Məhkəmə qərarları › İş №e-2-2(113)-1016/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1016/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1016/2020 06.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı müqavilənin, verilmiş sertifikatın ləğv edilməsi və ödənilmiş vəsaitin tutulması tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1000 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1030 manat pulun cavabdehdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə (VÖEN: **********) Cavabdeh” MMC (VÖEN: **********) arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 012 saylı müqaviləyə əsasən iddiaçı cavabdehin keyfiyyəti idaretmə sisteminin sertifıkatlaşdırılması və 2019 və 2020-ci illər üçün sertifikatlaşdırılmış keyfiyyət idarəetmə sisteminin fəaliyyətinə inspeksiya nəzarətinin həyata keçirilməsini öz üzərinə götürüb. İstinad edilən müqavilənin 2.4-cü bəndinə əsasən cavabdeh 2019 və 2020-ci illər üçün İSO 9001:2015 standartlarının tələblərinə uyğun tətbiq edilmiş keyfiyyəti idaretmə sisteminin fəaliyyətinə inspeksiya nəzarətinin keçirilməsi üçün İddiaçı MMC-yə hər il 1000 manat pul ödəməyi öhdəsinə götürüb. İddiaçı müqavilə öhdəliyini icra edərək cavabdehin keyfiyyəti idaretmə sisteminin sertifikatlaşdırılmasını həyata keçirib və cavabdeh müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan 1000 manatı iddiaçının hesabına ödəyib. İddiaçı müqavilənin 1.1-ci bəndinə əsasən cavabdehin 2019 il üçün keyfiyyəti idaretmə sisteminin fəaliyyətinə inspeksiya nəzarətini həyata keçirərək audit hesabatı hazırlasa da, Cavabdeh MMC müqavilənin 2.4-cü bəndində nəzərdə tutulanöhdəliyini, yəni 1000 manat pulu İddiaçı MMC-yə ödəməkdən imtina edib. Bu bərədə Cavabdeh MMC-nin direktoru Ceyhun Bağırova xx xxxxxxx 2019-cu il tarixli, 02/P saylı pretenziya məktubu göndərilərək məktub ünvan üzrə daxil olduğu vaxtdan 5 (beş) gün müddətində müqavilə öhdəliyinin icra edilərək 1000 manat pulun İddiaçı MMC-yə ödənilməsi tələb edilib, həmçinin əks təqdirdə cavabdeh müəssisəyə qarşı iddia qaldırılacağı və bu zaman məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyi cavabdeh təşkilatın direktorunun diqqətinə çatdırılıb. Pretenziya məktubu cavabdeh tərəfindən hüquqi və faktiki ünvanlarda xx xxxxxxx 2019 və xx xxxxxxx 2019-cu il tarixlərində qəbul edilmiş, lakin tələb edilən pul məbləğinin ödənilməsindən imtina edilmişdir. Eyni zamanda iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqavilə əsasında cavabdehə ödənilmiş 1000 manat vəsaitin qaytarılması və İSO standartlarına uyğun keçirilmədiyindən sertifikatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli, № 012 saylı İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqaviləni, həmin müqaviləyə əsasən xx.xx.2018-ci il tarixdə verilmiş “Uyğunluğ Sertifikatı”nın ləğv edilməsini, habelə müqaviləyə əsasən ödənilmiş 1000 manat vəsait və ödənilmiş 30 otuz manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh MMC arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən “Sifarişçi” tapşırığı ilə “İcraçı” İSO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” standartlarının tələblərinə uyğun tətbiq olunmuş keyfiyyəti idarəetmə sistemlərinin sertifıkstlaşdırılmasını və sertifikatlaşdırılmış keyfiyyəti idarəetmə sistemlərinin fəaliyyətinə 2019 və 2020-ci illər üçün inspeksiya nəzarətini həyata keçirəcək. Hazırkı müqaviləyə əsasən görülmüş sertifikatlaşma işlərinə görə “Sifarişçi” “İcraçı”ya 1000 manat xidmət haqqı ödəməlidir. Bu müqavilnənin 3.2-ci bəndində “İçraçı" aşağıdakı öhdəliyi öz üzərinə götürür: Xidməti keyfiyyətli və vaxtında yerinə yetirmək; Bu müqavilnənin 3.3-cü bəndində “İcraçı”nın fəaliyyətinə müdaxilə etmədən onun işinin gedişi və keyfiyyətini yoxlamaq. Tərəflərindən xx.xx.2018-ci il tarixdə İddiaçı MMC-yə 500 manat və xx.xx.2018-ci il tarixdə 500 manat ödəniş olunmuş və xx.xx.2018-ci il tarixdə “Uyğunluq Sertifikatı” verilmişdir. Deməli belə məlum olur ki, 10 iş güni ərzində İSO Standartlarına uyğun “Uyğunluk Sertifikatı” verilmişdir. xx.xx.2018-ci il tarixdə İddiaçı MMC-nin direktoru ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə üzrə direktor müqavilə üzrə üzərinə düşən öhdəlikləri birinci gündən icra etməmişdir. Belə ki, bağlanmış müqavilə üzrə heç bir tutarlı iş görülməmişdir. Tərəflərindən İSO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri tələblər” standartlarının tələblərinə uyğun işlərin nə zaman başlanacağını bildirsələr də, İddiaçı MMC-nin direktoru yerdə qalan ödənişi də həyata keçirdikdən sonra işlərə başlanılacağını bildirilmişdir. İddiaçı MMC ilə İSO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” standartlarının tələblərinə uyğun tədris, maarifləndirmə, audit məsələlərinin başlanacağı, şirkətdə olan boşluqların aşkar ediləcəyi, onların aradan qaldırılmasında köməklik göstəriləcəyinə görə müqavilə bağlanmış, lakin heç bir xidmət göstərməmişdir. Bu günədək hələ də İddiaçı MMC-nin nümayəndəsi ilə görüşüb bu məsələnin həllinə nail ola bilməmişlər. xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-nin nümayəndəsi inzibati binaya gələrək yaranmış vəziyyəti aradan qaldırmaq məqsədi ilə R.Şəmsiyevlə söhbət edərək hansısa sənədi ona imzalatdırıb, inzibati binadan getmişdir. Növbəti gün həmin sənədi əlində əsas tutaraq müqavilənin tələblərinə əsasən yenidən onlara 1000 manat ödəniş edilməsi bildirilmişdir. Yaranmış vəziyyətlə bağlı İddiaçı MMCnin direktoru ilə əlaqə saxlamaq mümkün olmamışdır. Bununla bağlı İddiaçı MMC-yə iki rəsmi məktub ünvanlanmışdır. Bundan sonra İddiaçı MMC tərəfindən onlara qarşı iddia ərizəsi göndərilmiş, qoşma sənədlərin icərisində xx.xx.2019-cu il tarixli aktın olmasını və hər iki yerə C.Hüseynov tərəfindən imza atılması tərəflərindən aşkar olunmuşdur. Bundan sonra dəfələrlə İddiaçı MMC ilə əlaqə saxlamalarına baxmayaraq, heç bir faydası olmamışdır. Lakin C.Hüseynov və İddiaçı MMC-nin direktoru telefonla əlaqə saxlayaraq şirkətə yüksək xidmət göstərdiklərini və müqavilənin 2.3-cü bəndini əsas gətirərək hər il onlara 1000 manat xidmət haqqının ödənilməli olduğunu bildirmişlər. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İSO standartlarının “Uyğunluğ Sertifikatı” bu şəkildə verilməməlidir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması və əsassız olduğundan qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddiasının tamamilə əsassız olduğunu, bu səbəbdən də onlara qarşı olan iddianı qəbul etmədiklərini bildirmiş, qarşılıqlı iddia əssaslı olduğundan təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə mahiyyəti üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında xx.xx.2018-ci il tarixdə bağlanan 012 saylı müqaviləyə əsasən keyfiyyəti idaretmə sisteminin sertifikatlaşdırılması və 2019 və 2020-ci illər üçün sertifikatlaşdırılmış keyfiyyət idarəetmə sisteminin fəaliyyətinə inspeksiya nəzarətinin həyata keçirilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı sifarişçinin sifarişinə əsasən İSO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” standartının tələblərinə uyğun tədbiq olunmuş Keyfiyyəti idarəetmə sistemlərinin sertifıkatlaşdırılmasını və sertifikatlaşdırılmış Keyfiyyəti idarəetmə sistemlərinin fəaliyyətinə 2019 və 2020-ci illər üçün inspeksiya nəzarətini həyata keçirməyi, sifarişçi isə görülmüş sertifıkatlaşma işlərinə görə icraçıya 1000 (bir min) AZN ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən “Sifarişçi” müqavilə imzalandıqdan sonra (işlər başlamadan öncə) avans olaraq müqavilə dəyərinin 50%-ni (500 AZN) “İcraçı” tərəfindən təqdim olunmuş hesaba əsasən 5 iş günü ərzində “İcraçı”ya köçürmə yolu ilə ödəyir. Digər məbləğ layihə tam başa çatdıqdan sonra 50% (500 AZN) miqdarında ödənilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən 2018 və 2019cü illər üçün İSO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” standartının tələblərinə uyğun tədbiq olunmuş Keyfiyyəti idarəetmə sistemlərinin fəaliyyətinə inspeksiya nəzarətinin keçirilməsi üçün hər il 1000 (bir min) AZN ödəyir. Həmin müqavilənin 2.5-ci bəndinə uyğun olaraq üç il tamam olduqdan sonra sertifikatın qüvvədə olma müddətinin uzadılması məqsədilə idarəetmə sistemlərinin təkrar yoxlanılmasını həyata keçirmək üçün yeni müqavilə bağlanacaq və onun əsasında da sertifikatlaşdırma yoxlaması aparılacaq. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən ödəniş, görülməli olan işlərin dəyəri haqqında hesab təqdim edildikdən sonra, nağdsız hesablaşma üzrə, 100% əvvəlcədən ödəmə ilə yerinə yetirilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli Cavabdeh MMC-də İSO 9001:2015 standartı əsasında tətbiq edilən Keyfiyyəti idarəetmə sisteminin Sertifikatlaşdırma auditinin nəticələri əsasında qiymətləndirilməsi barədə aktdan görünür ki, icraçı tərəfindən xx.xx.2018-ci il tarixli müqavilə əsasında xx.xx.2018-ci il tarixdə sifarişçi müəssisədə aparılmış audit yoxlamasının nəticəsində Cavabdeh MMC-də elektrik-məişət mallarının topdan və pərakəndə satışına, layihələndirmə işlərinə, elektrik avadanlıqlarının quraşdırılması və təmiri işlərinə tətbiq olunan Keyfiyyəti idarəetmə sistemlərinin İSO 9001:2015 standartına uyğun olması qeyd olunmuşdur. Akt həm icraçının, həm də sifarişçinin səlahiyyətli nümayəndələri tərəfindən imza və möhürlə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli, Cavabdeh MMC-də AZS İSO 9001:2009 (İSO 9001:2015) standartı əsasında tətbiq edilən keyfiyyət idarəetmə sisteminə inspeksiya nəzarəti üçün tərtib edilmiş Audit planından görünür ki, həmin tarixdə aparılan audit planına tərəflər elektrik-məişət mallarının topdan və pərakəndə satışına, layihələndirmə işlərinə, elektrik avadanlıqlarının quraşdırılması və təmiri işlərinə Keyfiyyəti idarəetmə sisteminin AZS İSO 9001:2009 (İSO 9001:2015) standartının tələblərinə uyğunluğunun qiymətləndirilməsi üçün inspeksiya nəzarətinin həyata keçirilməsi razılaşdırılmışdır. xx.xx.2019-cu il tarixli Cavabdeh MMC-də İSO 9001:2015 standartı əsasında tətbiq edilən Keyfiyyəti idarəetmə sisteminin inspeksiya auditinin nəticələri əsasında qiymətləndirilməsi barədə aktdan görünür ki, icraçı tərəfindən xx.xx.2018-ci il tarixli müqavilə əsasında 07-xx.xx.2019-cu il tarixdə sifarişçi müəssisədə aparılmış audit yoxlamasının nəticəsində Cavabdeh MMC-də elektrik-məişət mallarının topdan və pərakəndə satışına, layihələndirmə işlərinə, elektrik avadanlıqların quraşdırılması və təmiri işlərinə tətbiq olunan keyfiyyəti idarəetmə sistemlərinin İSO 9001:2015 standartına uyğunluğunun təmin olunması üçün kadrlar şöbəsi - müəssisədə keyfiyyəti idarəetmə sistemləri ilə əlaqədə olan mütəxəssislərə İSO 9001:2015 standartının tələblərinin öyrədilməsi üzrə təlimlərin təşkil edilməsi; Keyfiyyət üzrə menecer - İSO 9001:2015 standartının tələblərinə uyğun daxili audit aparılması sahəsində təlimlərdə iştirak etməsi və səriştəliliyini təsdiq edən sənədin olması; Cavabdeh MMC-yə verilmiş uyğunluq sertifikatının qüvvədə qalıb-qalmaması məsələsinin həlli üçün bir ay müddətində müəssisədə tətbiq olunmuş keyfiyyət idarəetmə sisteminin İSO 9001:2015 standartının tələblərinə uyğunluğu ilə əlaqədar görülmüş tədbirlər haqqında İddiaçı MMC-yə məlumat verilməsi qeyd olunmuşdur. Akt icraçının səlahiyyətli nümayəndəsi tərəfindən imza edilərək təsdiq edilmiş, sifarişçinin səlahiyyətli nümayəndəsi aktı imzalamaqdan imtina etmiş və bu hal icraçının nümayəndəsi tərəfindən müvafiq qeyd aparılmaqla təsdiq edilmişdir. İddiaçı MMC xx xxxxxxx 2019-cu il tarixli, 02/P saylı məktubla pretenziya qaydasında cavabdehə müraciət edərək, müqavilə üzrə yaranmış 1000 manat məbləğində borcun ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zərurətinin yaranacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ilkin iddia üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı ilkin iddia üzrə müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında keyfiyyəti idaretmə sisteminin sertifikatlaşdırılması və 2019 və 2020-ci illər üçün sertifikatlaşdırılmış keyfiyyət idarəetmə sisteminin fəaliyyətinə inspeksiya nəzarətinin həyata keçirilməsinə dair müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərsə də, cavabdeh göstərilmiş xidmətin dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən “Sifarişçi” müqavilə imzalandıqdan sonra (işlər başlamadan öncə) avans olaraq müqavilə dəyərinin 50%-ni (500 AZN) “İcraçı” tərəfindən təqdim olunmuş hesaba əsasən 5 iş günü ərzində “İcraçı” ya köçürmə yolu ilə ödəyir. Digər məbləğ layihə tam başa çatdıqdan sonra 50% (500 AZN) miqdarında ödənilir. İcraçı və sifarişçi tərəfindən müqavilə predmetinin ilk mərhələsi üzrə öhdəliklər yerinə yetirildikdən sonra, yəni həmin müqavilənin ikinci mərhələsi üzrə icraçı tərəfindən işlərə başlanılan zaman şifarişçi tərəfindən görülmüş işlərin keyfiyyətsiz olması bildirilmişdir. Halbuki qeyd olunan mərhələ icraçı tərəfindən aparılacaq audit yoxlamasının planı həm icraçı, həm sifarişçi tərəfindən təsdiq edilmiş, habelə aparılmış audit yoxlamasının nəticəsinə dair aktla sifarişçiyə məxsus müəssisədə yerinə yetirilən xidmətlərin İSO 9001:2015 standartına uyğun olması təsdiq edilmiş, həmin akt hər iki tərəfin nümayəndəsinin imza və möhürü ilə təsdiq edilmişdir. İcraçı müqavilə öhdəliklərindən irəli gələn vəzifələri mütəmadi olaraq həyata keçirməsi məqsədi ilə verilmiş uyğunluq sertifikatı üzrə göstərilmiş kriteriyaların sifarişçiyə məxsus müəsissədə saxlanılmasına dair növbəti audit yoxlaması aparılması meyarlarına dair planı sifarişçiyə təqdim etmiş və həmin plan tərəflərin nümayəndələri tərəfindən razılaşdırılmışdır. Buna baxmayaraq, qeyd olunan plan üzrə aparılmış audit yoxlamasının nəticələrinə dair akt sifarişçiyə təqdim edildiyi zaman verilmiş İSO 9001:2015 standartı üzrə meyarların aşağı olması və bu halların aradan qaldırılmasına dair tövsiyələr, habelə edilmiş tövsiyələrə əməl edilmədiyi təqdirdə İSO 9001:2015 standartına dair sertifikatın ləğv edilməsi bildirilmişdir. Göründüyü kimi, icraçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbində tərəflər arasında bağlanmış müqavilənin, habelə xidmətlərin göstərilməsi və onların nəticəsində sifarişçiyə verilmiş sertifikatın ləğv edilməsini və göstərilmiş xidmətlərin dəyəri olaraq ödənilmiş 1000 manat məbləğin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə tələbə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə predmet baxımından spesifik xarakter daşıyır. Belə ki, müqavilənin əsasını icraçı tərəfindən sifarişçi müəssisənin göstərdiyi xidmətlərin müvafiq keyfiyyət standartına uyğun olub-olmamasının müəyyən edilməsi, uyğun olduğu təqdirdə keyfiyyəti təsdiq edən müvafiq sertifikatın verilməsi, habelə sertifikat verildikdən sonra həmin sertifikat üzrə keyfiyyət meyarının tənzimlənməsindən ibarətdir. İcraçı tərəfindən ilkin mərhələdə müvafiq audit yoxlamasının aparılması, sertifikatın verilməsi və sifarişçi tərəfindən buna müvafiq olaraq xidmət haqqının ödənilməsi işin mübahisəsiz halıdır. Belə olan halda sifarişçi tərəfindən icraçıya edilmiş 1000 manat ödənişin icraçı tərəfindən artıq göstərilmiş xidmətlər müqabilində olduğunu və həmin xidmət əsasında verilmiş sertifikat üzrə sifarişçinin 1 il müddətində fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə üzrə icraçı tərəfindən göstərilmiş xidmətlər əsasında sifarişçi müəssisə icraçı tərəfindən aparılmış sonuncu audit yoxlamasına qədər olan müddətdə faydalanmışdır. Lakin buna baxmyaraq, qarşılıqlı iddia üzrə iddiaçı əsaslandığı hallar dair yeganə səbəb olaraq icraçı tərəfindən işlərin keyfiyyətsiz görülməsi olmuşdur ki, sifarişçi həmin hala, habelə əsaslandığı digər hallara dair hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsində əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda ilkin iddia üzrə cavabdehin müqaviləyə əsasən göstərilmiş xidmətin dəyərini – 1000 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə ilkin iddia üzrə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, ilkin iddia təmin edilməli, Cavabdehndən 1000 manat (bir min) məbləğində borc və ilkin iddia verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ilkin iddia üzrə İddiaçı xeyrinə tutulmalı, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu ilkin iddia üzrə cavabdehdən tutulmalı, qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddia verilərkən ödənilmiş 30 manat dövlət rüsumu isə qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə işüzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. İlkin iddia üzrə Cavabdehndən 1000 manat (bir min) məbləğində borc və ilkin iddia verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ilkin iddia üzrə İddiaçı xeyrinə tutulsun. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar