünür ki, Ekspeditor Müştərinin sifarişi əsasında qeyd olunan xidmətləri yerinə yetirməyi və ya icrasını təşkil etməyi, Müştəri isə bu xidmətlərin qəbul etməyi və onların dəyərini Ekspeditora ödəməyi öhdəsinə götürür: 2.1.1. bütün nəqliyyat növləri ilə birbaşa və ya qarışıq yollar ilə yükdaşımların təşkili; 2.1.2. bu müqavilə üzrə öhdəliklərin icrası üçün müxtəlif müqavilələrin bağlanması; 2.1.3. sifarişə əsasən yükün göndərilməsinin və təhvil alınmasının təşkili; 2.1.4. əgər bu sifarişdə nəzərdə tutulacaqsa, yükün sığortası üzrə əməliyyatların təşkili; 2.1.5. bu Müqavilə və onun müvafiq Əlavələri ilə nəzərdə tutulmuş digər xidmətlər. Müqavilənin 2.2-ci bəndinə əsasən ekspeditor bu Müqavilə üzrə xidmətləri bilavasitə özü yə ya müvafiq qaydada Müqavilə bağlamaqla üçüncü şəxslər vasitəsilə icra edə bilər. Bu zaman üçüncü şəxslər tərəfindən xidmətin bu Müqavilə şərtlərinə uyğun, lazımınca yerinə yetirilməməsinə görə Ekspeditor şəxsən özü məsuliyyət daşıyır. Müqavilənin 4.1-ci bəndinə əsasən hər bir daşınmanın və ya əlavə xidmətin dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən, əlavə xidmətin xüsusiyyətlərindən asılı olaraq, bu Müqavilənin ayrılmaz hissəsi hesab edilən Sifariş orderində müəyyən edilir. Tərəflər razılaşır ki, daşmma zamanı əlavə xərclər yarandıqda, yenilənmiş Sifariş orderi təqdim edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən Yük çatdırıldığı anda yük alan Qaimədə bu barədə qeyd apararaq Qaiməni imzalayır. Bundan sonra Ekspeditor 3 iş günü ərzində Müştəriyə daşıma ilə əlaqədar hesab-fakturanı, Sifariş orderini, Təhvil-təslim aktmı və elektron qaiməni təqdim edir və Müştərinin qeyd etdiyi ünvana imzalanması üçün göndərir. Müştəri Sifariş orderini və Təhvil-təslim aktmı dərhal imza və möhürlə təmin edib, Ekspeditora aid nüsxələri geri qaytarmalıdır, elektron qaiməni isə 5 (beş) iş günü ərzində təsdiqləməlidir. Qeyd edilən müddət ərzində Müştəri tərəfindən sənədlər geri qaytarılmazsa, Sifariş orderi, Təhvil-təslim aktı və elektron qaimə imzalanmış (təsdiqlənmiş), xidmət isə qəbul edilmiş sayılır. Müqavilənin 5.9-cu bəndinə əsasən xidmət dəyətinin, həmçinin bu müqavilənin icrası üçün Ekspeditor tərəfindən çəkilmiş xərclərin ödənişi üzrə öhdəliklərin, boşdayanmaya görə ödənişlərin Müştəri tərəfindən icrasının gecikdirilməsi halında, Ekspeditor Müştəriyə hər gecikdirilmiş günə göər ödənilməmiş məbləğin 1 % həcmində cərimə tətbiq edə bilər. MT2406 seriyalı, 10268195 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 23214,99 manat məbləğində görülmüş işlərin dəyəri "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İNV/2024/0233 nömrəli, xx.xx.2024-cü il tarixli invoys sənədinə əsasən 23214,99 manat məbləğində görülmüş işlərin dəyəri "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. 27 may 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC və Cavabdeh MMC arasında 13 May 2024-cü il tarixində bağlanmış İN-CR/TR/001 saylı müqaviləyə əsasən Polşanın Varşava şəhərindən, Azərbaycan Respublikasının Bakı şəhərinə çatdırılması sifariş olunan yük (Aksessuarlar- 2408 kq) "xxxx" MMC tərəfindən hava nəqliyyat vasitəsi ilə 23214,99 AZN müqabilində çatdırılmışdır. Hər iki tərəf aktı imza və möhürü ilə təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli 000İPX1241443BFA saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə 368,1 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2024-cü il tarixli 000İPX1241443BFB saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə 11595.15 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2024-cü il tarixli 000İPX124183348D saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə 6400 manat pul vəsaiti ödənilmişdir. 14 noyabr 2024-cü il tarixli ********** saylı mədaxil "xxxx" MMC tərəfindən dövlət büdcəsinə 123 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.2-ci maddəsinə əsasən daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərrə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında daşınma müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqavilələrə uyğun olaraq ekspeditor kimi müvafiq malları daşıyaraq cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Bu fakt təhvil-təslim aktı ilə də öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya qarşı etiraz etməmişdir. Buna görə də cavabdeh MM-in 850-ci maddəsinə əsasən müqavilə üzrə daşımanın dəyərini iddiaçıya ödəməyə borcludur, iddiaçının tələbi haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, iddiaçı tərəfindən xidmətlərin cavabdehə göstərildiyini, yəni yüklərin daşındığını, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək göstərilmiş xidmətlərə görə 4851,74 manat pulu ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır, buna görə də 4851,74 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 6064,68 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 243 manat müəyyən olunmalıdır. Bundan başqa məhkəmə iddianın qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 123 manat dövlət rüsumunun 71 manat məbləğində hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 13 may 2024-cü il tarixli,İN-CR\TR\001 №-li xidmət müqaviləsinə əsasən 4851 (dörd min səkkiz yüz əlli bir) manat 74 (yetmiş dörd) qəpik əsas borc, 243 (iki yüz qırx üç) manat dəbbə pulu, habelə ödənilmiş dövlət rüsumunun 71(yetmiş bir) manat hissəsinin əvəzi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar