Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1012/2025 06.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən 38877,42 manat (otuz səkkiz min səkkiz yüz yetmiş yeddi manat qırx iki qəpik) əsas borc, 6999,73 manat (altı min doqquz yüz doxsan doqquz manat yetmiş üç qəpik) ƏDV məbləği və məhkəməyə ödənilmiş 227,63 manat (iki min iki yüz iyirmi yeddi manat altmış üç) dövlət rüsumu olmaqla, cəmi 46104,79 manat (qırx altı min yüz dörd manat yetmiş doqquz qəpik) məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“İcraçı”) ilə cavabdeh Azərbaycan Respublikası Mədəniiyət Nazirliyi (“Sifarişçi”) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 20/22 nömrəli xidmət müqaviləsinin şərtlərinə əsasən icraçı sifarişçiyə hazırkı müqavilənin 1.1-ci və 1.2-ci bəndində qeyd edilən reklam xidmətlərini göstərmək, sifarişçi isə müqavilənin 4.1-ci bəndi üzrə ödəniş şərtləri əsasında bu xidmətləri qəbul edib onların razılaşdırılmış dəyərini icraçıya ödəmək barəsində öhdəlik götürmüşdür. Bu müqaviləyə əsasən xidmətlər üzrə sifarişçiyə hesab-faktura verildikdən sonra onların dəyəri 3 gün ərzində tam olaraq icraçının hesabına köçürülməlidir. Beləliklə, sifarişçi müqavilənin yuxarıda qeyd olunan bəndləri üzrə ödənişlərini tam olaraq bu günə qədər ödəməyərək, icraçı qarşısında 38877,42 manat (otuz səkkiz min səkkiz yüz yetmiş yeddi manat qırx iki qəpik) əsas borc, 6999,73 manat (altı min doqquz yüz doxsan doqquz manat yetmiş üç qəpik) ƏDV daxil olmaqla, cəmi 45877,16 manat (qırx beş min səkkiz yüz yetmiş yeddi manat on altı qəpik) məbləğində borcu yaranmışdır. İcraçı müqavilə üzrə öhdəliklərini tam olaraq icra etmişdir. Lakin cavabdeh olan sifarişçi üzərinə götürdüyü öhdəliyi bu günə qədər tam yerinə yetirməmişdir. Baş verən pozuntuların aradan qaldırılması ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına, münasibətlərin pozulmaması üçün dostcasına xahiş edilməsinə, bugünə qədər səbr və təmkinlə gözlənilməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək müqavilə üzrə öhdəliklərini xx.xx.2023-cü il tarixindən başlayaraq artıq 10 aydan çoxdur ki, icra etməkdən qəsdən yayınmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385, 442, 445.1, 445.2.1, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq, iddia tələbinin əsaslılığının müəyyən edilməsi üçün ilk növbədə tələbin istinad etdiyi əqdin etibarlılığı, yəni əqd bağlanarkən qanunla həmin əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtlərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı). Göründüyü kimi, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq, həmin əqdin etibarlılığı yoxlanmalıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinin tələbinə uyğun olaraq, əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Hazırda iddiaçı tərəf tələbinin əsası kimi tərəflər arasında bağlandığını iddia etdiyi xx.xx.2022-ci il tarixli, 20/22 nömrəli müqaviləyə istinad edir. Bildirilmişdir ki, qeyd olunmuş müqavilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə əqdlərin etibarlılığına dair müəyyən edilmiş şərtləri ödəmədiyindən, etibarsız (əhəmiyyətsiz) müqavilədir. Belə ki, müqavilənin Azərbaycan Respublikasının həmin dövr üzrə Mədəniyyət Naziri tərəfindən imzalandığı göstərilsə də, Nazirlik tərəfindən həmin imza etibarlı qəbul edilmir. Əvvəla, cavabdeh tərəfdə belə bir müqavilə nümunəsi mövcud deyildir. Eyni zamanda, müqavilə cavabdehin möhürü ilə təsdiq edilməmişdir. Bu hal isə özlüyündə cavabdehin iddia olunan müqavilə tərəfi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 324.4-cü maddəsi ilə müəyyən edilmiş iradə ifadəsinin realizə olunmadığını ifadə edir. Qeyd olunanlarla yanaşı, mübahisə predmeti müqavilədən onun dövlət satınalmaları ilə bağlı sahəvi münasibətləri tənzimlədiyi və dövlət vəsaiti hesabına müvafiq işlərin görülməsinin nəzərdə tutulduğu müəyyən edilir. Müqavilənin qiyməti də onun dövlət satınalmaları sahəsinə aid olduğunu təsdiq edir. Belə ki, Mülki Məcəllənin 404-1-ci maddəsinə görə dövlət satınalmaları müqaviləsinə dair münasibətlər Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun tənzimlənir. İddiaçı tərəfin mübahisə predmeti müqavilənin bağlandığını iddia etdiyi dövrdə - 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş “Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinin tələbinə görə malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi minimum məbləğdən yuxarı olduqda onların satın alınması açıq tender üsulu ilə aparılır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının “Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə" 20 may 2013-cü il tarixli Q-12 nömrəli Kollegiya Qərarının həmin dövr üzrə qüvvədə olmuş 2-ci bəndinə görə dövlət satınalmalarının müvafiq satınalma prosedurları keçirilməklə aparılması üçün minimum məbləğ 5000 (beş min) manat müəyyən edilmişdir. Göründüyü kimi, əgər iddiaçı tərəfin iddia etdiyi kimi cavabdeh Mədəniyyət Nazirliyi həmin müqavilələri bağlasaydı, müvafiq satınalma prosedurları həyata keçirilməli idi. Hazırkı mübahisə üzrə dövlət satınalmaları ilə bağlı qanunvericiliklə müəyyən edilmiş həmin prosedurların mövcud olmaması ilə yanaşı, sözügedən müqavilələr həmçinin qanunvericiliklə müəyyən edilmiş satınalma müqaviləsinin nümunəsinə uyğun olmayan formada bağlanmışdır. Belə ki, mübahisə predmeti müqavilələrin bağlandığı dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli, 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi" qüvvədə olmuşdur. Aydındır ki, qanunvericiliyin həmin imperativ tələbinə də əməl edilməmiş, mübahisə predmeti müqavilə qanunda nəzərdə tululmuş formaya uyğun bağlanmamışdır. Bu hal da sözügedən müqavilənin etibarsızlığının digər elementidir. Bundan başqa, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1.3-cü maddəsinin tələbinə görə Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfat daxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim (tərtib) etməlidir. İşdə olan sənədlərdən isə iddia olunan görülmüş işlərə dair elektron qaimə-fakturanın 5 gün müddətində cavabdehə təqdim edildiyi müəyyən olunmur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Tədqiq olunan sübutlar:
5. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi.
7. Sifarişçi qismində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə icraçı İddiaçı MMC arasında bağlandığı iddia olunan xx.xx.2022-ci il tarixli, 20/22 nömrəli xidmət müqaviləsinin 1.1-ci maddəsinə əsasən reklan xidmətlərinin göstərilməsinə dair sifarişçi icraçıya sifariş edir və icraçı müqavilənin əlavələrdə göstərilən qaydada, müddətdə və ünvanlarda sifarişçiyə reklamların yerləşdirilməsinə dair öz xidmətlərini göstərir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən icraçı özünə məxsus olan reklam qurğularında, müəyyən olunmuş müddət ərzində və lazımi qaydada sifarişçinin reklamlarının yerləşdirilməsini təmin edir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən icraçı reklam daşıyıcılarının yerləşdiyi dövr üçün hər təqvim ayının ilk 5 günündən gec olmayaraq reklam xidmətlərin görə xidmət haqqının ödənilməsi üçün sifarişçiyə hesab-fakturanı təqdim edir. Sifarişçi bu hesab-fakturanı aldıqdan sonra 3 təqvim günü ərzində ödənişi həyata keçirir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən tərəflər müqavilədə göstərilən öhdəlikləri vaxtında və tam şəkildə yerinə yetirməmələrinə görə məsuliyyət daşıyırlar. Müqavilə xx.xx.2022-xx.xx.2023-cü ilədək qüvvədə qalır. Müqavilə cavabdeh tərəfdən imza və möhürlə təsdiqlənmiş, sifarişçi tərəfdən isə yalnız A.Kərimov yazılaraq imza çəkilmişdir.
8. xx.xx.2022-ci il tarixli, 01 nömrəli qiymət cədvəlinin məzmunundan müəyyən olunur ki, tərəflər İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə ümumi dəyəri 45877,16 manat (ƏDV daxil) olan reklam lövhələrinin quraşdırılması xidmətlərinin göstərilməsi barədə razılığa gəlmişlər. Sənəd cavabdeh tərəfdən imza və möhürlə təsdiqlənmiş, sifarişçi tərəfdən isə yalnız yazılaraq imza çəkilmişdir.
9. xx.xx.2023-cü il tarixli aktın məzmunundan müəyyən olunur ki, müqaviləyə əsasən icraçı sifarişçi üçün akta aid 1 nömrəli əlavədə göstərilən ünvanda bütün öhdəliklərini yerinə yetirmişdir. Sifarişçi icraçıya reklamın yerləşdirilməsi üçün 18% ƏDV daxil olmaqla, ümumilikdə 45877,16 manat məbləğində ödəniş etməyi öhdəsinə götürür. Sənəd cavabdeh tərəfdən imza və möhürlə təsdiqlənmiş, sifarişçi tərəfdən isə yalnız yazılaraq imza çəkilmişdir.
10. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 370 nömrəli “Hesab” adlı sənədin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 20/22 saylı müqavilə üzrə göstərilən reklam xidmətlərinin ümumi dəyəri 45877,16 manat təşkil edir. Sənəd İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. İddiaçı tərəfindən məhkəməyə sübut qismində fotoşəkillər təqdim edilmişdir.
12. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə pretenziya məktubu göndərilərək, borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
15. İşin hallarından göründüyü kimi, iddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniiyət Nazirliyi (“Sifarişçi”) ilə aralarında xx.xx.2022-ci il tarixli, 20/22 nömrəli xidmət müqaviləsinin bağlandığını iddia edərək, həmin müqavilə üzrə cavabdehin öz öhdəliklərini yerinə yetirmədiyini bildirmiş və cavabdehdən müqavilə üzrə 38877,42 manat əsas borc, 6999,73 manat ƏDV məbləğinin tutulmasını xahiş etmişdir.
16. Cavabdeh yuxarıda göstərilən əsaslarla iddiaya etiraz etmiş və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Məhkəmə hesab edir ki, iddia əsassız, etiraz əsaslı olduğundan iddia təmin edilməməlidir.
18. Belə ki, etirazda qeyd olunur ki, iddiaçı cavabdehin belə bir müqavilənin Azərbaycan Respublikasının həmin dövr üzrə Mədəniyyət naziri tərəfindən imzalandığını göstərsə də, nazirlik tərəfindən həmin imza etibarlı qəbul edilmir. Cavabdehin nümayəndəsi cavabdeh tərəfdə belə bir müqavilə nümunəsinin mövcud olmadığını, eyni zamanda müqavilənin cavabdehin möhürü ilə təsdiq edilmədiyini, bu halın isə özlüyündə cavabdehin iddia olunan müqavilə tərəfi kimi qanunvericiliklə müəyyən edilmiş iradə ifadəsinin realizə olunmadığını vurğulamışdır.
19. Bununla bağlı qeyd olunmalıdır ki, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsinin olması zəruridir. İstinad olunan müqavilədə tərəf qismində Azərbaycan Respublikası Mədəniiyət Nazirliyi göstərilsə də, müqavilə dövlət orqanı olan nazirlik tərəfindən təsdiqlənməmişdir. Təqdim olunan müqavilə və digər sənədlərdə nazirliyin möhürü mövcud deyildir. Ona görə də hazırkı tərəflər arasında müqavilə bağlanmış sayıla bilməz. Müqavilə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Hazırkı halda isə qeyd olunan hallara əsasən belə bir razılaşmanın olması öz təsdiqini tapmır və ona görə də bir tərəfi hazırkı cavabdeh olan müqavilə mövcud deyil.
20. Müqavilə olmasa belə, iddiaçının göstərdiyini iddia etdiyi xidmətlərə gəldikdə isə həmin xidmətlərin göstərilməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd olunan qiymət cədvəli və xx.xx.2023-cü il tarixli akta gəldikdə isə, təqdim olunan həmin sənədlərdə sifarişçi qismində hazırkı cavabdeh göstərilsə də, naməlum imza çəkilmiş (ad, soyad yoxdur), möhürlə təsdiqlənməmişdir. Eyni zamanda təqdim olunmuş fotoşəkillər də mötəbər sübut qismində qəbul oluna bilməz.
21. Qeyd olunanlara əsasən məhkəmə hazırkı nəticəyə gəlmişdir.
22. İddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova