Məhkəmə qərarları › İş №e-2-2(113)-1009/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1009/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1009/2021 01.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus 7505,87 manat məbləğində pul vəsaitinin, habelə 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında qarşılıqlı razılaşma əsasında xx xxxx 2019-cu il tarixli 2972/19 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən, satıcı - İddiaçı MMC istehsal və ya idxal etdiyi müxtəlif növ məhsullarını satmış, alıcı - Cavabdeh MMC həmin məhsulları qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh MMC üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, 7505,87 manat məbləğində olan müxtəlif çeşidli məhsulları İddiaçı MMC-dən alaraq onların dəyərini ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 2972/19 saylı alqı-satqı müqaviləsinə əsasən, satıcı - İddiaçı MMC istehsal və ya idxal etdiyi müxtəlif növ məhsullarını satmış, alıcı - Cavabdeh MMC həmin məhsulları qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. - xx.xx.2019-cu il tarixli, EAAX seriyalı, 665844 saylı elektron qaiməyə əsasən 5644,01 manat dəyərində mal Cavabdeh MMC-yə təhvil verilmişdir. - xx xxxx 2019-cu il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2019-cu il tarixli, 2972/19 saylı alqı-satı müqaviləsinə əsasən 7505,87 manat dəyərində Cavabdeh MMC-yə təhvil verilmişdir. - xx xxxxxx 2020-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə ilə borclu kreditora 7505,87 manat borcunun olduğunu tam etiraf etmiş və borc məbləğini müqavilə bağlandıqdan sonra 1 ay müddətinə, xx xxxxxxxx 2020-ci il tarixinədək tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. - xx xxxxxx 2020-ci il tarixli ərizəyə əsasən Cavabdeh MMC xx.xx.2019-cu il tarixli, 2972/19 saylı alqı-satı müqaviləsinə əsasən 7505,87 manat borcu olduğunu etiraf etmiş və xx xxxxxxxx 2020-ci il tarixə qədər borcu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında tərtib olunmuş satıcının standart şərtlərinin qiymət və ödəmə şərtlərindən malın dəyərini satış tarixində və ya malın təslimi tarixinə verilən faktura tarixindən sonra 1 ay müddətinə satıcının hesabına ödəməli olduğu nəzərdə tutulmuş, yəni, öhdəliyin icrası müddəti göstərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, mallar Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada - elektron qaimə-faktura əsasında təhvil verilmişdir. Qeyd olunanlara əsasən və alınmış malların dəyərinin tam ödənilməməsi, borcla bağlı hər hansı bir sübut təqdim olunmadığından məhkəmə hesab edir ki, iddianın təmin olunması üçün əsaslar mövcuddur. İddianın təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 7505,87 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar