Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1014/2024 08.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Nümayəndə1 Anonim Şirkətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, xidmət müqaviləsi, təhvil-təslim, elektron qaimə, xarici şəxs, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə İddiaçı Nümayəndə1 Anonim Şirkətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Nümayəndə1 Anonim Şirkəti (bundan sonra “Borusan Makina ve X2. ve Tic.” A.Ş.) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh QSC) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, 13 044,09 manat ƏDV daxil 85511,24 manat əsas borc, 7172 manat cərimə borcu olmaqla ümumilikdə 92683,24 manat məbləğində pulun və 400 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki (elektron iddia ərizəsində və kağız daşıyıcıda olan formatda iddia ərizəsinin elektron qaydada təqdim olunan surətində): 2.1. iddiaçının Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə cavabdeh arasında 16 fevral 2023-cü il tarixli BMAST 16/02/23 saylı alqı-satqı müqaviləsi, 21 fevral 2023-cü il tarixli BMA-0006/23 saylı xidmət və ehtiyat hissələrinin alqı-satqısı müqaviləsi imzalanmışdır. Həmin müqavilələr əsasında adları e-qaimədə qeyd edilən ehtiyat hissələrin və texnikanın alqı-satqısı həyata keçirilmiş və təhvil verilmişdir. İddiaçı tərəfindən malların dəyərinin ödənilməsi üçün xx.xx.2023-cü il tarixli EBCP 041613 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBDA 737509 və EBDA 738422 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBDA 902988 və EBDA 903008 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBDB 689187 və EBDB 687543 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBDC 307963 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBDC 416290 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBDC 601414 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBDC 694933 və EBDC 695502 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBDD 070231 və EBDD 093059 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBDD 706700 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBDE 497288 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBDF 945473 seriya və nömrəli, EBDF 965938 və EBDF 965542 seriya və nömrəli, xx.xx.2023cü il tarixli EBDH 134220 və EBDH 149135 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBDH 637120 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBDİ 533114 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBDK 966919 seriya və nömrəli, EBDK 966914 və EBDK 968634 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBDL 918885 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBDN 281521 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBDN 568576 və EBDN 568536 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli, EBDP 253278 seriya və nömrəli elektron qaimələr göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Yuxarıda qeyd edilən qaimələr üzrə 72467,15 manat əsas borc, 13044,09 manat ƏDV borcu olmaqla ümumilikdə 85511,24 manat borc cavabdeh tərəfindən bu günə kimi ödənilməmişdir. 2.2. Tərəflər arasında imzalanmış 16 fevral 2023-cü il tarixli BMAST 16/02/23 saylı alqı-satqı müqaviləsinin 2.4-cü maddəsinə əsasən alıcı bu müqavilə üzrə ödənişi vaxtında ödəməzsə, hər gecikdirilən gün üçün ümumi məbləğin 0,15% həcmdə cərimə ödəyir (lakin müqavilənin 10%-dən artıq olmamaq şərtilə). Tərəflər arasında imzalanmış 21 fevral 2023cü il tarixli BMA-0006/23 saylı xidmət və ehtiyat hissələrinin alqı-satqısı müqaviləsinin 7.1ci maddəsinə əsasən sifarişçi bu müqavilə üzrə xidmətlərin və ehtiyat hissələrinin dəyərini vaxtında ödəməzsə, hər gecikdirilən gün üçün ümumi məbləğin 0,05% həcmində cərimə ödəyir (lakin müqavilənin 10%-dən artıq olmamaq şərtilə). Hər iki müqavilə üzrə gecikmə müddəti 275 gün təşkil edir ki, bu da gecikmə cəriməsi olaraq müqavilənin 10%-dən artıq edir. Belə olan halda gecikmə cəriməsi yuxarıda qeyd edilən qaimələr üzrə əsas borc məbləğinin 10%-ni təşkil edəcəkdir. Beləliklə, gecikmə cəriməsi 7172 manat təşkil edir. 2.3. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı həm onlayn kargüzarlıq vasitəsilə, həm də rəsmi poçt vasitəsilə pretenziya göndərilmiş, cavabdeh tərəfindən qəbul edilmiş, lakin borc ödənilməmişdir. Cavabdehə xx.xx.2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, cavabdeh tərəfindən qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə mediasiya təşkilatına müraciət edilmiş, mediasiyaya dəvət məktubu göndərilmiş, xx.xx.2023-cü il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, mediator tərəfindən xx.xx.2023-cü il tarixli MŞB/2-03784 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmiş, 400 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 442, 443.1-ci maddələri göstərilmişdir.
4. Cavabdeh iddiaya etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmiş və etirazının faktiki əsası olaraq göstərmişdir ki, iddia ərizəsində xx.xx.2023-cü il ve xx.xx.2023-cü il tarixli müqavilələrə istinad edilsə də, xx.xx.2023-cü il tarixli müqavilə işə əlavə edilməyib. Tərəflər arasında bağlanmış və işdə olan xx.xx.2023 və xx.xx.2023-cü il tarixli müqavilələrin 1.1-ci bəndinə görə mallar sifariş və qiymət razılaşması əsasında verilir. Müqavilələrin 2.2-ci və 3.1-ci bəndlərinə əsasən mallar təhvil-təslim aktına əsasən təhvil verilir. İddiaya elektron qaimələr əlavə edilsə də, malların təhvili və qiymət razılaşması barədə 52156 manat dəyərində qırıcıya aid sənəd var. Qalan malların təhvili və qiymət razılaşması barədə işdə sənəd yoxdur. Eyni məbləğə, eyni mallara dair bəzi qaimələr təkrar gəlib. Məhkəmə icraatında iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin cavabdehlə hər hansı əlaqəsi yoxdur, mötəbər sənədlər deyil.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddianın məzmununa uyğun izahatlar verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu onlayn vergi kabineti vasitəsi ilə göndərilərək 84635,46 manat pulun ödənilməsi tələb olunmuş, cavabdeh xx.xx.2023-cü il tarixdə onlayn vergi kabineti vasitəsi ilə cavab məktubu göndərərək borcun qısa zamanda ödəniləcəyini bildirmiş, etiraz etməmişdir. Bundan başqa, cavabdehin əməkdaşı ilə aparılan vatsap yazışmalarında cavabdehin əməkdaşı öz mühasiblərinin bildirdiklərinə istinadən borcun 85511,15 manat qaldığını bildirmiş, iddiaçı tərəfindən elektron poçt vasitəsi ilə üzləşmə aktı təqdim olunsa da, cavabdeh onu təsdiq edərək geri göndərməmişdir.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi bildirdi ki, iddia ərizəsinin kağız daşıyıcıda olan surətinin elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunan nüsxəsində iddianın faktiki əsası kimi istinad olunan müqavilələr düzgün qeyd olunmuşdur. Elektron iddia ərizəsində texniki yanlışlığa yol verilmişdir. 52156 manat dəyərində olan qırıcının qiyməti yüksək olduğundan və tək əmlak olduğundan təhviltəsliminə dair hər iki tərəfin möhürü ilə təsdiq olunmuş akt tərtib olunmuş, digər mallar isə müxtəlif çeşiddə və miqdarda olmaqla hissə-hissə təqdim olunduğundan cavabdehin nümayəndələrinə anbardan çıxış sənədlərinə imza etdirilməklə təqdim olunmuş, elektron qaimələr də göndərilmiş, həmin qaimələri cavabdeh ləğv etməmişdir. Tərəflər arasında əvvəllər də böyük dövriyyəli işgüzar münasibətlər olmuş, inam yaranmışdır. xx.xx.2023-cü il tarixli EBDB 687543 seriya və nömrəli elektron qaiməyə düzəliş edilərək dəyəri 1057,01 manat deyil, 868,42 manata təsdiq edilmişdir. Cavabdehə təkrar elektron qaimələr təqdim olunmamışdır. Qaimələrdə mallar və xidmətlər eyni olsa da, anbar çıxış sənədləri ilə də təsdiq olunur ki, cavabdehin nümayəndələrinə eyni adda və miqdarda mallar təqdim olunmuşdur. Elektron qaimələr anbardan çıxış tarixində deyil, sonrakı tarixlərdə təqdim olunmuşdur.
7. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 etirazın məzmununa uyğun izahatlar verdi və bildirdi ki, 52156 manat dəyərində olan qırıcı cavabdehə təqdim olunsa da, digər malların təqdim olunması təsdiq olunmur. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, 52156 manat dəyərində olan qırıcının cavabdehə təqdim olunduğunu qəbul edirlər. xx.xx.2023-cü il tarixdə onlayn vergi kabineti vasitəsi ilə iddiaçıya göndərilən cavab məktubunda borcun ödəniləcəyi ümumi şəkildə qeyd olunmuş, konkret məbləğ göstərilməmişdir.
8. Məhkəmənin sonuncu iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında sonuncunun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq olunacaq hüquq ilə bağlı
10. Məhkəmə, əvvəla, hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmamasının müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsini zəruri hesab edir.
11. Mülki Prosessual Məcəllənin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır.
12. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.4-2.5-ci bəndlərinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. ... Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: ... xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olması; ... iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi.
13. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur. Hazırkı mübahisəyə baxmağa məhkəmənin beynəlxalq səlahiyyəti xüsusi norma olan Mülki Prosessual Məcəllənin 443.0.2 və 443.0.7-ci maddələrindən irəli gəlir. Belə ki, həmin maddələrə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda, iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə işlərə baxmağa haqlıdır.
14. Digər tərəfdən, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.
15. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 5.10-cu bəndinə əsasən, tərəflər arasında konkret mübahisəyə xarici hüququn tətbiqinə dair müqavilənin və ya müqavilə şərtinin mövcudluğuna baxmayaraq, tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanununun tətbiqini məhkəmədən xahiş edirsə və qarşı tərəfin etirazı yoxdursa, həmin hal nəzərə alınaraq mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir.
16. Tərəflər arasında bağlanmış 16 fevral 2023-cü il tarixli müqavilənin 11 və 21 fevral 2023-cü il tarixli müqavilənin 8-ci bəndlərində tərəflər tətbiq ediləcək maddi hüquq normaları barədə razılığa gələrək Azərbaycan Respublikasının qanunvericiliyini seçmişlər. İddiaçı da iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə istinad etmişdir.
17. Odur ki, məhkəmə hazırkı işə baxmağa səlahiyyətlidir və mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.
b) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
18. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
19. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
20. İşin mübahisəsiz halları aşağıdakılardan ibarətdir: - tərəflər arasında 16 fevral 2023-cü il tarixdə BMAST xx/xx/2023 saylı alqı-satqı müqaviləsi bağlanaraq iddiaçı tərəfindən müqaviləyə 1 saylı Əlavədə nəzərdə tutulmuş malın cavabdehin sifarişi əsasında təchiz edilməsi, cavabdehin malın dəyərini ödəməsi razılaşdırılmış, həmin müqaviləyə 1 saylı Əlavə ilə ƏDV daxil dəyəri 52156 manat olan 1 ədəd “H130GC” qırıcının satılması təsdiq olunmuş, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə EBCP 041613 seriya və nömrəli elektron qaimə göndərilmiş, 20 fevral 2023-cü il tarixdə iddiaçı tərəfindən 1 ədəd “H130GC” qırıcı cavabdehə təhvil verilmişdir. - tərəflər arasında 23 fevral 2023-cü il tarixdə BMA-0006/23 saylı xidmət və ehtiyat hissələrinin alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı cavabdehin sifarişi əsasında və ya qiymət razılaşdırma protokoluna əsasən cavabdehə məxsus müvafiq texnikalara xidmət göstərməyi və ehtiyat hissələri ilə təmin etməyi, cavabdeh isə xidmət və malların haqqını müqavilə üzrə nəzərdə tutulmuş müddətdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür.
21. İddiaçı 16 fevral 2023-cü il tarixli BMAST xx/xx/2023 saylı alqı-satqı müqaviləsinə əsasən təqdim olunan malın dəyərini təşkil edən 52156 manat və 23 fevral 2023-cü il tarixli BMA-0006/23 saylı xidmət və ehtiyat hissələrinin alqı-satqı müqaviləsi üzrə təqdim olunan malların və xidmətlərin dəyərini təşkil edən 33355,24 manat olmaqla ümumilikdə 85511,24 manat pulun cavabdehdən tutulmasını xahiş edir.
22. Cavabdeh 16 fevral 2023-cü il tarixli BMAST xx/xx/2023 saylı alqı-satqı müqaviləsinə əsasən 52156 manat dəyərində malın təqdim olunduğunu, lakin 23 fevral 2023-cü il tarixli BMA-0006/23 saylı xidmət və ehtiyat hissələrinin alqı-satqı müqaviləsi üzrə təqdim olunan malların təhvili və qiymət razılaşması barədə işdə sənəd olmadığını, eyni mallara dair bəzi qaimələrin təkrar göndərildiyini, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin cavabdehlə hər hansı əlaqəsinin olmadığını və mötəbər sənədlər olmadığını bildirir.
23. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsas borcun tutulması hissəsində qismən – 85 511,17 manat pulun tutulması hissəsində əsaslıdır.
24. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh elektron iddia ərizəsində xx.xx.2023-cü il tarixli müqaviləyə istinad olunduğunu etirazının əsaslarından biri olaraq qeyd etmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının elektron kabinet vasitəsi ilə iddia ərizəsinin kağız daşıyıcıda olan formatda təqdim olunan surətində xx.xx.2023-cü il tarixli müqaviləyə istinad olunmuşdur. İddiaçının nümayəndəsi də elektron iddia ərizəsində texniki yanlışlığa yol verildiyini bildirmişdir.
25. Məhkəmə qeyd edir ki, 16 fevral 2023-cü il tarixli BMAST xx/xx/2023 saylı alqısatqı müqaviləsinə əsasən 52156 manat dəyərində malın təqdim olunması işin sübutlarla və tərəflərin izahatı ilə təsdiq olunan mübahisəsiz halıdır. İşin mübahisəli halı 23 fevral 2023-cü il tarixli BMA-0006/23 saylı xidmət və ehtiyat hissələrinin alqı-satqı müqaviləsi üzrə malların təqdim olunması və xidmətlərin göstərilməsi ilə bağlıdır. Belə olan halda məhkəmə tərəfindən müəyyən edilməli olan hal 23 fevral 2023-cü il tarixli BMA-0006/23 saylı xidmət və ehtiyat hissələrinin alqı-satqı müqaviləsi üzrə malların təqdim olunubolunmaması və xidmətlərin göstərilib-göstərilməməsidir.
26. Məhkəmə bildirir ki, işin müəyyən edilməli olan halları üzrə sübutlara qiymət verilərkən tərəflərin müqavilədə razılaşdırdıqları şərtlərə tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla qiymət veriləcəkdir.
27. Belə ki, 23 fevral 2023-cü il tarixli müqavilədə tərəflər müqavilənin ümumi məbləğinin qiymət razılaşdırma protokoluna əsasən müəyyən olunacağını, təhvil-təslim aktı imzalanmasını, ödənişin müvafiq akt imzalandıqdan, elektron qaimə-faktura və hesab faktura təqdim olunduğundan sonra bank hesabına köçürmə yolu ilə ediləcəyini razılaşdırmışlar.
28. Məhkəməyə təqdim edilən mal-materialın cavabdehin adına qeydə alınan çıxış qaimələrindən görünür ki, 2023-cü ilin fevral-avqust aylarında müxtəlif çeşiddə və miqdarda mallar ad, soyad və telefon nömrələri qeyd edilən ayrı-ayrı şəxslər tərəfindən qəbul edilmişdir.
29. İş materiallarında olan elektron qaimələrdən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki: - xx.xx.2023-cü il tarixli EBDA 737509 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 915,12 manat, EBDA 738422 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 915,13 manat, xx.xx.2023-cü il tarixli EBDA 902988 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 144,01 manat, EBDA 903008 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 859,96 manat, xx.xx.2023-cü il tarixli EBDB 689187 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 912,61 manat, EBDB 687543 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1057,01 manat, xx.xx.2023-cü il tarixli EBDC 307963 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 566,01 manat, xx.xx.2023-cü il tarixli EBDC 416290 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1433,68 manat, xx.xx.2023-cü il tarixli EBDC 601414 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2494,70 manat, xx.xx.2023-cü il tarixli EBDC 694933 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1064,37 manat, EBDC 695502 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1064,37 manat, xx.xx.2023-cü il tarixli EBDD 070231 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 908,74 manat, EBDD 093059 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 967,36 manat, xx.xx.2023-cü il tarixli EBDD 706700 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 908,74 manat, xx.xx.2023-cü il tarixli EBDE 497288 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1124,37 manat, xx.xx.2023-cü il tarixli EBDF 945473 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1064,37 manat, EBDF 965938 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1064,37 manat, EBDF 965542 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1064,37 manat, xx.xx.2023cü il tarixli EBDH 134220 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1468,23 manat, EBDH 149135 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1064,37 manat, xx.xx.2023-cü il tarixli EBDH 637120 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 896,97 manat, xx.xx.2023-cü il tarixli EBDİ 533114 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1487 manat, xx.xx.2023-cü il tarixli EBDK 966919 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1345,46 manat, EBDK 966914 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1345,45 manat, EBDK 968634 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2793,16 manat, xx.xx.2023-cü il tarixli EBDL 918885 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1064,37 manat, xx.xx.2023cü il tarixli EBDN 281521 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 356,37 manat, xx.xx.2023-cü il tarixli EBDN 568576 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1064,36 manat, EBDN 568536 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1064,36 manat, xx.xx.2023-cü il tarixli, EBDP 253278 seriya və nömrəli elektron qaimələr elektron qaimə ƏDV daxil olmaqla 1064,37 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 33543,76 manat dəyərində malların təqdim edilməsi və xidmətlərin göstərilməsinin rəsmiləşdirilməsi üçün iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. - xx.xx.2023-cü il tarixli EBDB 687543 seriya və nömrəli elektron qaiməyə düzəliş edilmiş, ƏDV daxil olmaqla 868,42 manat dəyərində malların təqdim edilməsi və xidmətin göstərilməsi üçün təsdiq edilmişdir. - xx.xx.2023-cü il tarixli EBDB 687543 seriya və nömrəli elektron qaiməyə edilən düzəlişdən sonra malların təqdim edilməsi və xidmətlərin göstərilməsinin rəsmiləşdirilmiş qaimələrin ümumilikdə dəyəri ƏDV daxil olmaqla 33355,17 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli EBDB 687543 seriya və nömrəli elektron qaimə “düzəlişdən imtina/təsdiqlənmiş” statusunda, qalan bütün elektron qaimələr “sistem tərəfindən təsdiqlənmiş” statusundadır.
30. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan həmçinin görünür ki, xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərdə hazırkı mübahisənin predmetini təşkil etməyən ümumi dəyəri 894 617,06 manat olan EBCM 923258, EBCM 923456, EBCN 954131, EBCO 864615 seriya və nömrəli elektron qaimələr təqdim olunmuş, onlardan 1-i təsdiqlənmiş, 3-ü “sistem tərəfindən təsdiqlənmiş” statusundadır.
31. Məhkəməyə təqdim olunan bank hesabından və ƏDV sub-hesabından çıxarışlardan görünür ki, qeyd olunan elektron qaimələrə istinad olunaraq ödənişlər edilmişdir.
32. Təqdim olunan sənədlərdən görünür ki, tərəflər arasında hazırkı mübahisənin predmetini təşkil edən müqavilələrdən əvvəl başqa müqavilə üzrə işgüzar münasibətlər olmuş, tərəflər arasında dövriyyə hazırkı mübahisə üzrə tələb olunan məbləğdən dəfələrlə artıq olmuşdur. Qeyd olunan müqavilə üzrə təqdim olunan və dəyəri ödənilən elektron qaimələrin əsaslı hissəsi “sistem tərəfindən təsdiqlənmiş” statusundadır. Həmçinin hazırkı iş üzrə tələb olunan məbləğin əsas hissəsini təşkil edən 16 fevral 2023-cü il tarixli BMAST xx/xx/2023 saylı alqı-satqı müqaviləsinə əsasən təqdim olunan 52156 manat mala dair təqdim olunan elektron qaimə də “sistem tərəfindən təsdiqlənmiş” statusundadır.
33. Məhkəmə qeyd edir ki, cavabdehin 16 fevral 2023-cü il tarixli müqavilə üzrə malın təhvil-təslim aktı əsasında təqdim edilməsinə istinad edərək 21 fevral 2023-cü il tarixli müqavilə üzrə malın təqdim edilməməsinə dair mövqeyi əsassızdır. Belə ki, 16 fevral 2023-cü il tarixli müqavilə 1 malın təqdim olunması üçün bağlansa da, 21 fevral 2023-cü il tarixli müqavilə texnikalara xidmətlərin göstərilməsi və ehtiyat hissələrinin təqdim edilməsi üçün bağlanmışdır. Ayrı-ayrı texnikalara müxtəlif vaxtlarda xidmətlərin göstərildiyini, ehtiyat hissələrinin müxtəlif vaxtlarda təqdim edildiyini, hüquqi şəxsin möhürünün anbardan çıxış sənədlərində adları qeyd olunan bütün əməkdaşlarda olmaq ehtimalının həm say etibarilə, həm də möhürün məsul şəxslərdə saxlanılmalı olduğundan mümkün olmadığı nəzərə alındıqda bütün təhvil-təslim sənədlərinin cavabdehin möhürü ilə təsdiq edilməsi ağlabatan deyildir. İddiaçının anbar çıxış sənədlərindən görünür ki, təhvil-təslim adi qaydada həyata keçirilmişdir. Cavabdeh anbar çıxış sənədlərində adları qeyd olunan şəxslərin əməkdaşı (nümayəndəsi) olmadığına dair əsaslı etiraz təqdim etməmişdir.
34. Digər tərəfdən xx.xx.2023-cü il tarixli EBDB 687543 seriya və nömrəli elektron qaimə 1057,01 manat mal və xidmət üçün rəsmiləşdirilmiş, daha sonra düzəliş edilərək 868,42 manat kimi təsdiqlənmişdir. Göründüyü kimi məhkəmə icraatında bildirdiklərinin əksinə olaraq cavabdeh elektron vergi sistemini sayıq nəzarətində saxlamışdır.
35. Beləliklə, müəyyən olunur ki, 21 fevral 2023-cü il tarixli müqavilə üzrə malların təqdim edilməsi və xidmətlərin göstərilməsi malların anbardan çıxış sənədinin tərəflərin əməkdaşları tərəfindən imzalanması və elektron qaimələrin təqdim edilməsi ilə rəsmiləşdirilmişdir.
36. İddiaçı tərəfindən cavabdehə göndərilən pretenziya məktubundan görünür ki, xx.xx.2023 – xx.xx.2023-cü il tarixləri əhatə edən elektron qaimələr üzrə 84635,46 manat borcun ödənilməsi tələb olunmuşdur.
37. Onlayn kargüzarlıq sistemindən çıxarışdan görünür ki, pretenziya məktubu xx.xx.2023-cü il tarixdə cavabdehə göndərilmişdir.
38. Cavabdeh tərəfindən X1 Sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə iddiaçıya ünvanlanmış cavab məktubundan cavabdehin rəhbərliyinin iddiaçıya olan borcu qısa zamanda ödəniləcəyini bildirdiyi görünür.
39. Məhkəmənin cavabdehin qeyd olunan cavab məktubu üzrə dəqiqləşdirici suallarına cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, qeyd olunan cavab ümumi xarakterlidir. İddiaçının pretenziya məktubunda elektron qaimələrə istinad edərək (xx.xx.2023-cü il tarixli elektron qaimə istisna olmaqla) borc məbləğlərini ayrı-ayrılıqda qeyd etdiyi nəzərə alındıqda cavabdehin nümayəndəsi və vəkilinin qeyd olunan mövqeyi əsassızdır.
40. İddiaçının məhkəməyə təqdim etdiyi “X3/Ofeliya” ilə iddiaçının əməkdaşı arasında aparılan vatsap yazışmalarından çıxarışlardan görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə müraciət olunaraq borcun üzləşmdirilməsinə hansı şəxsin baxdığı dəqiqləşdirilmiş, xx.xx.2024-cü il tarixdə təsdiq cavabından sonra iddiaçının əməkdaşı tərəfindən il sonuna qalıq borcun 85699,83 manat olduğunun dəqiqləşdirilməsi üçün müraciət olunmuş, “baş mühasibimizə bildirdim, 85511,15 manat ƏDV daxil” cavabı verilmiş, üzləşmə aktının təqdim olunması üçün elektron poçt ünvanı tələb olunmuş, cavab olaraq “mailto:azmz.yolgroup.qsc@mail.ruElektron ünvan ” elektron poçtu təqdim olunmuşdur.
41. İddiaçının məhkəməyə təqdim etdiyi elektron poçtdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə “mailto:yol.tikintiservis.mmc@mail.ruElektron ünvan ” ünvanına üzləşmə aktı göndərilmişdir.
42. Məhkəmə iddiaçının təqdim etdiyi vatsap yazışmaları və elektron poçtdan çıxarışa münasibət bildirilməsini (etirazın olub-olmaması) cavabdeh tərəfə təklif etmiş, nümayəndə və vəkil vaxt qısa olduğundan aydınlaşdıra bilmədiyini bildirmişdir. Halbuki qeyd olunan sənədlər xx.xx.2024-cü il tarixdən elektron kabinet vasitəsi ilə təqdim olunmuş, cavabdeh tərəfin həmin sübutlara münasibət bildirməsi üçün kifayət qədər vaxtı olmuşdur.
43. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı tərəfindən 23 fevral 2023-cü il tarixli BMA-0006/23 saylı xidmət və ehtiyat hissələrinin alqısatqı müqaviləsi üzrə cavabdehə ƏDV daxil olmaqla 33355,17 manat dəyərində mallar təqdim olunmuş və xidmətlər göstərilmişdir.
44. Məhkəmə qeyd edir ki, iddiaçı alqı-satqı və xidmət müqaviləsinə əsasən pulun tutulmasını xahiş edir. Mülki qanunvericilikdə alqı-satqı müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən konkret normalar olsa da, “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
45. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, xidmət müqaviləsi üzrə pulun tutulması ilə bağlı hissədə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
46. Bu baxımdan iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 600.4 və 752.1-ci maddələri təşkil edir.
47. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
48. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
49. Hazırkı işdə iddiaçı müqavilələr üzrə öz üzərinə düşən öhdəliyi icra edərək, malları təqdim etmiş, xidmətləri həyata keçirmiş, cavabdeh isə həmin malların və xidmətlərin dəyərini ona ödəməmişdir. İddiaçı isə yuxarıda qeyd olunan normaların tələblərinə uyğun olaraq hüququnu realizə edir, təqdim etdiyi malların və göstərdiyi xidmətlərin dəyərini tələb edir.
50. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
51. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
52. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
53. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
54. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı və xidmət müqavilələri üzrə əşyanın və xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
55. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin olunmalı, 13 044,08 manat ƏDV daxil 85511,17 manat (16 fevral 2023-cü il tarixli müqavilə üzrə 7956 ƏDV daxil 52156 manat və 23 fevral 2023-cü il tarixli müqavilə üzrə 5088,08 manat ƏDV daxil 33355,17) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
c) Alqı-satqı müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
56. İddia ərizəsində iddiaçı 7172 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
57. İş materiallarında olan 16 fevral 2023-cü il tarixli BMAST 16/02/23 saylı alqı-satqı Müqaviləsinin 2.4-cü maddəsinə əsasən alıcı bu müqavilə üzrə ödənişi vaxtında ödəməzsə, hər gecikdirilən gün üçün ümumi məbləğin 0,15% həcmdə cərimə ödəyir (lakin müqavilənin 10%-dən artıq olmamaq şərtilə).
58. İş materiallarında olan 21 fevral 2023-cü il tarixli BMA-0006/23 saylı xidmət və ehtiyat hissələrinin alqı-satqısı müqaviləsinin 7.1-ci maddəsinə əsasən sifarişçi bu müqavilə üzrə xidmətlərin və ehtiyat hissələrinin dəyərini vaxtında ödəməzsə hər gecikdirilən gün üçün ümumi məbləğin 0,05% həcmində cərimə ödəyir (lakin müqavilənin 10%-dən artıq olmamaq şərtilə).
59. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
60. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
61. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
62. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin mübahisə məhkəməyəqədər mərhələsində və yaxud mediasiya mərhələsində həll olunmamışdır. Eyni zamanda məhkəmə nəzərə alır ki, alqı-satqı müqaviləsi üzrə mallar 2023-cü ilin fevral ayından başlayaraq təhvil verilməsinə və cavabdeh tərəfindən ödəniş edilməməsinə baxmayaraq, iddiaçı da uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
63. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin 4000 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
64. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cərimənin tutulması tələbi qismən təmin edilməli, 4000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
d) Məhkəmə xərcləri ilə bağlı
65. İddiaçı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 400 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
66. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/2-03784 saylı arayışdan görünür ki, cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməmiş, İMS xərci 400 manat iddiaçı tərəfindən ödənilmişdir.
67. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
68. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
69. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
70. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
71. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
72. İş materialları ilə müəyyən olunur ki, əşyanın dəyərinin və xidmət haqqının lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuş, borcu ödəməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.
73. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 400 manat pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
74. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 13 044 (on üç min qırx dörd) manat 08 (səkkiz) qəpik ƏDV daxil olmaqla 85 511 (səksən beş min beş yüz on bir) manat 17 (on yeddi) qəpik əsas borc, 4000 (dörd min) manat cərimə borcu olmaqla ümumilikdə 89 511 (səksən doqquz min beş yüz on bir) manat 17 (on yeddi) qəpik məbləğində pul tutularaq iddiaçı Nümayəndə1 Anonim Şirkətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı Nümayəndə1 Anonim Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Nərmin Əhmədova