Məhkəmə qərarları › İş №e-2-2(113)-10083/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-10083/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-10083/2025 05.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı şirkətinin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı şirkəti Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 152.1 və 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. Lakin etibarnamənin formasına riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu şərtlə ki, onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun olsun. Mülki Prosessual Məcəllənin 457-ci maddəsinə əsasən Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsləri, yaxud əcnəbilər barəsində verilmiş, tərtib edilmiş və ya xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilmiş sənədlər, əgər qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, konsul orqanları tərəfindən qanuniləşdirildikdən sonra Azərbaycan Respublikası məhkəmələri tərəfindən qəbul edilir. Məhkəmə qeyd edir ki, İddiaçı şirkəti Türkiyə Respublikasında qeydiyyatdan keçmiş olan hüquqi şəxsdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Nümayəndə verilmiş olan etibarnamədən görünür ki, onu direktor kimi X1 imzalamış və yalnız iddiaçının möhürü ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, həm Azərbaycan Respublikası həm Türkiyə Respublikası Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 1961-ci il 5 oktyabr tarixli konvensiyanın iştirakçısıdır. 1961-ci il tarixli konvensiyasının 3-cü maddəsində qeyd olunur ki, İmzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin "Apostille (Convention de la Haye du 5 octobre 1961)" adlı başlığı fransız dilində göstərilməlidir. Ona görə də, hazırda verilən etibarnamənin qanuniliyi məsələsinə 1961-ci il tarixli Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiyanın müddəaları tətbiq olunmaqla qiymət verilməlidir. Məhkəmə bu xüsusda qeyd edir ki, İddiaçı şirkəti adlı hüquqi şəxsin ümumiyyətlə mövcud olması, yəni onun hüquq qabiliyyətinin yoxlanması hazırkı halda mümkün deyildir. Bundan başqa da, X2 adlı şəxsin kim olması, ümumiyyətlə onun hüquqi şəxs adından çıxış etmək barədə səlahiyyətinin olub-olmaması kimi hallların yoxlanması da, hazırkı halda mümkün deyildir. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarının 1.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsin xarici hüquqi şəxs olması nəzərə alınaraq (“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2ci maddəsi), həmin hüquqi şəxsin tərəf qismində iştirak etdiyi məhkəmə mübahisələrində məhkəmələr, müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etməlidirlər. Ona görə də, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçıya izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3, 10-1.3, 151-152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı şirkətinin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı şirkətinə geri qaytarılsın. ********** nömrəli qəbzə əsasən ödənilmiş 392,41 (üç yüz doxsan iki manat qırx bir qəpik) manat məbləğində dövlət rüsumu Nümayəndə geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar