Məhkəmə qərarları › İş №e-2-2(113)-1011/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1011/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1011/2025 06.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “Holcim (Azərbaycan)” ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alınmış beton məhsullarına görə 5906 manat, borcun gecikdirilməsinə görə 505 manat cərimə məbləğinin, dövlət rüsumu qismində ödənilmiş 85 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə Holcim (Azərbaycan) ASC arasında bağlanmış O001709023 saylı, xx.xx.2024-cü tarixli beton təchizatına dair müqaviləəy əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş məhsulları təchiz etməyi, cavabdeh isə bu məhsul və xidmətləri həmin müqavilədə və onun əlavələrində göstərilən qiymət və şərtlərlə qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş məhsullarla cavabdeh təchiz edilmiş, cavabdeh həmin malları yük-nəqliyyat qaimələrini imzalayaraq təhvil almışdır. Cavabdehə göndərilmiş malların satılması barədə elektron qaimələr təsdiq edilmişdir. Müqaviləyə əsasən sifarişçi malın dəyərini müddətində təchizatçıya ödəməlidir. Cavabdeh borcunun 5906 (beş min doqquz yüz altı) manat məbləğində olan hissəsini ödəməmişdir. Cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq cavabdeh təhvil aldığı məhsulların dəyərini ödəməmişdir. Müqavilənin 9.1-ci bəndində ödənişi gecikdirildiyi hər günə görə əsas borcdan 0,1% qədər cərimənin ödənilməsi qeyd olunur. Həmin bəndə əsasən hazırkı tarixədək cavabdehə hesablanan cərimənin məbləği 505 (beş yüz beş) manat təşkil edir. Cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərib borc məbləğinin xx.xx.2024-cü il tarixədək ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət etmək üçün tədbirlər görüləcəyi bildirilmişdir. Cavabdehə pretenziya məktubu təqdim edilmişdir (poçt qəbzi iddia ərizəsinə əlavə edilir). Bundan başqa pretenziya məktubu vergi portalı vasitəsilə cavabdehə göndərilmişdir. Tərəflər arasında imzlanmış müqavilənin 13.2-ci maddəsinə əsasən mübahisələrə təchizatçının (iddiaçının) hüquqi ünvanının olduğu məhkəmə tərəfindən baxılacaqdır. Ona görə də iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi D.Abdullayev iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən məhkəmə icraatı dövründə hər hansı ödəniş edilməmiş, mübahisənin məhkəmədən kənar həlli mümkün olmamışdır.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydad xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü tarixli, O001709023 saylı beton təchizatına dair müqaviləyə görə, təchizatçı sifarişçinin sifariş etdiyi məhsul və xidmətləri satmağı, sifarişçi isə bu məhsul və xidmətləri bu müqavilədə və onun əlavələrində göstərilən qiymət və şərtlərlə qəbul edərək dəyərini ödəməyi öz üzərinə götürür.

8. Müqavilənin 2.1-ci bəndinə görə, müqavilə 04 iyul 2024-cü il tarixindən qüvvəyə minir və bu sənədin müdddəaları nəticəsində xitam verilməzsə 04 iyul 2025-ci il tarixinə qədər qüvvədə qalır.

9. Müqavilənin 7.1-ci bəndinə görə, məhsullar çatdırılmadan ən azı 24 saat əvvəl, ölçüsü 200 metr kubdan böyük olan sifarişlər üçün çatdırılmadan 48 saat əvvvəl sifarişçinin təchizatçıya göndərdiyi yazılı sifariş əsasında çatdırılır. Sifarişlər rəsmi qeyri-iş günləri istisna olmaqla bazar ertəsi-cümə saat 08:00-dan 16:00-a qədər beton zavodunun normal iş saatları ərzində göndəriləcək.

10. Müqavilənin 9.1-ci bəndinə görə əgər sifarişçi fakturaların dəyərini ödəniş tarixinin sonuna qədər ödəməzsə təchizatçı öz mülahizəsinə uyğun olaraq ödənilməli ümumi məbləğə tətbiq olunmaqla son tarixdən ödəniş anına qədər hesablanmaqla hər gecikmiş təqvim gününə görə 0,1 % dəbbə pulu tətbiq edə bilər.

11. xx.xx.2024-cü tarixli, O001709023 saylı müqaviləyə 1 və 2 nömrəli əlavələr ilə müqavilə üzrə məhsul barədə məlumatlar, çatdırılma ünvanları və digər şərtlər razılaşdırılmışdır.

12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli MT2407 11276947 nömrəli 3696,94 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2407 11277660 nömrəli 2773 manat məbləğində elektron qaimələr (ümumilikdə 6469,94 manat) təqdim olunmuşdur.

13. İddiaçı və cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktına görə cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixə olan borcu 6470 manat (ƏDV daxil) təşkil edir.

14. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

15. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü tarixli, O001709023 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

19. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

23. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

25. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, satılmış malların dəyəri cavabdeh tərəfindən iddiaçıya tam şəkildə ödənilməmiş, cavabdehin iddiaçıya 5906 manat qalıq borcu yaranmışdır.

27. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir.

28. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 9.1-ci bəndinə əsasən hesablanmış 505 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

29. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

31. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 250 manat müəyyən edilməlidir.

32. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 5906 manat əsas borc və 250 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 81,56 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 3,44 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 5906 manat əsas borc, 250 manat dəbbə pulu, 81,56 manat dövlət rüsumu, ümumilikdə 6237,56 (altı min iki yüz otuz yeddi manat əlli altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı “Holcim (Azərbaycan)” ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 3,44 (üç manat qırx dörd qəpik) manat dövlət rüsumu iddiaçı “Holcim (Azərbaycan)” ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar