Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1010/2021 21.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Qranit firmasının Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qranit Firması Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 36806,42 manat əsas borc, pul vəsaitini qanunsuz saxlamaqla faydalanmağa görə 2300,40 manat faiz borcu, müqavilə üzrə icranı gecikdirdiyinə görə 1840,32 manat dəbbə pulu olmaqla, cəmi 40.947.14 manat məbləğində pulun və ödənilmiş 30,0 manat dövlət rüsumunun əvəzinin tutularaq "Qranit" firmasına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "Qranit" firması ilə cavabdeh "Cavabdeh" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, satıcı malları (rezin məmulatları) sifarişçiyə satmağı, bunun müqabilində isə alıcı alınan malların dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. "Qranit" firması tərəfindən müqavilə üzrə öhdəliklər tam icra olunsa da, lakin cavabdeh tərəfindən öhdəliklər hələ də icra olunmamışdır. Belə ki, hal-hazırda müqavilə üzrə satılmış malları dəyəri olaraq 36.806,42 manat (9.435,42 ƏDV daxil olmaqla) məbləğində pul vəsaiti "Cavabdeh" MMC tərəfindən "Qranit" firmasına ödənilməmişdir. Müqaviləyə əsasən, alınan malların dəyəri, ümumilikdə 61.854,42 manat (9.435,42 manat ƏDV daxil olmaqla) təşkil etmiş, indiyə kimi cəmi 25.048,0 manat əsas məbləğ ödənilmişdir. Tərəflər arasında təsdiq edilmiş qaiməfakturalardan görünür ki, müxtəlif adda olan rezin məmulatları iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və həmin məhsullar qaimə-fakturalarda göstərilən qiymətlərlə cavabdeh tərəfindən qəbul edilmişdir. Bununla bağlı olaraq cavabdehə müqavilə üzrə öhdəliyin icra edilməməsinə dair xx.xx.2020-ci il tarixdə pretenziya göndərilmiş və müqavilə üzrə pul vəsaiti ödənilmədikdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin pretenziyada göstərilən müddətin keçməsinə baxmayaraq həmin məbləğ hələ də ödənilməmişdir. Odur ki, alqı-satqı müqaviləsinin 7.2-ci bəndi rəhbər tutularaq həmin müqavilə üzrə ödənilməmiş pul vəsaitinin tələb edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaçıya borcunun olmasını etiraf edərək borcu ödəyəcəyini bildirdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -X5 ilə alıcı Cavabdeh MMC arasında imzalanmış 2019/11 saylı, xx.xx.2019-cu il, 2020/11 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrindən görünür ki, müqaviləyə əsasən, Satıcı hazır Rezin məmulatlarını (bundan sonra Mal) Alıcının sifarişi əsasında ona satmağı, Alıcı isə Malı qəbul edərək bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı Əlavəsinə uyğun olaraq Malın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən malın çeşidi, növü və qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəyə əsasən müəyyən edilir. Malın ümumi dəyərinin 30 (otuz) faizi qabaqcadan ödəməlidir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən Alıcı Malı qəbul etdikdən sonra 1 ay ərzində onların dəyərini tam şəkildə Satıcıya ödəməlidir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən ödənişlər köçürmə yolu ilə Azərbaycan manatı ilə həyata keçirilməlidir. İş materiallarına əlavə edilmiş, 2019/11 saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli Qiymətlərin razılaşma protokolundan görünür ki, tərəflər müvafiq malın (Conta DN-1400) miqdarı və ədəd üzrə dəyəri razılaşdırılaraq, ümumi 17756,64 manat məbləğ müəyyən etmişlər. İş materiallarına əlavə edilmiş, 2019/11 saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli Qiymətlərin razılaşma protokolundan görünür ki, tərəflər müvafiq malın (Conta DN-1400) miqdarı və ədəd üzrə dəyəri razılaşdırılaraq, ümumi 11759,88 manat məbləğ müəyyən etmişlər. İş materiallarına əlavə edilmiş, 2020/11 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli Qiymətlərin razılaşma protokolundan görünür ki, tərəflər müvafiq malın (Conta DN-1400) miqdarı və ədəd üzrə dəyəri razılaşdırılaraq, ümumi 32337,9 manat məbləğ müəyyən etmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 43 nömrəli məktubdan görünür ki, iddiaçı tərəfindən cavabdehə müraciət edərək, 36806,42 manat borcun xx.xx.2020-ci il tarixədək ödənilməsi xahiş olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 ilə alıcı Cavabdeh MMC arasında 2019/11 saylı, xx.xx.2019-cu il, 2020/11 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələri imzalanmışdır. Müqavilələrə əsasən satıcı “X1” nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Göründüyü kimi tərəflər arasında müqavilədən irəli gələn hüquq və vəzifələri yaranmışdır. Satıcı müqavilə üzrə öhdəliyini tam yerinə yetirmiş və malı alıcıya təhvil vermişdir. Alıcı isə malın dəyərinin ödənilməsinə dair öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə satıcıya borcu yaranmışdır. Hazırda iddiaçı cavabehin müqavilə üzrə yaranmış 36806,42 manat əsas borcunun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi 2019/11 saylı, xx.xx.2019-cu il, 2020/11 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələri üzrə Cavabdeh MMC-dən 36806,42 manat əsas borcun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin 1840,32 manat dəbbə pulunun ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 1840,32 manat dəbbə pulunun 184 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Bundan başqa iddiaçı iddia tələbində cavabdeh tərəfindən pul vəsaitini qanunsuz saxlamaqla faydalanmağa görə 2300,40 manat faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qeyd olunan halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 36806,42 manat əsas borc, müqavilə üzrə icranı gecikdirdiyinə görə 184 manat dəbbə pulu olmaqla, cəmi 36990,42 manat məbləğində pul tutularaq Qranit Firmasının xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 36806,42 (otuz altı min səkkiz yüz altı manat qırx iki qəpik) manat əsas borc, müqavilə üzrə icranı gecikdirdiyinə görə 184 (yüz səksən dörd) manat dəbbə pulu olmaqla, cəmi 36990,42 (otuz altı min doqquz yüz doxsan manat qırx iki qəpik) manat məbləğində pul tutularaq Qranit Firmasının xeyrinə ödənilsin. Cavabdeh MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq Qranit Firmasının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1010/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1010/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver